KÖŞƏ

Zahid Rza

Azərbaycan-Türkiyə münasibətləri: Uca zirvələr fəth edilir

03 iyun 2022 02:35
1641

Bu gün dostluq, qardaşlıq və həmrəyliyə söykənən Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvələri fəth edir. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində  Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdikləri mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın ən bariz nümunəsidir. Həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Hazırda Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.”

Qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.

Qırx dörd günlük Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bildirib ki, Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam etdiriləcək. 2022-ci il may ayının 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının növbəti əyani təcəssümüdür. Prezident İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalındakı çıxışında  Azərbaycan-Türkiyə qardaşlığından bəhs edərək ölkələrimizin hər zaman, istər yaxşı günlərdə, istərsə də çətin günlərdə bir-birinin yanında olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsini tarixi hadisə adlandırdı. Bundan başqa, Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır. Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.

Bu günlərdə ADA Universitetində Azərbaycan Respublikası Milli Məclisinin, Türkiyə Cümhuriyyəti  Böyük Millət Məclisinin və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi baxımından olduqca vacibdir. Bu konqres, həmçinin qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Konqresdə həmçinin vurğulanıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Konqresdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, 30 illik işğaldan sonra Qarabağ torpaqları öz sahiblərinə qovuşub. Uzun illər davam edən işğalın acı nəticələrinin, Xocalı soyqırımının və digər qətliamların sosial elm adamları tərəfindən dəyərləndirilməsinə ehtiyacımız var: “Konqres iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər. Mən o ərazilərə səfər etmişəm. Orada ermənilər tərəfindən törədilən dağıntılar onların nə qədər mədəniyyət, təbiət düşməni olmasını göstərir. Sosial elm adamları da o ərazilərə səfər edəcək və bütün bunları öz gözləri ilə görəcəklər”.

Bəli, iki qardaş ölkə arasında əlaqələr gündən-günə möhkəmlənir.  Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərləri Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Qarabağın tacı olan Şuşa şəhərində iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü idi.  Həmçinin Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi qardaşlığımızın və birliyimizin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.