KÖŞƏ

Zahid Rza

Bir əldə “İncil”, bir əldə silah

21 oktyabr 2022 02:38
2775

Erməni apostol kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır

Son iki yüz il ərzində erməni qriqorian kilsəsinin və katalikoslarının təlimat və göstərişləri ilə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən böyük terror aktları törədilmiş, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliam və soyqırımına məruz qalmış, yaşayış məskənlərimiz, mədəni və dini abidələrimiz məhv edilmiş, məscidlərimiz yandırılmış, təhqir olunmuşdur. Bu şər yuvasının yüz illər boyu əsas məqsədi dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə, deportasiyaya məruz qoymaq olmuşdur və bu tendensiya indi də davam etməkdədir.

2020-ci il sentyabrın 27-də başlayan, Azərbaycanın tarixi Zəfəri ilə başa çatan qırx dörd günlük müharibə zamanı erməni qriqorian kilsəsinin nümayəndələri, xüsusilə katolikos II Qaregin Ermənistan silahlı qüvvələrinin müharibə zamanı dinc əhaliyə qarşı qadağan olunmuş silah-sursatlardan istifadə olunanda nəinki səsini çıxartmayıb, əksinə, qeyri-humanist, dini, etnik və irqi ayrı-seçkilik mövqeyi nümayiş etdirərək bu cəlladların insanlıq əleyhinə yönəlik fəaliyyətinə rəvac verib. Şübhəsiz, bu silah-sursatlar Azərbaycanın münaqişə zonasından uzaq ərazilərində, şəhər və kəndlərdə yaşayan dinc sakinlərin ölümünə səbəb olub. Erməni katolikosu Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin tarixi, mədəni və dini abidələri dağıtmasına, meşələri məhv etməsinə, həmçinin su mənbələrini zəhərləmələrinə bir din xadimi, “Allah adamı” kimi də etiraz etməyib. Əksinə, II Qaregin öz sələflərinin yolunu davam etdirərək münaqişənin alovlandığı ilk vaxtlardan başlayaraq onu dini müstəviyə çəkmək, xristian-müsəlman savaşı kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır, dini-etnik ekstremist mövqe tutaraq erməniləri Azərbaycanla müharibədə iştirak etməyə çağırır. Bu da təsadüfi deyil. Belə ki, erməni kilsəsi yarandığı vaxtdan bu günə qədər dini siyasi alətə çevirərək, din pərdəsi altında terrorla məşğul olaraq ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinə rəhbərlik edib. İkinci Qarabağ müharibəsində Xudavəng monastırının keşişi Ovannes Ovannisyanın bir əlində avtomat, o biri əlində isə xaç tutması bunun bariz nümunəsi idi.

Danılmaz faktdır ki, erməni qriqorian kilsəsi hətta bir sıra erməni terror təşkilatlarının yaradılmasının baş memarı rolunu oynayıb. Ermənilər tarixən torpaq işğalı ilə yanaşı, mənəvi təcavüzə əl ataraq  bizim dini abidələrimizi də təhqir ediblər. Bu vəhşilər Qarabağda və Şərqi Zəngəzurda 30 illik işğal zamanı qəbiristanlıqları dağıdaraq, məscidlərə, ziyarətgahlara qarşı amansız rəftar göstərərək dini-mədəni abidələrimizə, bütövlükdə İslam mədəniyyətinə qarşı əsl vandal kimi davranıblar. Bu barbarlar tərəfindən hətta xristian pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi də saxtalaşdırılıb və qriqoryanlaşdırılıb. Bu gün revanşizmdən əl çəkməyən erməni qriqorian kilsəsi məhz bu vandalizmin həyata keçirilməsində mühüm rol oynayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrın 20-də Şuşada keçirilən görüşündəki çıxışında bildirib ki, erməni apostol kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bildirilib ki, uzun illər ərzində erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsi böyük təəssüf doğurur: “Bir əlində “İncil”, bir əlində avtomat, həyat deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm- revanşizmə, nifrət və təxribatlara son qoyun. Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar”.

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi, tarixi ədalət bərpa olundu. Üçrəngli bayrağımız  tarixi torpağımız olan Qarabağda dalğalandı, məscidlərin minarələrindən Azan səsləri ucaldı, müqəddəs məbədlərimiz düşmən əsarətindən qurtuldu. Qısa müddətdə işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışa start verildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmaları üçün bütün imkanlar səfərbər olunub. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin yüksək səviyyədə bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirilir.  Başı göylərə dəyən minarələrdən ucalan Azan səsləri tarixi torpaqlarımızda əbədi olacaq.