Zahid Rza |
Təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan yenə də qorxa-qorxa ora bura zəng edir, yenə də kimlərəsə yalvarır
2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük müharibədən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya sənədinə imza atan Ermənistan yenə də öz məkrli niyyətlərindən əl çəkməyir. İşğalçı ölkə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına ciddi-cəhdlə mane olur.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatları bir daha göstərdi ki, bu ölkə öz təcavüzkar siyasətindən əl çəkməyib. Belə ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları həmin gün qaranlıqda ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Həmçinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib. Məhz erməni təxribatçı-terrorçularının bu əməllərinin qarşısının dərhal alınması məqsədilə ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib və təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası ağır itkilərə məruz qalıb. Belə ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib ki, onların dəyəri yarım milyard dollardan çoxdur. Həmçinin təcavüzkar ölkənin sərhədyanı ərazilərdə olan bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib.
Təbii ki, təxribata əl atan Ermənistan silahlı qüvvələri həmin gecə öz layiqli cəzalarını alıblar. Azərbaycan Ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb. İlk növbədə Ermənistanın Azərbaycanla sərhəddə qurmaqda davam etdiyi və ölkəmizə qarşı təhdid yarada biləcək hərbi infrastruktur darmadağın edildi. Onun bərpasına bundan sonra ən azı 4-5 il vaxt lazımdır.
Bütün bunların fonunda buradaca belə bir sual ortaya çıxır: Görəsən, nədən Ermənistan 2020-ci il 10 noyabr Bəyanatında-kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə bu cür qanlı təxribatlara əl atır? Məsələ burasındadır ki, təcavüzkar Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz məsələ ilə bağlı bildirib ki, Ermənistan məğlub bir dövlət, məğlub bir ordu kimi kapitulyasiya aktının müddəalarını yerinə yetirməmək üçün zaman qazanmağa çalışır. Həmçinin bu cür təxribatlarla bölgədəki abadlaşdırma, infrastruktur layihələrinin icrası, iqtisadi dirçəliş və böyük qayıdışın önünə keçməyə, bu prosesləri ləngitməyə çalışır.: “İkinci məsələ isə bu bölgədə Azərbaycan dövləti tərəfindən sürətli bir təhdid olduğunu, münaqişə vəziyyətinin olduğunu, bu bölgənin təhlükəsiz olmadığını və BMT kimi, Avropa Birliyi kimi ünsürlərin bu bölgədə tədbir görməsi gərəkdiyini, ATƏT-in Minsk qrupunun yenidən dirildilməsi gərəkdiyini düşünərək bu bölgəni yenidən bir münaqişəli vəziyyət, güvənsizlik və risk bölgəsi kimi göstərməyə çalışır”.
Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib ki, silahlı insidentin mənbəyi Ermənistan tərəfidir və onun silahlı təxribatıdır: “Azərbaycanın hərəkətləri isə cavab və məcburi xarakter daşıyır, “özünümüdafiə” kateqoriyasına daxildir. Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il bundan qabaq nə vəziyyətdə idisə, indi də həmin vəziyyətdədir- revanşizm, təhdidlər və təxribatlar”.
Birmənalı demək olar ki, sentyabrın 12-13-də gecə saatlarında baş verənlər Ermənistanın ardıcıl xarakter daşıyan avantüraları və təxribatlarının nəticəsidir. N. Paşinyan Vladivostokdakı çıxışında faktiki olaraq bu avantüranı anons etmişdir.
Ataların belə bir sözü var: “Sən saydığını say, gör fələk nə sayır”. .Bəli, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də qorxa-qorxa ora bura zəng edir, yenə də kimlərəsə yalvarır. O, Fransa lideri Emmanuel Makrona zəng edərək sərhəddə baş verən toqquşmalarla bağlı Makrona şikayətlənib. N.Paşinyan, həmçinin Rusiya prezidenti Vladimir Putinə və İran prezidenti İbrahim Rəisiyə də zəng edib. Ermənistanın baş naziri anlamır ki, osmanlı qardaşlarımız demişkən, “Qorxunun əcələ faydası yoxdur”. Bir də ki, qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur. Lakin ölkəmizin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da ən qətiyyətli tədbirlər görüləcək. Sentyabrın 12-də də şəhidlərimizin qanı qisassız qalmadı, təcavüzkar Ermənistana “Qətiyyətli cavab” verildi.