Zahid Rza |
Azərbaycan 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq əzəli və əbədi yurdumuz Qarabağı təcavüzkar Ermənistanın 30 illik işğalından azad etdi. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə BMT kimi ali qurumun qəbul etdiyi qətnamələri yerinə yetirməyən işğalçı Ermənistanın silahlı qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən darmadağın edildi. Qarabağın tacı Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da ərazi bütövlüyümüz təmin edildi və Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlayan Azərbaycan öz gücü, qüdrəti ilə bu gün Qarabağın bərpasını uğurla həyata keçirir.
Ölkəmizin əldə etdiyi nailiyyətlərdən narahat olan xarici anti-Azərbaycan qüvvələr və daxili antimilli ünsürlər respublikamızın əleyhinə qara piar kampaniyasını daha da genişləndiriblər. Anti-Azərbaycançı dairələr və erməni lobbisi dəridən-qabıqdan çıxaraq xaricdə ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Onlar bu məkrli və şərəfsiz işdə özlərinin Azərbaycandakı “beşinci kolon”u olan dağıdıcı müxalifətdən maksimum dərəcədə faydalanmağa çalışırlar.
Erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının tezislərini icra edən dağıdıcı müxalifətin təmsilçiləri və onların xarici ölkələrdə ki əlaltıları sosial şəbəkələrdə, o cümlədən “YouTube” və “Facebook”da ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təsadüfi deyil ki, bu gün Ermənistan mətbuatı da bu məsələlərlə bağlı bütün potensialını ortaya qoyaraq respublikamızın əleyhinə qarayaxma kampaniyası aparır. Bu isə onu deməyə əsas verir ki, antimilli ünsürlər Azərbaycan əleyhdarları, erməni lobbisi, işğalçı Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar.
Azərbaycan əleyhdarları və onların əlində maşa olan “sapı özümüzdən olan baltalar”ın, xaricdə məskunlaşan “siyasi mühacirlər”in bu mənfur əməllərinə, çirkin fəaliyyətlərinə ciddi şəkildə etiraz edən vətəndaşlarımız bu xəyanətkarların layiqli cavabını verirlər. Ağı qaradan seçməyi bacaran ictimaiyyətimiz yaxşı anlayır ki, dağıdıcılığı “siyasi mübarizə” kimi seçən, ölkəmizin nailiyyətlərini, inkişafını, tərəqqisini, dünyada söz sahibinə çevrilməsini inkar edən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, onların marionetkası olan Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun, Qənimət Zahidin Sevinc Osmanqızının və digərlərinin söylədikləri şər-böhtandan, əsassız iddiadan, siyasi populizmdən, əməlləri isə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bu cütlüyün, eləcə də onların rəhbərlik etdikləri, AXCP və “Milli Şura”da təmsil olunanların əsas bəlası isə uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan mərhum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. Antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların sifariş və tapşırıqlarını yerinə yetirən AXCP sədri Ə.Kərimli, “Milli Şura”nın rəhbəri C.Həsənli və onların tör-töküntüləri çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.
Korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əlehydarlarının beş-on quruşuna satan, başda AXCP sədri, xəyanətkar xislətli Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli olmaqla dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi qaçınılmaz prosesə çevrilib. Bu qaragüruhçuların hazırda Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum, orduxan teymurxanlarla, məhəmməd mirzəlilərlə, tural sadıqlılarla, vidadi isgəndərlilərlə sıx işbirliyi içərisində olmaları da hamımıza məlumdur. Saxta “müxalifətçilik” hekayətləri çoxdan bitən, antimilli missiyalarını ləyaqətsizcəsinə davam etdirən, çoxdan fatihəsi verilən və siyasi meyitə çevrilən Ə.Kərimli-C.Həsənli-T.Yaqublu qaragüruhu çoxdan “Tükənmə sindromu”na mübtəla olub. Bu sindromun əlamətlərini isə hamıdan çox məhz bu qaragüruhçu dəstənin üzvləri daha yaxşı bilirlər. Bu əlamətlər adamın özünə böyük hədəflər qoyub daha sonra istədiklərini əldə edə bilməyib məyus olması, yorulduğunu və enerjisinin tükəndiyini bilməsi, eləcə də depressiv hisslər, özünü dəstəksiz hissetmə, gərginlik, əsəbilik, səbirsizlik, narahatlıq kimi mənfi hisslərin çoxalması kimi izah olunur.
Əlavə şərhə ehtiyac varmı?..