Vəli İlyasov |
Azərbaycan müstəqillik qazandıqdan sonra qarşısında duran bir çox çətin problemləri ağıllı siyasət və təşəbbüslərlə həll edərək öz hədəflərinə çatmaqda davam edir.
Ölkəmiz İran tərəfi ilə danışıqlar apararaq Zəngəzur dəhlizinə alternativ kommunikasiyanın açılması ilə bağlı müqavilə bağladı. Özünü bir neçə beynəlxalq əhəmiyyətli layihədən təcrid edən Ermənistan son şansını da itirərək könüllü blokadada qalmağı seçdi. Ərazi iddiaları ilə xam xəyalların əsirliyindən yaxa qurtara bilməyən ermənilərin bu hərəkəti intihar və sərsəmlikdən başqa heç nə deyil. Halbuki Zəngəzur dəhlizi Ermənistanın büdcəsinə külli miqdarda pullar gətirəcəkdi. Bunu dərk etməyən revanşistlər qonşu ölkələrlə düşmən münasibətləri davam etdirməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Olsun, sirkə nə qədər tünd olarsa, öz qabını çatladar-deyiblər. Nə etməli, can da bunların, cəhənnəm də...Ancaq Azərbaycan Ermənistanın ilyarımlıq “naz”ına xitam verərək öz müstəqim yoluna davam etdi. Beləliklə, Azərbaycan 44 günlük müharibənin yekunu olaraq üç dövlətin başçıları tərəfindən imzalanmış 10 noyabr Bəyanatında yer alan Zəngəzur vasitəsi ilə Naxçıvana çıxış məsələsini fərqli qaydada həll etməyə nail oldu.
Sözügedən sənədin 9-cu maddəsində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
Lakin Ermənistan ötən təxminən ilyarım ərzində bu razılaşmanın icra olunmasına imkan vermədi və müxtəlif əsassız şərtlər irəli sürdü. Gah da guya razı olduğunu bildirərək vaxtı uzatmağa çalışdı. Belə məlum oldu ki, baş nazir Nikol Paşinyan revanşistlərin əlində oyuncaqdır. O, sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə irəli sürdüyü Zəngəzur və Laçın dəhlizinə bərabər statusun tətbiq edilməsi təklifindən də imtina etdi. Söhbət hər iki dəhlizdə maneəsiz hərəkətin təşkilindən gedirdi.
Yeni istiqamət əməkdaşlıq və kommunikasiyanın doğru qurulmasıdır. Bəli, məhz doğru yanaşma Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına, qonşu ölkələrlə qarşılıqlı münasibətlərin hüquqi müstəviyə çıxarılmasına və yeni münasibətlər sisteminin formalaşmasına səbəb oldu. Ermənistan isə ona verilən tarixi şansı növbəti dəfə dəyərləndirə bilmədi. Əslində iqtisadi cəhətdən çətin vəziyyətdə olan və blokadada boğulan Ermənistana Zəngəzur dəhlizi hava-su kimi lazım idi. Azərbaycanın son addımı isə Ermənistanın blokadadan çıxmaq, bölgədəki iqtisadi inkişafdan faydalanmaq imkanını əlindən aldı. Baiskar yenə də Ermənistan özü oldu. Burada deməyə o qalır ki, özü yıxılan ağlamaz. Zaman keçəcək sərhesab ermənilər nə qədər gic addım atacaqlarını anlayacaqlar. Amma onda güc olacaq.
Bu gün dünya ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar onsuz da iqtisadiyyatı zəif olan Ermənistana yeni ciddi iqtisadi zərbələr vuracaq. Məhz indiki vəziyyətdə Türkiyə və Azərbaycanla münasibəti yaxşılaşdırmaq imkanını itirmək Ermənistan üçün ciddi problemlər yaradacaq. Azərbaycanın yeni dəhlizi İranla anlaşma şəraitində həyata keçirməsi həm bölgənin enerji təhlükəsizliyi, həm də nəqliyyat- kommunikasiya infrastrukturunun inkişafı ilə nəticələnəcək ki, bu da regionda ölkəmizi yenidən fərqləndirəcək. Ölkəmiz öz imkanlarını başqaları ilə paylaşan dövlət kimi nüfuzunu daha artıracaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan diplomatiyası baş verən hadisələri vaxtında dəyərləndirib strateji yanaşma nümayiş etdirdi. İndi regionda münasibətlər daha çox Azərbaycanla razılaşdırılmış formada həyata keçiriləcək. Ermənistan isə çoxdan xəyalını qurduğu dəmir yolunu yuxularında görəcəkdir. Ağıldankəm ermənilər İranla Azərbaycan arasında hərəkət edən sərnişin və yük dolu qatarların arxasınca həsrətlə baxmalı olacaqlar. O qatarların ki, Ermənistana qədərsiz gəlir gətirəcəkdi. Çifayda, əldən qaçırdılar. Ancaq o zaman məşhur mahnıda deyildiyi kimi, biz də ermənilərə deyəcəyik: o qatarın dalınca baxma, baxma!..