KÖŞƏ

Vəli İlyasov

“Dəmir yumruq” daim Ermənistanın başı üzərində fırlanacaq

21 aprel 2022 01:57
1249

“Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyaların açılması məsələsidir.“

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. "Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.

Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik", - deyə Prezident vurğulayıb.

Ermənistanın cığallıqlarına baxmayaraq Azərbaycan öz təmkinli siyasəti ilə məqsədlərinə addım-addım çatmaqdadır. İşğalçı ölkənin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən sonra bir çox məsələlərin həllini tapmasına baxmayaraq bəzi narahatedici məsələlər erməni tərəfin vaxtı bilərəkdən uzatmasına görə həll olunmamış qalır.

Göründüyü kimi, Ermənistan il yarımdan bəri razılaşmaları pozmaq taktikası yeridərək bəzən aranı qəsdən qarışdıraraq vaxtı mümkün qədər uzatmağa çalışır. Əslində kommunikasiyaların açılması Ermənistana daha çox lazımdır. Çünki iqtisadi böhran içində və blokadada boğulan Ermənistandır. Ancaq İrəvana toplaşmış hakimiyyət iddiaçıları, “Qarabağ klanı”nın üzvləri, şovinist daşnaklar və revanşistlər Paşinyanın “zəif damarı”nı caynaqlarına keçirərək ona təzyiq göstərirlər.

Bir neçə gündür ki, İrəvanın Azadlıq meydanında etiraz aksiyası keçirən “Mənim şərəfim” blokundan olan müxalifətçi deputat Artur Vanetsyan Paşinyan hökumətini nəzərdə tutaraq deyib: “Hətta onlarla danışıqlar aparıla bilməz. Onlar Qarabağdan imtina etməyi, hər şeydən imtina etməyi, anklavların Azərbaycana verilməsini nəzərdə tuturlar. Belə bir müqavilə imzalana bilməz. Razılaşma ola bilər, amma belə şərtlərlə deyil. Normal hökumət qurulduqdan sonra bu məsələləri diplomatiya yolu ilə həll etmək olar”.

“Qarabağ klanı”nın rəhbərlərindən biri olan general Artur Vanetsyan zəif Paşinyana “xox” gəlməklə əhalini hakimiyyətin üzərinə qaldırmağa, öz klanının mövqelərini gücləndirməyə can atır. “Normal hökumət qurulduqdan sonra” ifadələrini işlətməklə Vanetsyan baş naziri təhdid etməkdən belə çəkinmir. Sətiraltı mənası isə Türkiyəyə və ölkəmizə qarşı qatı düşmən mövqeyi tutan hökumətin qurulmasıdır. Onların çirkin

məqsədləri isə həll olunmamış məsələləri uzaq gələcəyə sürükləmək, imkan yaranarsa, ölkəni yenidən ayağa qaldırmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri kəskinləşdirmək, ərazi iddialarını davam etdirməkdir. Ancaq bütün bunlar 2020-ci ildə qaldı. Azərbaycan keçən əsrin 90-cı illərindəki zəif Azərbaycan deyil. O zaman diktə edən işğalçı Ermənistan və himayəçiləri idisə indi söz sahibi və güc mərkəzi Azərbaycandır. Qüdrətli Azərbaycan Ordusu bunu 2020-ci ilin noyabrında təsdiq etdi. Ölkəmiz gələcəkdə onu təhdid edə biləcək hadisələri qarşısını almaq üçün irəlicədən lazımi tədbirləri həyata keçirir və keçirəcəkdir. Sərhədlərin delimitasiyası və demarkasiyası isə buna hüquqi əsas yaradacaqdır. Ermənistan bu məsələlərin həllini sonsuzluğa qədər uzada bilməz. Çünki başının üstündə Damokl qılıncı kimi asılmış “dəmir yumruq” var. Buna işarə edən erməni siyasətçiləri və politoloqları Azərbaycan Prezidenti İlham Əliyevin üç ay əvvəl dediyi “Altı aydan sonra bilmək olmaz nə olacaq” fikrini dönə-dönə yada salırlar. Onlar bu sözləri özlərinə ciddi xəbərdarlıq kimi qəbul edir və həyəcanlanırlar. Beləliklə, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri və sülh danışıqları ilə bağlı məsələləri ən geci üç aya qədər həll etməlidir, yoxsa...