Zahid Rza |
Dağıdıcı müxalifət düşərgəsində bu vəziyyət yay fəsli və havaların isti keçməsi ilə əlaqədar deyil
Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş dağıdıcı müxalifət düşərgəsində quraqlıqdır. Ancaq bu quraqlıq yay fəsli və havaların isti keçməsi ilə əlaqədar deyil. Belə ki, istər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlərin Azərbaycana qarşı təxribatçı, yalançı-kamufulyajlı təbliğatları həqiqətlərin qarşısında tab gətirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılıb gedir. Çünki ötən əsrin 90-cı illərindən fərqli olaraq bu gün cəmiyyəti boş vədlər, çılğın çağırışlar, populizmlə siyasi avantüralara cəlb etmək mümkün deyil. Bu gün cəmiyyətin ən fəal təbəqəsi olan Azərbaycan gəncliyi də kifayət qədər yetkindir və bütün prosesləri analiz etmək qabiliyyətindədir.
Həqiqətlər ortaya çıxdığı üçün heç kim yalanlara inanmır. Bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar.
Bu gün sosial şəbəkələrdəki iyrənc vəziyyət bir daha sübut edir ki, Azərbaycan əleyhdarı olan bəzi xarici kəşfiyyat xidmətləri və ermənipərəst dairələr, “sapı özümüzdən olan baltalar”dan, xəyanətkar antimilli ünsürlərdən ibarət geniş bir “nüfuz agenti” şəbəkəsi formalaşdırıblar. Satqın, avantürist, mənsəbpərəst, milli mənlik şüurundan məhrum olan belələri ölkəmizdə baş verən təbii fəlakət, fövqəladə hallar və qəzalar zamanı qarğa-quzğun kimi sosial şəbəkələrə tökülüşərək ağalarından aldıqları sifarişlər əsasında feyk xəbər və yorumlarla icitimai rəyi çaşdırmaqla, əhalini itaətsizliyə çağırmaqla ölkədə xaos və anarxiya yaratmaq üçün gecə-gündüz demədən, nəfəs dərmədən öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndirirlər.
Bütün bunlar bir daha təsdiq edir ki, dağıdıcı müxalifət düşərgəsinin başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının fəalı, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, eləcə də Avropanın müxtəlif ölkələrində, ABŞ-da mühacir statusu adı altında məskunlaşan Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı, psixi xəstə Vidadi İsgəndərli kimilərin sosial şəbəkələrdəki antimilli şüarları, çıxışları əslində bir başıpozuq dəstənin, merkantil şəbəkənin xaotik özfəaliyyəti yox, Azərbaycan əleyhdarlarının, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir proses, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Bütün bunların kökündə isə ölkəmizin müstəqil siyasət yürütməsinə, sabitlik adası olmasına ölkəmizin əleyhdarı dairələrin qısqanclıqla yanaşması dayanır.
Şübhəsiz, həmişə olduğu kimi, bu dəfə də anti-Azərbaycan dairələrin “sapı özümüzdən olan baltalar”la birlikdə ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyası iflasa uğradı. Ölkəmizdəki güclü xalq, güclü dövlət, güclü lider vəhdəti bundan sonra da həmin məkrli dairələrin, anti-Azərbaycan qüvvələrin respublikamızın əleyhinə yönələn bütün cəhdlərini darmadağın edəcək, xəyanətkar ünsürlər ifşa olunacaqlar.