KÖŞƏ

Zahid Rza

Tarix yazan Azərbaycan

11 fevral 2022 01:57
1422

İşğaldan azad edimiş ərazilərdə sürətli bərpa və quruculuq işləri ölkəmizin gücünün göstəricisidir

Azərbaycan tarix yazmaqda davam edir. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmizin hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünü də nümayiş etdirdi. Hətta ən inkişaf etmiş dövlətlərin belə koronavirus pandemiyasının təsirlərindən ciddi problemlər yaşadığı bir vaxtda Azərbaycan postmüharibə dövründə azad edilmiş ərazilərdə başladılan geniş quruculuq işləri, nəhəng infrastruktur layihələri ilə dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu sübut etdi. Tarixi Zəfərimizdən keçən dövr ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur – yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin Baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Artıq ilk “ağıllı kənd” olan Zəngilan rayonunun Ağalı kəndində tikinti işləri yekunlaşmaq üzrədir və bu il keçmiş məcburi köçkünlərin həmin kəndlərə köçürülməsinə başlanacaq.

Görülən işlərin miqyasını bərpa-quruculuq işlərinə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinə əsasən daha aydın təsəvvür etmək mümkündür. Belə ki, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı və bu il də ən azı eyni məbləğdə vəsait nəzərdə tutulur. Gələcəkdə həmin məbləğin lazım olan qədər artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, məbləğin daha çox olacağı gözlənilir. Müqayisə üçün bildirək ki, Ermənistanın 2021-ci ildə büdcə gəlirləri cəmi 2.87 milyard ABŞ dolları nəzərdə tutulub.

İşğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq layihələrinin reallaşdırılmasında yerli və xarici özəl şirkətlərin də müəyyən payı var və getdikcə artmaqdadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 900-dən çox müraciət daxil olub ki, bunların təxminən üçdə biri xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur.Ərazilərin iqtisadi dirçəlişi istiqamətində prioritet sənaye layihələrinin həyata keçirilməsi bölgənin təbii resurs potensialının ölkənin iqtisadi artımına yönəldilməsini də dəstəkləyəcək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu əsasən hasilat sənayesi və sağlamlıq turizmi, Ağdam rayonu emal sənayesi, Şuşa şəhəri mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı sahəsi üzrə yeni iqtisadi drayverlər kimi ixtisaslaşa bilər. Artıq işğaldan azad edilmiş ərazilərin təbii resurslarının öyrənilməsi və yataqların istismarı üzrə konkret addımların atılmasına başlanılıb.

Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri planlı formada həyata keçirilir və yeni innovativ yanaşmalar tətbiq edilməklə mərhələli şəkildə bütün sahələri əhatə edir. İlk olaraq yol infrastrukturu və kommunikasiyaların bərpası istiqamətində görülən işlər digər iri layihələrin də reallaşdırılmasına şərait yaradır. Bu baxımdan artıq çəkilişi yekunlaşmış Zəfər yolu başda olmaqla ilkin yol şəbəkəsi sahəsində, həmçinin elektrik enerjisi təchizatı, su xətlərinin çəkilişi, bərpası və digər istiqamətdə görülən işlər müstəsna əhəmiyyət daşıyır.

Planlı şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin dirçələcəyi, o yerlərə yeni və xoşbəxt həyatın qayıdacağı günlər uzaqda deyil. Bütün bunlar dövlətimizin fəaliyyət istiqamətində prioritet təşkil edir və ən başlıcası bunun üçün Azərbaycanın iqtisadi qüdrəti və əzmi kifayət qədərdir.