Zahid Rza |
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazandı. 28 illik erməni işğalına son qoyuldu, Qarabağ Azərbaycana qaytarıldı. Tarixi ədalət bərpa olundu, respublikamızın ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandan İlham Əliyevin hərtərəfli düşünülmüş daxili və xarici siyasəti, hərbi-siyasi strategiyası, ordumuzun şücaəti və yüksək peşəkarlığı, xalqımızın milli həmrəyliyi və birliyi sayəsində silahlı qüvvələri darmadağın olan işğalçı ölkə diz çökdü və kapitulyasiya aktına imza atdı.
Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bütün dünyaya gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu, belə də olmalı idi. Çünki ölkəmizin başçısı daim vurğulayırdı ki, Azərabycan xalqı heç zaman bu işğalla barışmayacaq və öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Mənfur, düşmən üzərində tam qələbə qazanana qədər mücadilə edəcək: “Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun yeni ərazilərimizi işğal etmək niyyəti ilə ağır artilleriyanın, uzaqvuran topların gücündən istifadə edərək genişmiqyaslı hərbi əməliyyatlara başlamaları Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün son və həlledici döyüşə başlaması ilə nəticələndi. Qırx dörd gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər Günü kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Prezidentimizin siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistan diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı Qələbə qazandı. Bu tarixi Zəfər müharibəyə qədərki son 17 ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədli iqtisadi, siyasi və diplomatiya sahəsində həyata keçirdiyi misilsiz tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsidir. Qarabağın düşmən işğalından azad edilməsində, tarixə qızıl hərflərlə yazılacaq möhtəşəm Qələbəmizin qazanılmasında milli birliyimiz və həmrəyliyimiz, böyük amallar və müqəddəs qayə uğrunda birləşməyimiz böyük rol oynadı. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan tarixi Qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.
2020-ci il noyabrın 8-də, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olarkən ölkəmizin başçısı bildirdi ki, bu gün ölkə daxilindəki həmrəyliyimiz, milli birliyimiz mənfur düşməni və onun havadarlarını xar etdi. Bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirə bilmədi. Halbuki belə planlar və cəhdlər var idi: “Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.”
Aprelin 22-23-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı nitqində ölkəmizin başçısı bir daha bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, dövlətimiz qalib dövlət kimi var olacaq.