Zahid Rza |
Bu gün sosial şəbəkələrdəki iyrənc vəziyyət bir daha sübut edir ki, Azərbaycan əleyhdarı olan bəzi xarici kəşfiyyat xidmətləri və ermənipərəst dairələr, “sapı özümüzdən olan baltalar”dan, xəyanətkar antimilli ünsürlərdən ibarət geniş bir “nüfuz agenti” şəbəkəsi formalaşdırıblar. Satqın, avantürist, mənsəbpərəst, milli mənlik şüurundan məhrum olan belələri ölkəmizdə baş verən təbii fəlakət, fövqəladə hallar və qəzalar zamanı qarğa-quzğun kimi sosial şəbəkələrə səpələnərək ağalarından aldıqları sifarişlər əsasında feyk xəbər və yorumlarla ictimai rəyi çaşdırmaqla, əhalini itaətsizliyə çağırmaqla ölkədə xaos və anarxiya yaratmaq üçün gecə-gündüz demədən, nəfəs dərmədən öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndirirlər.
Əminliklə demək olar ki, dağıdıcı müxalifət düşərgəsinin başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, peşəkar avantürist Nemət Pənahlı, Müsavat Partiyasının fəalı, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, eləcə də Avropanın müxtəlif ölkələrində, ABŞ-da mühacir statusu adı altında məskunlaşan Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı, psixi xəstə Vidadi İsgəndərli kimilərin sosial şəbəkələrdəki antimilli çıxışları əslində başıpozuq bir dəstənin, merkantil şəbəkənin xaotik özfəaliyyəti yox, Azərbaycan əleyhdarlarının, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir proses, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Bütün bunların kökündə isə ölkəmizin müstəqil siyasət yürütməsini, sabitlik adası olmasını həzm edə bilməyən dairələrin qısqanclıqla yanaşması dayanır.
Cəmiyyətdə heç bir rolu, dəqiq ideya mövqeyi, sosial bazası, ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin çayxana təfəkküründən, küçə, daş-kəsək psixologiyasından əl çəkə bilməyən, lidersizlik sindromundan əziyyət çəkən, müasir çağırışlara cavab verə bilməyən, öz köhnəlmiş, mağara təfəkkürü ilə xalq tərəfindən ikrahla qarşılanan bugünkü dağıdıcı müxalifət hələ də yeniləşə, milliləşə bilmir. Məhz buna görə də həmin “köhnə qavardiya”nın nümayəndələrindən olan AXCP sədri Əli Kərimli, onun tapşırıq və göstərişlərini yerinə yetirən, ahıl yaşında onun bir barmaq işarəsi ilə oturub-qalxan “Milli Şura”nın sədri Cəmil Həsənli kimilər bu gün meydanda tək qalıblar. Onların dağıdıcı fəaliyyəti, “beşinci kolon” kimi öz şəxsi ambisiyaları naminə milli maraq və mənafelərimizə zərbə vurmaları, anti-Azərbaycan dairələrlə işbirlikləri, ölkənin siyasi arenasındakı sivil, konstruktiv müxalifətdən, sağlam qüvvələrdən uzaq düşmələri, cəmiyyətdə daim süni gərginlik yaratmaq cəhdləri və digər belə neqativ hallar təbii ki, radikal müxalifətin sıralarının gündən-günə seyrəlməsinə, gənclərin bu qurumlardan uzaqlaşmasına gətirib çıxarıb.
Xüsusilə qeyd edək ki, son zamanlar siyasi mübarizə adı altında təhqir və söyüş hallarına da rast gəlirik ki, bu, nəinki siyasi, ümumən əxlaqi dəyərlərə belə uyğun olmayan ləyaqətsiz bir metoddur. Bu hərəkətlərə yol verən istənilən şəxs kimliyindən asılı olmayaraq cəmiyyət üçün müsbət nümunə ola bilməz. Bu gün sosial şəbəkələrdə söyüş və təhqir yolunu seçən bu antimilli qüvvələr və onların xarici emissarları artıq fiaskoya uğradıqlarının fərqindədirlər. Çünki maraqlı xarici dairələrin sifarişi ilə Azərbaycana qarşı olan planların alətinə çevrilmiş bu azsaylı qrupun əsl məqsəd və siması xalqımıza çox yaxşı bəllidir. Azərbaycan xalqı kimin kim olduğunu, hansı məqsədlərə kökləndiyini çox yaxşı bilir. Ermənipərəst mərkəzlərin “kukla”sına çevrilən bəzi mühacirlər və daxildəki dağıdıcı ünsürlər də bilməlidirlər ki, bu yolla onlar heç bir niyyətlərinə çata bilməyəcəklər.
Radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli kimilər bilməlidirlər ki, xalqa yaşatdıqları ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri nəhayət anlamalıdırlar ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri tarixin yaddaşından heç vaxt silinməyəcək.