KÖŞƏ

Elçin Zaman

“Təcili qrant” əməliyyatı

13 may 2022 02:57
4445

Son günlər Azərbaycandakı «5-ci kolon»un fəallaşması xüsusi diqqət çəkir. Həm də bu elə bir vaxtda baş verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağı beynəlxalq tribunalardan və Ermənistan parlamentindən açıq mətnlə bəyan edir. Belə bir məqamda ölkəmizdəki «5–ci kolon» cidd-cəhdlə dünyaya bəyan etməyə çalışır ki, guya Azərbaycanda insan hüquqları davamlı olaraq pozulur, ictimai fəallara basqılar təşkil edilir və s.

Bir faktı da nəzərə çatdırmalıyq ki, ABŞ-ın «NED-National Endowment for Democracy»  Fondunun Azərbaycan üçün 2022- ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235  dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları  Bakıda və regionlarda vətəndaş cəmiyyətinin aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsinə yönəldilib.

Fondun 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlar isə təcili hesab olunur və may ayının 25-dək  ünvanlarına çatdırılması nəzərdə tutulur. İndi məlum olur ki, həmin təcili qrant vəsaitlərini mənimsəməyə çalışan «5-ci kolon» jurnalist Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini geniş şəkildə qabartmaqla Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərir.

Məlumdur ki, iyun ayının  10-12-də Bakıda Formula-1 beynəlxalq idman yarışması keçiriləcək. Jurnalist Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsinə ABŞ-ın Azərbaycandakı səfirliyinin dərhal reaksiya verməsi, hətta bu hadisənin ABŞ Dövlət Departamentinədək çatdırılması və ən nəhayət bunların  nəticəsi olaraq həmin «fəalların» Bakıda aksiya təyin etməsi bir daha qaranlıq məqamlara aydınlıq gətirir. Görünən odur ki, onlar Formula-1 beynəlxalq idman yarışmasının keçiriləcəyi günlərdə təşkil olunacaq anti-Azərbaycan kampaniyası üçün «fakt-əsaslar» yaradırlar.

Maraqlıdır ki, artıq bir həftədir Ermənistanda aksiyalar səngimir. İnsanların, ictimai fəalların həbsi, döyülməsi, aksiyaların qəddarcasına dağıdılmasına dair onlarla faktlar var. Amma nə ABŞ-ın İrəvandakı səfirliyinin, nədə ki, Birləşmiş Ştatların Dövlət Departamentinin bu məsələyə lazımi reaksiya vermədiyinin şahidi olduq. Sanki Ermənistanda heç bir hadisə baş vermir. Hazırda Azərbaycana qarşı çirkin iddiaların əsasında duran səbəblərdən biri də Ermənistanda «Sorosun uşaqları»nın törətdiyi özbaşınalıqlardan diqqəti yayındırmaqdır. Ermənistanda baş verən bu biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasına ancaq bir ad vermək olar- azərbaycanofobiya…

Bütün bunlar bir daha göstərir ki, Qərbdəki ermənipərəstlər xüsusilə ABŞ Dövlət Departamentindəki Viktoriya Nuland kimilər ölkəmizin  44 günlük müharibədə şanlı Qələbəsini, mövcud inkişafını, beynəlxalq nüfuzunu, fəallığını hələ də  həzm edə bilmirlər. Ona görə də eyni kobud metodlarla, eyni bəsit və heç bir tənqidə dözməyən səbəblərlə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edirlər.  Düzdür,  Azərbaycan ictimaiyyəti belə çirkin oyunları çox görüb və onların ölkənin ictimai rəyinə təsir edəcəyini, bununla hansısa məqsədlərə nail olunacağını düşünənlər növbəti dəfə yanılacaqlar.

Bir sözlə, Ermənistandakı xaos və qeyri- demokratik mühiti görməyən  ABŞ-ın Azərbaycana demokratiya «dərsi» keçməyə haqqı yoxdur.