KÖŞƏ

Elçin Zaman

Azərbaycanda elmin inkişafına ayrılan vəsaitlərin həcmi artır

30 mart 2022 22:16
3596

Amma hələ də ciddi elmi kəşflər yoxdur

Bu gün dünyanın inkişaf etmiş ölkələrində insan kapitalı ÜDM-in 75-80 faizini təşkil edir. Dünya Bankının  açıqladığı statistikaya görə, insan kapitalının ÜDM-dəki həcminə görə ilk onluqdakı dövlətlər ABŞ, Almaniya, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, İsvecrə, İtaliya, İspaniya və Norveçdir. Bu ölkələrdə insan zəkasının məhsulu olan elektronik məhsullar dünyadakı ÜDM-in 45-50 faizini təşkil edir. Məsələn, «Samsung»un, «Apple»ın, «Sony»nin, «Microsoft»un, «Facebook»un gəlirləri bir çox ölkələrin illik büdcəsindən bir neçə dəfə çoxdur. Buradan belə bir qəti qənaətə gəlmək mümkündür ki, bu gün artıq neft bumu dövrü  bitib. Əvəzində insan beyninin məhsulu olan proqramlaşdırılmış məhsulların dünya bazarlarına ixracı çoxluq təşkil edir.     

Təbii ki, bu istiqamətdə Azərbaycan dövlətinin də öz proqram və inkişaf layihələri mövcuddur. Ona görə də bu gün ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi siyasəti uğurla davam etdirilir.

Xüsusilə elm və təhsilə ayrılan vəsait hər il davamlı olaraq artırılır. Məsələn, Azərbaycanda son 19 ildə elmin inkişafına ayrılan vəsaitlərə nəzər yetirək. Əgər 2003-cü ildə dövlət büdcəsindən bu sahəyə ayrılan xərclər 16,6 milyon manat olmuşdusa, 2022-ci ildə bu, 202,79 milyon manat  təşkil edib. Bu, o deməkdir ki, ölkəmizin başçısı elmin inkişafına daim önəm verir. Bundan başqa Prezident İlham Əliyevin 4 may 2009–cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiya» və «Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın keçirilməsi ilə bağlı Dövlət Proqramı»nda Azərbaycan elminin beynəlxalq elmi məkanına inteqrasiyasına son dərəcə yüksək diqqət yetirilmişdir. Lakin müsbət tendensiyalara rəğmən ölkəmizdə elmi kəşflər sahəsində hələ də ciddi uğurlar yoxdur.

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı «İki sahil»ə açıqlamasında bildirib ki, təəssüf ki, bu gün gənclər elm arxasınca getməkdə o qədər də maraqlı deyillər: «Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Əlbəttə ki, ilk səbəb elmi fəaliyyətə görə verilən əməkhaqqının aşağı olmasıdır. Eyni zamanda, elmi-tədqiqat institutlarında, elmi mərkəzlərdə gənclərin inkişafına maneələr də yaradılır. Dünya ölkələrində elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 ətrafındadır. Bu yaşda gənclər özlərini tamamilə elmə həsr edə bilirlər. Bu yaşdan sonra adətən ailə qayğısı əlavə vaxt tələb edir. Bizdə isə elmi dərəcə alanların, elmi kəşflərdə adı olanların yaşı 40 və 50-dən yuxarıdır. Çünki bu yaşa qədər onlar öz sosial problemlərini həll etməklə məşğul olurlar. Ona görə də elmlə məşğul olanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra güzəştlər tətbiq edilməlidir. Xüsusilə alimlərin mənzil növbələrinə götürülməsi, mənzili olmayanlara yerli icra orqanlarının qərarı ilə torpaq sahələrinin və güzəştli kreditlərin verilməsi vacib amillərdir.»

K. Əsədov elm və təhsillə məşğul olan gənclərin həqiqi hərbi xidmətə çağrılmalarına da münasibət bildirib: «Bizim gənclərin magistraturadan, həm də doktoranturadan əsgərliyə aparılmasını doğru addım  hesab etmək olmaz. Bəzi ölkələrdə (misal üçün İsraildə) gəncləri əsgərliyə orta məktəbdən sonra, universitetdən qabaq aparırlar. Ona görə ki, sonrakı təhsil trayektoriyası sınmasın. Qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərdə gənclərin 80 faizindən çoxu universitetlərdə oxuyurlar. Ancaq bu göstərici bizdə onlardan aşağıdır. Təbii ki, alim olmaq vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir.»

Bu da reallıqdır ki, bu gün Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası istənilən səviyyədə deyil. Azərbaycan elminin inkişafı qabaqcıl ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsindən və xaricdə kadr hazırlığından bilavasitə asılı olan bir proseslərdir. Ekspertin sözlərinə görə,  bu prosesin uğurlu getməsi üçün aşağıda göstərilən məqamlara xüsusi diqqət yetirilməlidir:« Dünya elminin nailiyyətlərinin öyrənilməsi və onların ölkənin sosial–iqtisadi sahələrində geniş tətbiqi, bu inkişaf kontekstində Azərbaycan elminin problem və vəzifələrinin öyrənilməsi, gənc tədqiqatçıların qabaqcıl ölkələrin elmi mərkəzlərində hazırlanması və ən nəhayət dünya elm məkanına inteqrasiya etmək üçün dil səddinin aradan qaldırılması və s.»

Ölkəmizdə elmi-tədqiqat institutlarının ciddi elmi araşdırmalarının zəifliyi məsələsinə toxunan K. Əsədov vurğulayıb ki, bu elmi institutların bəzilərində elmi araşdırmalar formal xarakter daşıyır: «Onlar bəzən özləri üçün araşdırma problemləri və mövzuları müəyyən edir, sonra guya həmin problemlərin araşdırılması ilə məşğul olurlar. Hər ilin sonunda da formal hesabatlar ortaya qoyurlar. Hətta bu məsələlər ətrafında yenə də formal xarakter daşıyan elmi konfranslar və müzakirələr təşkil olunur, məqalələr yazılır və s. Amma belə araşdırma və müzakirələr ciddi elmi çəkiyə malik olmur, elmin inkişafına heç bir töhfə verə bilmir. Əlbəttə, bu problemlərin səbəbləri ciddi şəkildə araşdırılmalıdır.»