Zahid Rza |
Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək peşəkarlığı sayəsində Ermənistan ordusu darmadağın olundu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi, Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamğa məcbur oldu.
Bu qırx dörd gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfəri ilə bir daha Cənubi Qafqazın ən güclü ordusu kimi, sülh və təhlükəsizliyin əsas təminatçısı olduğunu göstərdi.
Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xilas edilən ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.
Qalib Azərbaycanın hərbi qüdrəti gündən-günə güclənir, ordumuzun döyüş hazırlığı müntəzəm olaraq artırılır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son illər ərzində ən müasir texnika və silahlar alınıbdır.
Prezident İlham Əliyev Dünya azərbaycanlılarının V qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycan bu müharibəni ləyaqətlə aparıb: “Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq və postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Bizim 44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri həmişə bizə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan 30 il ərzində işğal edilmiş ərazilərdə istehkamlar qurmuşdu, müdafiə xətləri qurmuşdu, eyni zamanda Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq. Ancaq nəticədə bütün bu fərziyyələr demək olar ki, etibarsız oldu”.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, bu cür düşünənlər əlbəttə ki, Azərbaycan xalqının əzmini, ordumuzun gücünü, əsgər və zabitlərimizin Vətən sevgisini unutmuşdular.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terorrçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu. Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. 44 gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.
İndi Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə kompleks yenidənqurma işləri aparılır. Bu istiqamətdə qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, Qarabağ tezliklə öz əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Zəfərini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i tarixini Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi öz əksini tapmışdır.