KÖŞƏ

Zahid Rza

İnklüziv, təhlükəsiz, dözümlü…

28 iyun 2022 23:58
2433

Yağı düşmənin təxminən 30 illik işğal dövründə viran qoyduğu Qarabağ bu gün ölkə başçısının rəhbərliyi ilə sürətlə dirçəlir, yenidən qurulur

Azərbaycan xalqı ikinci ildir ki, 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Gününü qalib xalq kimi qeyd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu əziz bayram günündə Kəlbəcər və Laçın rayonlarına səfər etməsi, komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirakı mühüm əhəmiyyət kəsb edir.  Bundan əvvəl ölkə başçısının mayın 27-də-Müstəqillik Günü ərəfəsində Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı oldu. Bütün bunlar-işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünün göstəricisidir.

Hazırda işğaldan azad edilmiş ərazilər düşmənin basdırdığı minalardan təmizlənir, hərtərəfli şəkildə elektrik enerjisi ilə təchiz olunur. Eyni zamanda, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib.

Bu günlərdə Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edir: “Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır”.

Ölkə başçısı, həmçinin qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir Ümumilikdə, yenidənqurma prosesində Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Mədəniyyət paytaxtımız Şuşada ötən bir ilyarımda çox böyük işlər görülüb. Hazırda bu tarixi diyarımızda bərpa işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov mətbuata açıqlamasında bildirib ki, Şuşanın bərpası işləri il yarımdan çoxdur, davam edir. Tarixi obyekt kimi bərpa olunur, yeni infrastruktur qurulur. Həmçinin üç məsciddə və bir sıra digər tarixi yerlərdə işlər davam etdirilir. Şuşada həmçinin ilk yaşayış kompleksinin tikintisinə də başlanılıb. Yaxın gələcəkdə şəhərin infrastrukturunun inkişafı üçün daha bir neçə yeni layihə həyata keçiriləcək. Bunlar elektrik təchizatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasıdır. Onların layihələndirilməsi tamamlanma mərhələsindədir. Bundan başqa, Şuşada beşulduzlu otelin tikintisi davam edir.

Bəli, yağı düşmənin təxminən 30 illik işğalı zamanı viran qoyduğu Qarabağ bu gün ölkə başçısının rəhbərliyi ilə sürətlə dirçəlir, yenidən qurulur. Bütün bunlar hər birimizə böyük sevinc və qürur hissi yaşadır.