Zahid Rza |
İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin izlərinə hər addımda rast gəlmək olar. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları tarixi yurd yerlərimizdə bütün infrastrukturu, o cümlədən tarixi mədəni irsimizi məhv ediblər. Bu barbarlar Qarabağda yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Təpədən dırnağa qədər nasizm, faşist ideologiyası ilə silahlanan mənfur düşmən 30 ilə yaxın müddətdə işğal altında saxladığı əraziləri talayıb, dağıdıb və məhv edib. Prezident İlham Əliyev Qarabağa növbəti səfərlərinin birində düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etmişdi: “Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.
Qədim Azərbaycan torpağı Qarabağda onlarla alban kilsələri var ki, hamısı ermənilərin yaratdıqları saxta internet saytlarında adları dəyişdirilərək erməni kilsəsi kimi təqdim olunur. Hacıkənd yaxınlığında məşhur Yeghnasar alban kilsəsi, Xocalıda Qandzasar kilsəsi və Çanaxçı kəndindəki alban məbədi, Xocavənd rayonunun Tuğ kəndindəki alban kilsəsi, Kəlbəcərin Qoçaqot, Kolataq, Qozlu kəndlərində və adlarını saymaqla bitməyən onlarla belə tarixi alban kilsələri erməniləşdirilib, kilsə xaçları dəyişdirilib və saxtalaşdırılıb. Bundan başqa, ermənilər tərəfindən Azıx mağarasında qanunsuz olaraq xarici ölkə mütəxəssisləri ilə birlikdə illərlə arxeoloji qazıntılar aparılmış, Ağdamın məşhur Şahbulaq saray kompleksində “Tiqranakert” adı altında muzey yaradılmışdır. Düşmən Ağdamda apardıqları arxeoloji qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı-Gədəbəy mədəniyyətinə aid məşhur kurqanları dağıdaraq əldə etdikləri maddi sübutları Ermənistana daşıyıb aparmışdır. Zəngilanın Quyudərə və Xocalının Çanaqçı kəndindəki Tunc dövrü nekropollarında da arxeoloji qazıntıların aparılması, artefaktların əsl talançılıq yolu ilə Ermənistanın muzeylərinə daşınması faktları da məlumdur. Erməniləşdirilə bilməyən xeyli abidələrimiz isə sadəcə məhv edilib. Həmçinin Laçın rayonunun Malıbəyli, Güləbird, Küsülü, Kəlbəcərin Zar və Zəylik kəndlərində, eləcə də Cəbrayılın Şıxlar, Qubadlının Mahmudlu kəndlərindəki onlarla qədim tariximizin və mənəvi mədəniyyətimizin rəmzi sayılan daş at və qoç fiqurlu qəbir daşları tamamilə məhv edilib. Erməni vandalları Laçın rayonunun Hoçaz kəndindəki mağara məbədin divarlarına dini məzmunlu şəkillər - freskalar və ikonalar çəkiblər. Zəngilan rayonunun Rəzdərə kəndindəki IX əsrə aid məscid və VII əsrə aid türbə tamamilə dağıdılıb və yerlə-yeksan edilib.
Ümumiyyətlə, Qarabağda məqsədyönlü şəkildə, müxtəlif üsullarla erməniləşdirmə siyasəti yeridilməsi maddi mədəniyyət abidələrimizin yox edilməsində və dəyişdirilməsində təzahür edib. Əvvəllər köçüb yerləşdikləri ərazilərdə alban-xristian abidələrini məhv etməklə izini itirməyə çalışan ermənilər sonradan bunun fayda verməyəcəyini başa düşərək, özününküləşdirməyə təşəbbüs göstərmişlər. Belə ki, erməni abidələrindən tamamilə fərqlənən bütün alban abidələrini, xaçları, məbədləri ermənilərə məxsus abidələr elan ediblər.
Şovinizm vürusuna yoluxan ermənilər unudurlar ki, nəinki Qarabağda, hətta Ermənistanın özündəki bütün tarixi, arxeoloji, mədəni-dini abidələr, maddi-mədəniyyət və incəsənət nümunələri Azərbaycan xalqına məxsusdur. Ermənilər onları nə qədər saxtalaşdırsalar, dağıdıb yer üzündən silməyə çalışsalar da heç nəyə nail ola bilməyəcəklər.
Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənilərin xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər dünya mədəniyyətinə qarşı təcavüzdür. Təbii ki, erməni vandalların bu cinayətkar əməlləri cavabsız qalmayacaq.