Vəli İlyasov |
Və yaxud “daşdəmirlər” necə yumşalırlar?
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanın sülh sazişi ilə əlaqədar işləri qəsdən ləngitdiyini, oradakı revanşist qüvvələrin ölkənin rəhbərliyinə mənfi təsir göstərmək niyyətlərini kəskin ifşa etmişdi. Prezident sərt ifadələr işlədərək bildirmişdi ki, ermənilər düşünməsinlər ki, biz buna dözəcəyik, biz indi sülh deyirik, yola gəlməsələr, altı aydan sonra nələr baş verəcəyini bilmək olmaz. Bu sözlər “qurbağanın gölünə daş” effekti verdi. Azərbaycan Prezidentinin qətiyyətinə bələd olan araqarışdıran ermənilər dərhal susdular, hakimiyyət başında olanlar isə təlaşa düşərək hərəkətə keçdilər. Artıq bu hərəkətliliyin müsbət nəticələri özünü göstərir.
Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan tədricən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınması üçün erməni cəmiyyətində təbliğat-təşviqat prosesinə start verməkdədir. O, keçmiş prezidentləri - Levon Ter-Petrosyanı, Robert Koçaryanı və Serjik Sarkisyanı özünün “hədəf taxtası”na çıxarır, özü üçün isə yalnız sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də yekun sülh sazişinin imzalanması ilə bağlı siyasi məsuliyyəti saxlayır. Çox iddialarda bulunan “Qarabağ klanı”, daşnaklar və revanşistlər “sındırılaraq” yerlərində otuzdurulublar. Daha əvvəlki vaxtlardakı kimi “ərköyünlük” edə bilmirlər. Uydurma “erməni soyqırımı”, qonşulara qarşı ərazi iddiaları və s. bu kimi cəfəng ideyalar yığışdırılaraq bir kənara atılıb. Paşinyan və onun komandası “başı dumanlı” sadə erməniləri başa salmağa çalışırlar ki, son otuz ilin “təcrübəsi”, yəni qonşularla apardıqları müharibələr və yersiz çəkişmələr aydın göstərdi ki, Ermənistan həm Cənubi Qafqazda, həm də dünyada olan-qalan nüfuzunu itirmiş, işğalçı kimi tanınmışdır. Ən dəhşətlisi isə odur ki, artıq Ermənistan öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bu il daha konkret addımların atıla biləcəyi qətiyyən istisna deyil. Hər halda, rəsmi İrəvanın bu istiqamətdə müəyyən cəhdlər göstərməyə çalışdığı diqqəti cəlb edir. Paşinyan hakimiyyətinin bunda maraqlı olduğu da açıq-aşkar nəzərə çarpır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın Azərbaycan rəhbərliyi ilə siyasi qarşıdurmadan da yayınmağa çalışdığı müşahidə edilir. Xüsusilə də Ermənistan rəhbərliyi rəsmi Bakını qıcıqlandırmağa yol verməkdən çəkinir, daha əvvəlki ağılsız bəyanatlardan əsər-əlamət görmürük. Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkələr üzərindən keçirdiyi son onlayn mətbuat konfransında bu məqam qabarıq şəkildə nəzərə çarpıb.
Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında Ermənistana yönəlmiş sərt ittihamların, hətta hədələyici məqamların olduğuna istiqamətlənmiş suala cavab verərkən baş nazir N.Paşinyan təmkinli davranmağa çalışıb. O, Azərbaycan liderinin açıqlamalarının məzmun etibarilə Ermənistandan verilən bəyanatlara adekvat cavab olduğuna eyham vurub: “Azərbaycandan verilən açıqlamalarla bağlı bəzi məqamlara diqqət etmək lazımdır. Bir müddət öncə analitiklərdən biri vurğulamışdı ki, Azərbaycanın açıqlamaları Ermənistanın 1994-cü ildən sonra yaydığı bəyanatların “güzgü prinsipi” üzrə inikasıdır. Vaxtilə Ermənistanda bəziləri “artsax problemi həll edilib” və ya “Bakı erməni şəhəridir” kimi bəyanatlar səsləndirilirdi. İndisə, rəsmi Bakı da eynilə bu cür davranır”.
Bəli, elədir, “Döymə taxta qapımı, döyməyim dəmir qapını” prinsipi ortadadır. Son günlər İrəvanda baş verənlər Paşinyanın xeyli fəallaşdığını açıq göstərir. O, qarşısını kəsən sonuncu böyük siyasi fiqur olan prezident Armen Sarkisyanı istefaya məcbur edəndən sonra işlərin “don”unun açılması müşahidə olunur. Ermənistanda “qaloş” ayaması qoşulan Armen Sarkisyanın bir əlinin Rusiyada, bir əlinin Qərbdə, bir əlinin isə erməni diasporunda olduğunu çox adam bilirdi, o cümlədən də birinci növbədə Nikol Paşinyan. Paşinyan yaxşı bilirdi ki, özünü “fasıq” aparan Armen Sarkisyan görünməz şəkildə ayağının altını “qazır”. Ancaq göründüyü kimi, öz ayağı ilə gedib qazdığı quyuya düşdü. Başqa yol tutsa, təbii ki, daha ağır vəziyyətdə, yəni ağır ittihamlarla “fəxri istirahət”ə göndəriləcəkdi.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə mətbuata bildirdi ki, İrəvandan xoş xəbərlər gəlməkdədir. Artıq orada söhbət Zəngəzur dəhlizinin açılmasından, sərhədlərin müəyyən olunmasından, erməni cəmiyyətinin sülhə hazırlanmasından gedir. Fevralın 1-dən Türkiyədən Ermənistana, oradan da Türkiyəyə aviareyslər açılacaq, Azərbaycanla da münasibətlər sürətlə normallaşdırılacaqdır. Beləliklə, bölgədə çoxdan arzulanan və gözlənilən dinc şərait, sülh bərqərar olacaqdır.