KÖŞƏ

Zahid Rza

Erməni vandalizminin növbəti təzahürü

04 fevral 2022 00:57
2063

Prezident İlham Əliyev fevralın 2-də keçirilən Gənclər Forumunda işğaldan azad olunmuş Azərbaycan ərazilərində törədilən ekoloji terror faktlarına aydınlıq gətirərək Ermənistanın vəhşi və düşmən simasını bir daha ifşa etdi

Erməni vandalları təxminən 30 ilə yaxın müddətdə işğalda saxladıqları Azərbaycan ərazilərində misli görünməmiş ekolji terror törədərək təbii sərvətlərimizi vəhşicəsinə talan ediblər.  Həmin müddətdə ermənilər tərəfindən tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji terrorlar törədilib.

Prezident İlham Əliyev fevralın 2-də keçirilən Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib ki, ermənilər Azərbaycan təbiətinə də şüurlu şəkildə qəsd ediblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər: “Əfsuslar olsun ki, onlarla həmrəy olan, əlbir olan bəzi aparıcı Avropa şirkətləri də bu cinayəti törədiblər. Biz indi hüquqi prosedurlara başlamışıq. Qanunsuz istismar edilən bizim qızıl yataqlarımız təkcə sərvətimizin talanması deyil, eyni zamanda, o hasilatın nəticəsində yaranan ziyanlı, zəhərli maddələrin düzgün utilizasiya olunmaması, hasilat üçün istifadə edilən reagentlər, o zəhərlər hamısı bizim təbiətimizə böyük ziyan vurdu. Oxçuçayın o görüntüləri var, sapsarıdır. Kim bunu edib? Ermənilər! Bizim meşə fondumuz məhv edilib. Statistika var. 1988-ci ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar idi, 230 min hektar. Müharibədən sonra mən tapşırıq verdim, bizim peykimiz “Azersky”, - onlar görüntüləri mənə təqdim ediblər. Artıq o görüntülərdən görünür ki, 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb, yəni, kəsilib, satılıb”.

Ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın “Qırmızı Kitab”ına, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli və nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. İşğala qədər Qarabağ və ətraf ərazilərdə mövcud olmuş 280 min hektardan çox (13200 hektarı qiymətli ağac növləri) meşə fondunun, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac- təbiət abidələri vəhşicəsinə talan edilərək Ermənistana daşınıb.  Erməni işğalçıları tərəfindən Qarabağın flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyan vurulub, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə-yeksan edilib. Qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı işğalçı Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub.

Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsi bunun əyani təsdiqidir.

Belə ki, 30 ilə yaxın erməni işğalı dövründə Vejnəli qızıl yatağının və digər faydalı qazıntıların emalı prosesində yaranan kimyəvi tullantıların Oxçuçaya axıdılması nəticəsində çayda kəskin ekoloji problem yaranıb - çay hövzəsi suyu, hətta, heyvanlar üçün belə zəhərli sayılır. Əslində Oxçuçayın zəhərlənməsi yalnız Zəngilan üçün deyil, Araz çayı, İran və bütün Xəzəryanı dövlətlər üçün də ekoloji terrordur.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə aparılan monitorinqinin nəticələrinə görə, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Ancaq məsələ yalnız bununla bitmir. Belə ki, Oxçuçay Araz çayına töküldüyünə görə onun da çirklənməsinə su ehtiyatlarının keyfiyyətinə mənfi təsir edir. Araz çayındakı suyun keyfiyyətinin ciddi dəyişikliyi onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi istiqamətində ağır fəsadlara gətirib çıxara bilər.

Bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaq.