Zahid Rza |
Antimilli ünsürlər mənəviyyatsız, siyasi mədəniyyət və etikadan kənar, qeyri-konstruktiv əməllərinə görə ictimaiyyətin haqlı qınağına çevriliblər.
Bu gün cəmiyyətdə heç bir rolu, dəqiq ideya mövqeyi, sosial bazası, ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin çayxana təfəkküründən, küçə, daş-kəsək psixologiyasından əl çəkə bilməyən, lidersizlik sindromundan əziyyət çəkən, müasir çağırışlara cavab verə bilməyən, öz köhnəlmiş, mağara təfəkkürü ilə xalq tərəfindən ikrahla qarşılanan bugünkü radikal müxalifət hələ də ötən əsrin köhnəlmiş siyasi şüur və inkarçı, pozucu mübarizə metodlarından əl çəkə,yeniləşə, milliləşə bilmir. Sosial şəbəkələrdə təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən, özlərini cəmiyyətdən təcrid edərək marginallaşan bu antimilli ünsürlər belə mənəviyyatsız, siyasi mədəniyyət və etikadan kənar, qeyri- konstruktiv əməllərinə görə ictimaiyyətin haqlı qınağına çevriliblər.
Milli Məclisin bu günlərdə keçirilən iclasında deputat Tahir Kərimli parlamentdəki çıxışlarına görə onu sosial şəbəkələrdə söyüş atəşinə tutanlardan, daha doğrusu, söydürənlərdən danışarkən məhz həmin radikal müxalifətin başbilənlərini nəzərdə tutub: “Sosial şəbəkələrdə deyirdilər ki, Tahir Kərimli yaltaqlıq edib. Mən niyə yaltaqlıq etməliyəmki?! Deyirlərki, Tahir Kərimli deyibki, İlham Əliyevin alternative yoxdur. Əlbəttə alternativi yoxdur. Alternativsiz uduzmusunuz. Nə vaxt uduzmusunuz, deyim. O vaxt ki, siz Surətin qabağından dovşan kimi qaçdınız, xilaskar kimi Heydər Əliyevi gətirib, yalançı müxalifətçilik edəndə uduzmusunuz. 2005-ci ildə ağalarınız Amerikadan deyəndə ki, siz hətta qalib gəlsəniz belə, hakimiyyəti əldə saxlaya bilməyəcəksiniz. Onda minlərlə insanları küçəyə tökəndə uduzdunuz”.
T.Kərimli onu söyən və söydürənlərə xitabən deyibki, siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu, Əziz Əliyevin nəvəsi ilə müqayisə edəsiniz? : “Siz miskin, cılız adamlar, kimlə müqayisə edirsiniz özünüzü? Çıxarın alternative qoyun ortaya. Yoxdur alternativ. Xalqının bu söyüşkən xasiyyətinə məəttələm. Bu həmin xalq deyildi ki, Prezidentin çağırışı ilə 50 min insan könüllü müraciət etdi? Bu gün rüşvətxorluğun, inhisarçılığın qarşısını almaq üçün Prezidentə müraciət edirik. Başqa kim bunun qarşısını ala bilər? Başqa biri var? Bizim yaltaqlığa nə ehtiyacımız var? Biz özümüz üçün, övladımız üçün heç nə ummuruq”.
Danılmaz həqiqətdir ki, AXCP sədri Əli Kərimli, onun tapşırıq və göstərişlərini yerinə yetirən, ahıl yaşında onun bir barmaq işarəsi ilə oturub-qalxan “Milli Şura”nın sədri Cəmil Həsənli kimilər bugün meydanda tək qalıblar. Onların dağıdıcı fəaliyyəti, “beşinci kolon” kimi öz şəxsi ambisiyları naminə milli maraq və mənafelərimizə zərbə vurmaları, anti-Azərbaycan dairələrlə işbirlikləri, ölkənin siyasi arenasındakı sivil, konstruktiv müxalifətdən, sağlam qüvvələrdən uzaq düşmələri, cəmiyyətdə daim süni gərginlik yaratmaq cəhdləri və digər belə neqativ hallar təbii ki, radikal müxalifətin sıralarının gündən-günə seyrəlməsinə, gənclərin bu qurumlardan uzaqlaşmasına gətirib çıxarıb.
Bu gün radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli, Milli Şura”nın sədri Cəmil Həsənli kimilər bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri tarixin yaddaşından heç vaxt silinməyəcək. Bütün bunlar yeniləşməyi bacarmayan, xalqın inam və etimadını itirən, marginallaşaraq cəmiyyətdən təcrid olunan, təkamülü, inkişafı inkar edərək ölkəni aclıq, səfalət, dağıntılar gətirən qanlı inqilablara sürükləməyə çalışan, mənəvi süquta uğrayan radikal müxalifətin tezliklə siyasi palitradan silinəcəyini, tarixin tozlu arxivinə atılacağını qaçılmaz edir. Onların yerində isə yeni dövrün çağırışlarına cavab verən, sivil siyasi mübarizə metodları və formaları ilə fəaliyyət göstərən yeni bir müxalifət olacaq: yeni tərzdə düşünən, milli maraqları şəxsi ambisiyalarından üstün tutan, Vətən təəssübü çəkən, əsl vətənpərvər, demokratik bir müxalifət.