KÖŞƏ

Zahid Rza

Qərbin qarayaxma kampaniyası: Klassik metodlar, bəsit arqumentlər

12 may 2022 01:15
1439

Hazırda Azərbaycana qarşı iddiaların əsasında duran səbəblərdən biri də, Ermənistanda “Sorosun uşaqları”nın törətdikləri özbaşınalıqlardan diqqəti yayındırmaqdır

Son zamanlar sosial şəbəkələr üzərindəki müşahidələr bir daha göstərir ki, Azərbaycana, onun uğurlarına qənim kəsilən, qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri həzm edə bilməyən ermənipərəst qüvvələrə qulbeçəlik etməklə cəmiyyətin qınaq obyektinə çevrilən antimilli ünsürlər öz mənfur əməllərindən əl çəkmək niyyətində deyillər. Anti-Azərbaycan şəbəkənin himayəsi altında olan S. Osmanqızının “Osmanqızı tv”də, T. Sadıqlının “Azad söz”də, Q. Zahidin “Azərbaycan saatı”nda, AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, nəyin nəsi olduğu bugünə kimi bəlli olmayan Emin Hüseynovun  “YouTube”də, “Facebook”da Azərbaycana qarşı şər-böhtan kampaniyasının dozasını artırmaları bunun əyani təsdiqidir.

Təbii ki, bütün bunlar təsadüfi deyil.  Özünü “demokrat”, “insan hüquqları müdafiəçisi” adlandıran bu xəyanətkar “5-ci kolon”un təmsilçiləri  milli maraqları tapdalayaraq birmənalı olaraq xarici dövlətlərin sifarişlərini icra edirlər. Bu  mənəviyyatsız satqınların ipini əllərində tutan bəzi dairələr həmişə Azərbaycanda baş tutacaq beynəllaxq tədbirlər ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyasını gücləndirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər. Son günlər fəallaşmış “5-ci kolon”un fəalları cidd-cəhdlə Azərbaycanda insan hüquqlarının pozulduğu, guya ictimai fəallara basqıların təşkil olunduğu, onlara qarşı zorakılıq həyata keçirildiyi görüntüsü yaratmaq üçün dəridən-qabıqdan çıxmaları bunun əyani təsdiqidir.

Məlum olduğu kimi, ABŞ-ın NED-National Endowment for Democracy  Fondu Azərbaycana 2022 ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235  dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları  Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. NED-National Endowment for Democracy  Fondunun 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında  təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. NED və bu tip institutların təcrübəsində  “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması may ayının 25-nə qədər olan dövrü əhatə edir. Hazırda həmin təcili qrant layihəsini icra edən “5-ci kolon” Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini qabardır, bu kimi bir neçə digər hadisəni də əhatə edərək guya  Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərirlər.

Məlum olduğu kimi, ki, iyunun 10 da Bakıda Formula 1 yarışması start götürəcək. Hazırkı fəallıq, Aytən Məmmədova ilə bağlı baş verən hadisə, birdən-birə bir qrup şəxsin meydana çıxması və bəyanat yayması, ABŞ-ın Azərbaycandakı səfirliyinin buna dərhal reaksiyası, sonda isə hadisənin hətta ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə gəlməsi, bunların nəticəsi olaraq həmin “fəalların” aksiya təyin etməsi beynəlxalq yarışmanın keçiriləcəyi günlərdə təşkil olunacaq anti-Azərbaycan kampaniyaya “fakt-əsaslar” formalaşdırmaq məqsədi güdür.

Yeri gəlmişkən, artıq bir həftədir ki, Ermənistanda aksiyalar səngimir, insanların, ictimai fəalların  həbsi, döyülməsi, aksiyaların qəddarcasına dağıdılmasına dair yüzlərlə faktlar var. Bundan başqa, həmin aksiyalarda qonşu dövlətlərin bayraqları yandırılır, irqi ayrı-seçkilik zəminində şüarlar səsləndirilir.  Amma nədənsə biz nə ABŞ-ın bu ölkədəki səfirliyinin, nə də Dövlət Departamentinin, hətta sifarişlə işləyən beynəlxalq hüquq müdafiə təşkilatlarının məsələyə lazımi reaksiya verməsinin şahidi olmadıq. Sanki Ermənistanda heç bir hadisə baş vermir. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda, 1 milyondan artıq insan öz ev-eşiyindən məhrum ediləndə, qaçqın vəziyyətinə salınanda da həmin dairələr lal, kar və kor oldular.

Hazırda Azərbaycana qarşı iddiaların əsasında duran səbəblərdən biri də Ermənistanda “Sorosun uşaqları”nın törətdikləri özbaşınalıqlardan diqqəti yayındırmaqdır. Ermənistanda baş verən biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasına başqa ad vermək mümkün deyil. Özünü “demokratiyanın beşiyi” adlandıran bu ölkədə il ərzində ictimai fəallar, jurnalistlər də daxil olmaqla minlərlə cinayət hadisəsi, hüquq pozuntuları baş verir. Amma bunların haqqında danışan yoxdur.

Görünən odur ki, ABŞ Dövlət Departamentində viktoriya nulandlar heç cür Azərbaycanı  unuda bilmirlər. Məhz buna görə də eyni kobud metodlarla, eyni bəsit və heç bir tənqidə dözməyən səbəblərlə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edilir.

Təbii ki, Azərbaycan ictimaiyyəti belə çirkin oyunları çox görüb. Bu baxımdan bütün bu çirkin oyunlarla, yaramaz vasitələrlə, “qurşaqdan aşağı zərbə” əxlaqı ilə hərəkət edənlərin ölkənin ictimai rəyinə təsir edəcəklərini, bununla hansısa məqsədlərə nail olunacağını düşünənlər  şübhəsiz, növbəti dəfə yanılacaqlar. Çirkin anti-Azərbaycan kampaniyası yenə də effekt verməyəcək. Qərəzli dairələrin himayə etdiyi “5-ci kolon”un qulbeçələri, antimilli ünsürlər sifarişin öhdəsindən gələ bilməyəcəklər. Bu xəyanətkarlar belə mənəviyyatsız kampaniyalarla Azərbaycana təzyiq göstərərək onu öz yolundan döndərə bilməyəcəklər. Çünki Azərbaycan ictimaiyyəti ölkəmizə qarşı çirkin siyasi oyunlar quran qüvvələrin, təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid edənlərin layiqli cavabını verəcəkdir.