KÖŞƏ

Zahid Rza

Bildirçinin bəyliyi darı sovulana kimidir…

11 iyun 2022 03:03
2571

Savadsız, səriştəsiz, heç bir dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olmayan “bəylər”in yarıtmaz idarəçiliyi dövründə Azərbaycan  müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdır

Müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs və şirin nemətdir. Çox təəssüf ki, ötən əsin 90-cı illərin başlanğıcında, yəni, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edənlərin, xüsusilə AXC-Müsavat hakimiyyəti “liderləri”nin naşılığı, səriştəsizliyi, diletantlığı, ən nəhayət bağışlanmaz xəyanəti nəticəsində xalqımız yenidən müstəqilliyini  itirmək təhlükəsi ilə üzləşdi.

1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkədə xaos, anarxiya, hərc-mərclik baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olmayan “bəylər”in yarıtmaz idarəçiliyi respublikanı dərin böhrana sürükləyirdi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. İqtisadiyyat dağılıb gedirdi. İnflyasiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, o zamankı dövlət başçısı Əbülfəz Elçibəy 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev “olum, ya ölüm” dilemması ilə qarşı-qarşıya qalan  Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, çirkli siyasi oyunların məngənəsindən çıxardı,  xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Ümummilli Lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. Ulu Öndərin gərgin və titanik fəaliyyəti Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirildi, sözün həqiqi mənasında dövlətçiliyin əsasları qoyuldu, respublikanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Bir sözlə, respublikadakı hakimiyyətsizlik aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.

Bu gün radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli kimilər bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri tarixin yaddaşından heç vaxt silinməyəcək.

Cəmiyyətdə heç bir rolu, dəqiq ideya mövqeyi, sosial bazası, ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin çayxana təfəkküründən, küçə, daş-kəsək psixologiyasından əl çəkə bilməyən, lidersizlik sindromundan əziyyət çəkən, müasir çağırışlara cavab verə bilməyən, öz köhnəlmiş, mağara təfəkkürü ilə xalq tərəfindən ikrahla qarşılanan bugünkü dağıdıcı müxalifət hələ də yeniləşə, milliləşə bilmir. Məhz buna görə də həmin “köhnə qavardiya”nın nümayəndələrindən olan AXCP sədri Əli Kərimlinin, onun tapşırıq və göstərişlərini yerinə yetirən, ahıl yaşında onun bir barmaq işarəsi ilə oturub-qalxan “Milli Şura”nın sədri Cəmil Həsənli kimilər bu gün meydanda tək qalıblar. Onların dağıdıcı fəaliyyəti, “beşinci kolon” kimi öz şəxsi ambisiyaları naminə milli maraq və mənafelərimizə zərbə vurmaları, anti-Azərbaycan dairələrlə işbirlikləri, ölkənin siyasi arenasındakı sivil, konstruktiv müxalifətdən, sağlam qüvvələrdən uzaq düşmələri, cəmiyyətdə daim süni gərginlik yaratmaq cəhdləri və digər belə neqativ hallar təbii ki, radikal müxalifətin sıralarının gündən-günə seyrəlməsinə, gənclərin bu qurumlardan uzaqlaşmasına gətirıb çıxarıb.

Şübhəsiz, bütün bunlar yeniləşməyi bacarmayan, xalqın inam və etimadını itirən, marginallaşaraq cəmiyyətdən təcrid olunan, təkamülü, inkişafı inkar edərək ölkəni aclıq, səfalət, dağıntılar gətirən qanlı inqilablara sürükləməyə çalışan, necə deyərlər, çayın öz məcrasından çıxıb dağıdıcı bir selə çevrilməsini arzulayan və mənəvi süquta uğrayan radikal müxalifətin tezliklə siyasi səhnəni tərk edəcəyini, tarixin tozlu arxivinə atılacağını qaçılmaz edir. Onların yerində isə yeni dövrün çağırışlarına cavab verən, sivil siyasi mübarizə metodları və formaları ilə fəaliyyət göstərən yeni bir müxalifət olacaq: çağdaş tərzdə düşünən, milli maraqları şəxsi ambisiyalarından üstün tutan, Vətən təəssübü çəkən, əsl vətənpərvər, demokratik bir müxalifət!