Vəli İlyasov |
Emmanuel Makron hansı üzlə ədalətdən danışır?
Maraqlı burasıdır ki, bir vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrləri olan iki ölkənin rəsmi şəxsləri indi bir-birlərini tənqid edir, sıradan çıxarmaq istəyirlər. İnsafən, qeyd etməliyik ki, bu didişməni salan və aqressivlik göstərən Fransanın Rrezidenti Emmanuel Makrondur. Ermənistanla Azərbaycan arasında yarımçıq qalan mübahisəli məsələlər barədə Makron elə məkrli təkliflər irəli sürür ki, bu, "kiçik bacı"sı Ermənistandan başqa hamı tərəfindən rədd edilir. Şahmat oyunundakı kimi Fransanın belə "at gedişi" etməsi heç kəsdə təəccüb doğurmur. Yüz ildən də artıqdır ki, bu ölkə lazım gələndə Ermənistanın qarşısında gedir, ya da arxasında durur. Çünki umacağı var. Özündən əvvəlki sələfləri kimi seçkilərdə Fransadakı ermənilərin səsini almaq xatirinə hər cür riyakarlığa və ədalətsizliyə gedən Prezident Makron da bu ənənəni əndazədən çıxaraq davam etdirir, ölkəsinin imicinin öləziməsi barədə qətiyyən düşünmür. Makronun tərəfkeşliyi və haqsız iradları Azərbaycanda olduğu kimi, Rusiyada da kəskin narazılıqla qarşılanıb. Məlumat üçün deyək ki, Makron bir neçə gün əvvəlki çıxışlarının birində bildirib ki, Rusiya Qafqazda sabitliyi pozur və Ermənistanla Azərbaycan arasında sülh prosesinə mane olur. Sonra o, ermənilərə olan "sevgi"sini də "izhar" edib.
“Fransanın İrəvanı dəstəkləmək cəhdləri tamamilə ikiüzlülükdür”.
Bunu mətbuata açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib. “Ehtimal etmək olar ki, bu dəstək sabitliyi pozmağa və Cənubi Qafqazda əsas sülhməramlı olan Rusiyanın səylərini gözdən salmağa yönəlib”, - o vurğulayıb.
Rusiyalı ekspert hesab edir ki, Fransa Prezidenti Emmanuel Makronla çox az ölkə hesablaşır və Paris təsirini itirir: “Fransanın, ilk növbədə anti-Rusiya sanksiyaları nəticəsində böyük iqtisadi problemləri var. İrəvanın yerinə olsaydım, onun köməyinə ümid etməzdim”.
Mixaylov əlavə edib ki, Qərb və ABŞ “geosiyasi oyunlardan doyduqdan” sonra İrəvan həll olunmamış problemləri ilə baş-başa qalacaq və vəziyyəti sabitləşdirmək üçün geri qayıtmağa və Moskvadan kömək istəməyə məcbur olacaq: “Azərbaycan uzun müddətdir anlayır ki, Fransa Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı deyil. Üstəlik, son vaxtlar bütün diplomatik səylər ABŞ-ın himayəsi altında həyata keçirilir. O, ilk növbədə Rusiyanın Ermənistanda və bütün Cənubi Qafqazda təsirini zəiflətməkdə maraqlıdır”.
Xatırladaq ki, son zamanlar Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Sülhə aparan sonuncu məsələlərin çözüldüyü bir vaxtda Fransa başçısı çağırılmamış qonaq sifəti ilə müzakirələrə yersiz müdaxilə edərək məsləhətlər verir, təkliflər irəli sürür. Makronun iştirakına heç bir ehtiyac olmadığı halda o, özünü guya çox lazımlı bir fiqur kimi ortaya atıb. Halbuki, onun nə özünə, nə də sözünə ehtiyac yoxdur. Əslində Fransanın belə məsələlərə qarışmasına yeritdiyi şovinist ideologiya və işğalçılıq siyasəti yol vermir. Çünki bu ölkə yüz illərdir ki, Afrikadakı kiçik zəif ölkələri, Ruanda və Əlcəzair xalqlarını, xırda adalarda yaşayan azsaylı millətləri müstəmləkə zülmü altında inlədir, o ölkələrdə qanlı qırğınlar törədir, sərvətlərini zorakı üsullarla əlindən alırdı. Bütün bunlardan sonra Emmanuel Makron hansı üzlə ədalətdən danışır?
Bir ovuc erməninin əlində əsir-yesir olan Fransa başçısı prezidentlik kürsüsündə qalmaq üçün xalqların taleyi ilə oynamaqdan utanmaq əvəzinə hələ də “üzüqırmızılıq” edir, başqalarına badalaq gəlməyə çalışır. Deyir ki, biz erməniləri sevirik, onları tək qoymayacağıq. Ancaq bunlar saxta sözlərdir. Əgər bu dövlətin rəhbərləri həqiqətən ermənilərə “bir könüldən min könülə aşıq” olubsa onda Fransadakı 700 min erməniyə ərazisində müstəqil dövlət qurmağa icazə versin. Verərmi? Əlbəttə, verməz. Ona görə də böyük bir dövlətin rəhbərinə yalan danışmaq, blef gəlmək yaraşmır. O cür yüksək səviyyədə təmsil olunan kəs özünü elə həmin səviyyəyə də uyğun aparmalıdır. Apara bilmirsə, deməli, layiq olduğu yerdə deyil.
Əslində Ermənistanın zəncirini əlində saxlamaqla Fransa “donuzdan bir tük çəkmək də qənimətdir” məsəlinə uyğun olaraq onun vasitəsi ilə nələrəsə nail olmaq istəyir. “Nələrsə” Cənubi Qafqazda ayağına yer eləmək, öz dövlət məqsədlərini həyata keçirməkdir. Bu isə baş tutan sövdə deyil. Çünki bu regionda onu ermənilərdən başqa kimsə arzulamır. Azərbaycan xalqı bu dövlətin kin-küdurətlə apardığı otuz beş illik anti-Azərbaycan siyasətinin acılarını yaşayıb. Ona görə də ermənilərin “quyruğunda” buralara sızmasına icazə vermir. Fransa bunu özü də yaxşı bilə-bilə əl çəkmək istəmir ki, istəmir. Üzə-astara bax da!