KÖŞƏ

Zahid Rza

Erməni faşizmi yenidən baş qaldırarsa…

02 fevral 2022 00:57
1356

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. Döyüş meydanında darmadağın edilən Ermənistan silahlı qüvvələri ağır məğlubiyyətlə barışmayaraq Azərbaycanın mülki əhalisini hədəfə aldılar. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam, Füzuli rayonları, Naftalan şəhəri raket və ağır artilleriya hücumlarına məruz qaldı.

Həmin günlərdə Ermənistan silahlı qüvvələri beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq 2020-ci il oktyabr ayının 4-dən etibarən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni mütəmadi olaraq “Toçka-U”, “SCUD” raketləri ilə atəşə tuturdular. Gəncəyə atılan raketlər nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəydi, dinc sakinlər həlak oldular, yaşayış binaları və tarixi abidələr dağıdıldı. Həmin raket atəşi nəticəsində 1 nəfər həlak oldu, zərərçəkənlərin arasında 10 aylıq körpə Zəhra Eyyubova da var idi. Oktyabrın 10-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada əldə edilən humanitar atəşkəs rejiminin elə ilk dəqiqələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququn tələblərini cinayətkarcasına pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf aldı, raket və artilleriya atəşinə tutdu. Erməni vandalları 2020-ci il oktyabrın 11-i saat 02:00 radələrində daha bir terror aktı törətdilər. Gəncə Ermənistan ərazisindən “Skad-B” taktiki-əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutuldu. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağıldı, 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 6-sı uşaq, 16-sı qadın olmaqla 34 nəfər yaralandı.

Döyüş bölgəsindən xeyli uzaqda olan Gəncəyə ən qanlı və qəddar raket hücumu isə 2020-ci il oktyabrın 17-də gecə saatlarında oldu. Həmin gün Füzuli şəhərinin, xeyli sayda kəndlərinin işğaldan azad olunmasını həzm edə bilməyən erməni faşistlərinin oktyabrın 17-də Gəncəyə növbəti raket hücumu nəticəsində 15 nəfər həlak oldu, 55 nəfər yaralandı. Onların arasında azyaşlı uşaqlar, yeniyetmə və qadınlar da var idi. Bütövlükdə isə Gəncə əhalisinə qarşı terror nəticəsində 26 nəfər həyatını itirdi, 100-dən çox insan yaralandı. Bundan başqa xeyli yaşayış evi və digər mülki obyektlər, tarixi abidələr dağıdıldı, ya da ciddi zərər gördü. Belə ki, “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, vaxtilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və “Nizami” kinoteatrı zərər gördü. Bir sıra məktəblər və körpələr evi, uşaq bağçaları, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəydi.

Təcavüzkar Ermənistanın silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu qırx dörd günlük Vətən müharibəsində beynəlxalq hüququn bütün qanunlarına riayət edərək istər Dağlıq Qarabağda, istərsə də Ermənistan ərazilərində mülki obyektləri hədəfə almadı. Ölkə başçısının söylədiyi kimi, Azərbaycan Ordusu Gəncə və digər şəhər və kəndlərimizdə düşmən tərəfindən həlak olmuş mülki şəxslərin qisasını xain düşməndən fərqli olaraq döyüş meydanında artıqlaması ilə aldı. Şübhəsiz, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibədə erməni faşizmini bir daha ifşa etdi: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.