Zahid Rza |
Azərbaycanda bütün sahələri əhatə edən islahatlar uğurla davam edir. İslahatlar demokratik dəyərlərin möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, sosialyönümlü tədbirləri, eləcə də kadr islahatlarını əhatə edir. Təbii ki, genişmiqyaslı islahatlar uzunmüddətli, daim yeniləşən kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Son illər respublikamızda reallaşdırılan ciddi kadr islahatları demək olar ki, hakimiyyətin bütün qollarını əhatə edib. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi korrupsiyaya qarşı mübarizədə, şəffaflığın təmin edilməsində mühüm rol oynayır.
Ekspertlər qeyd edirlər ki, Prezidentin ən yeni kadr islahatları və davam edən inkişaf meyilləri bir-birini tamamlayan əhəmiyyətli sosial təzahürdür. Kadr islahatları ölkənin qarşısındakı iqtisadi, sosial, hərbi, mədəni və humanitar məsələlərin daha səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir. Son kadr islahatları cəmiyyətdə daha fəal və həssas rezonans doğurmaqla ölkənin inkişafında yeni mərhələnin başlandığını xarakterizə etməyə imkan verir.
Dövlət başçısının kadr təyinatında irəli sürdüyü əsas tələb ondan ibarətdir ki, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar irəli çəkilməlidirlər. Dövlətçiliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Eyni zamanda, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır: “Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.
Ölkə başçısı bütün tədbirlərdə məmurların diqqətinə çatdırır ki, onların qarşısında duran əsas vəzifə rəhbərlik etdikləri sahələrin, rayonların sosial-iqtisadi inkişafına nail olmaqdır. Eyni zamanda, yeni kadrlar daim vətəndaşlarla ünsiyyət əsnasında mövcud problemləri və insanları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlidirlər. Əks təqdirdə ciddi şəkildə cəzalandırılacaqlar. Prezidentimizin siyasi iradəsi artıq hər kəsə bəllidir. Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin.
Dövlətimizin başçısı bunu yanvarın 12-də yerli televiziyalara müsahibəsində bir daha vurğuladı: “Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir-ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.
Bütün ictimaiyyətimiz ölkəmizin başçısının siyasi, sosial-iqtisadi, məhkəmə-hüquq və kadr islahatlarını yüksək qiymətləndirir. Çünki cəmiyyətin bu istiqamətdə müsbət gözləntiləri özünü doğruldur. Genişmiqyaslı islahatların uğurla reallaşdırılması dövlətimizin daha da güclənməsinə və xalqımızın rifahının yaxşılaşdırılmasına, daha geniş hədəflərin müəyyənləşməsinə xidmət edəcək.