KÖŞƏ

Zahid Rza

Nəhəng quruculuğun miqyası genişlənir

05 mart 2022 02:34
1587

Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. İşğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Ötən il bərpa-yenidənqurma üçün bir çox planlar həyata keçirilib. Ərazilərin minalardan təmizlənməsi işləri istiqamətində mühüm addımlar atılıb.

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradıldı. Həmçinin dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı bu istiqamətdə atılan daha bir mühüm addım oldu.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunduğu kimi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə xalqımız son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük Zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.

Prezidentimiz ölkədə iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün bu torpaqlarda bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırır. Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmandakı yeni bölgüyə 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adlarının salınması, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm addımlar atılması da düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından bird aha təsdiq edir. Artıq Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyaslı bərpa-quruculuq işləri uğurla davam edir, bütün torpaqlar­da həyat bərpa olunur. Hazırda bu ərazilərdə infrastrukturun yaradılması, vaxtilə mövcud olan magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm da­şıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini sürətləndirir.

Bu gün Azərbaycan heç bir xarici ölkədən maliyyə yardımı almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş quruculuq işlərini uğurla davam etdirir. Respublikamızın 2022-ci il ərzində nəzərdə tutulan bütün iqtisadi-sosial hədəflərini, bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə artan strateji valyuta ehtiyatları hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir. Prezidentimizin söylədiyi kimi, Azərbaycan bütün bu işləri öz iqtisadi gücü, geniş potensialı ilə yerinə yetirəcək və bu torpaqlarda əbədi yaşayacaq: “Bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz”.