KÖŞƏ

Zahid Rza

“Cronimet” şirkəti ədalətin pəncəsindən yaxa qurtara bilməyəcək…

14 aprel 2022 00:58
1709

Erməni vandalları təxminən 30 ilə yaxın müddətdə işğal edilmiş Azərbaycan ərazilərində misli görünməmiş ekoloji terror həyata keçirərək təbii sərvətlərimizi vəhşicəsinə talan ediblər. Uzun illər davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəyib, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarıb.

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkə başçısı bildirib ki, bir neçə il bundan əvvəl bu məsələlərlə bağlı Avropa Şurası Parlament Assambleyasında xüsusi məruzə hazırlandı və qəbul edildi: “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək. Digər çaylar, - qoy, bunu həm Azərbaycan vətəndaşları, həm dünya bilsin, ermənilər bizi nədən məhrum etmişlər, - Həkəri çayı - ən böyük çaylardan biri, istifadə edə bilmirdik”.

Dövlət başçısı, həmçinin qeyd edib ki, ermənilər işğal olunmuş ərazilərdə yerləşən Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay kimi çaylarımızı vəhşicəsinə istismar ediblər. Oxçuçay çayının ekoloji fəlakəti indi bütün dünyaya məlumdur. Təbii ki, Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bəzi xarici mətbuat orqanlarında dərc olunan məlumatlara görə, bu şirkət korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə qanunsuz biznes əlaqələri yaradaraq orada mis kombinatını işlədiblər. Uzun illər Ermənistanın ən böyük mədənçıxarma müəssisələrindən biri - Zəngəzur mis-molibden kombinatı - istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya buraxıb. Kombinatın səhmlərinin böyük hissəsinə sahib olan “Cronimet” şirkəti bu cinayətə ortaq olub.

Şübhəsiz, həm ermənilər, həm də bu başabəla alman şirkəti bu cinayət əməllərinə görə cavab verəcəklər. Prezidentimiz bildirib ki, Azərbaycan erməniləri və onların ortaqlarını törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcək: “O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.

Bundan başqa, Ermənistanın ekoloji terroru nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli, nadir bitki, heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. İşğala qədər Qarabağ və ətraf ərazilərdə mövcud olmuş 280 min hektardan çox (13200 hektarı qiymətli ağac növləri) meşə fondunun, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac- təbiət abidələri vəhşicəsinə talan edilərək Ermənistana daşınıb. 28 il ərzində insanlıqdan nəsibini almayan erməni işğalçıları tərəfindən Qarabağın flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyan vurulub, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə-yeksan edilib. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub.

Əminliklə deyə bilərik ki, ermənilər və onların “Cronimet” şirkəti kimi ortaqları işğal edilmiş ərazilərdə törətdikləri bəşəri cinayətə görə tezliklə beynəlxalq məhkəmə qarşısında cavab verərək öz layiqli cəzalarını alacaqlar.