KÖŞƏ

Zahid Rza

Azərbaycan tək deyil

26 may 2022 00:58
2310

Ankara Bakıya qardaş...

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım: “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Rəcəb Tayyib Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur.Tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Bəli, bu gün Türkiyə-Azərbaycan münasibətləri öz tarixinin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bir birinə bu qədər yaxın olmayıblar. Vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam şəkildə Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tamamilə realizə olunur. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın yürütdükləri siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. Bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sayəsində bütün istiqamətlərdə müstəqil qərar verən,  milli maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran  güclü dövlətlərdir.

Danılmaz faktdır ki, 1993-cü ildə Kəlbəcər işğal olunarkən Azərbaycanın həmin dövrdə Prezidenti olan Əbülfəz Elçibəy Türkiyə Cümhuriyyətinin Prezidenti olan Süleyman Dəmirəldən iki mülki helikopter istədiyini, ancaq NATO-nun razılığı olmadığı üçün Türkiyənin mülki helikopterləri verə bilmədiyini bildirmişdi. Bu barədə  qardaş Türkiyə Cümhuriyyətinin sabiq baş naziri, hazırda hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım bildirib: “Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Rəcəb Tayyib Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. R.T. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi. Türkiyə bu mövqeyə asanlıqla gəlməyib. Biz insanların göz rənglərinə deyil, göz yaşlarına baxırıq. Bu göz yaşları həmişə eyni rəngdədir. Odur ki, biz türk dövlətləri olaraq həmişə həmrəy olacağıq”,

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində  təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə dövləti verdi. Türkiyə Prezident, XİN-in başçısı, Milli müdafiə naziri, Milli İstihbarat Təşkilatı- bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldular və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadırlar. Qardaş Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir belə iki dövlət tapılmaz ki, bir-birinə bu cür dəstək versin. “Bir millət, iki dövlət” meydanda da özünü açıq şəkildə göstərdi və göstərməkdədir. Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günündən sonuna qədər “Dost və qardaş Azərbaycanın yanın­dayıq, yanında olmağa davam edəcəyik” dedi.  Qar­daş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, düşünülmüş diplo­matik gedişləri, xüsusən “... Əgər bu münaqişədə qırmızı xəttimiz keçilərsə, inciməsinlər, babamızın oğlu da olsa, gözümüz görməz” ifadələri Azərbaycanın işğalda olan ərazilərini qaytarmaq uğrun­da aparılan müharibənin uğurları­na böyük təsir göstərdi.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması bunun əyani təsdiqidir. Qarabağın tacı Şuşa şəhərində iki dost arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. İki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Azərbaycan və Türkiyənin liderliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı kimi dəyərləndirilir. 

44 günlük Vətən müharibəsinin uğurlu davamı olan Şuşa Bəyannaməsi, həmçinin ermənilərə və onların havadarlarına da tutarlı bir cavab oldu. Bununla da Qarabağ məsələsinin başa çatdığı, münaqişənin tamamilə həll olunduğu qətiləşdirildi. Bu tarixi sənədin imzalanması bir daha təsdiq etdi ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir. Bütün bunlar hamımızı qürurlandırır…