KÖŞƏ

Elçin Zaman

Paşinyan niyə separtçılardan üz döndərdi?

27 dekabr 2021 23:57
3374

Erməni baş nazirin «Qarabağ Azərbaycanındır» fikri ölkədə gərgin vəziyyət yaradıb

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə onlayn mətbuat konfransında səsləndirdiyi açıqlamalarını kifayət qədər cəsarətli və konstruktiv hesab etmək olar. Belə ki, o, açıq mətnlə Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına görə Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirib. Hətta o, Xankəndi və ətraf bölgədən olan erməni separatçıların ona qarşı elan etdikləri siyasi-ideoloji müharibədən geri çəkilmək niyyətində olmadığını bildirib. Əksinə, baş nazir bu addımı ilə həm separatçılarla, həm də Ermənistan cəmiyyətində onları dəstəkləyənlərlə həlledici savaşa hazır olduğunu göstərir. Təbii ki, bu savaşın nəticələri isə Ermənistan üçün heç də yaxşı perspektivlər vəd etmir.

Siyasi ekspertlərin fikrincə, artıq Nikol Paşinyan üçün geri yol yoxdur və o, bu istiqamətdə siyasi iradəsini tam ciddiyyəti ilə ortaya qoymalıdır. Əks halda onu ağır nəticələr gözləyə bilər. Xüsusilə baş nazir üçün geri çəkilmək ona qarşı irəli sürülən xəyanət ittihamını qəbul etmək anlamı daşıya bilər. Ona görə də Paşinyan nəyin bahasına olursa-olsun özünün haqlı olduğunu sübuta yetirməyə çalışacaq.

Onu da qeyd edək ki, son hadisələr erməni baş nazirin öz siyasi rəqiblərini, o cümlədən Araik Arutyunyanın rəhbərlik etdiyi separatçıları küncə sıxışdırıb zəiflətməkdə qərarlı olduğunu göstərir. Belə anlaşılır ki, erməni baş nazir həm separatçıları, həm də onların Ermənistandakı siyasi-ideoloji dəstəkçilərini öz ölkəsi üçün ciddi problem hesab edir. Eyni zamanda, Nikol Paşinyanın «BMT Təhlükəsizlik Şurası «Dağlıq Qarabağın» statusunu müəyyən etməli olsa, bu qurum öz qətnamələrinin məntiqinə uyğun davranar. Yəni, həmin status BMT TŞ-nın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını tanıdığı Azərbaycanın Konstitusiyasına uyğun müəyyən edilərdi. Bu, o deməkdir ki, «Dağlıq Qarabağ»ın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şans qalmayıb» məzmunu daşıyan arqumentləri də olduqca cəsarətlidir. Hətta bu reallıqları vaxtaşırı üstüörtülü şəkildə qabardan keçmiş prezident Levon Ter-Petrosyan və onun müşaviri olmuş Jirayr Liparityan belə Paşinyan kimi açıq şəkildə dilə gətirə bilməyiblər.

Təbii ki,  Paşinyanın bu cəsarəti onu hazırda açıq hədəfə çevirib. İndi Ermənistan cəmiyyətinin bir hissəsi onu xəyanətdə suçlayır. Xankəndidən və ətraf bölgədən olan erməni separatçılar isə erməni baş naziri düşmən kimi təqdim edirlər. Xankəndidə separatçılara rəhbərlik edən Araik Arutyunyan baş nazir Nikol Paşinyana qarşı ağır ittihamlarla yüklənmiş bəyanat yayıb. Həmin bəyanatda Paşinyan hakimiyyəti «artsax» ideyalarına xəyanətdə suçlanaraq Xankəndini dəstəksiz buraxmaqda ittiham edilir. Eyni zamanda, Paşinyan hakimiyyətinə rəsmi İrəvanın Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin adından danışmaq, onların taleyini həll etmək hüququnun olmadığı barədə xəbərdarlıq edilir. Yəni, Paşinyan hakimiyyətindən dolayısı ilə bundan sonra Xankəndi və ətraf bölgədə yaşayan ermənilərlə bağlı hər hansı məsələyə qarışmamaq tələb olunur.

Bu, bir daha göstərir ki, Ermənistan çox ciddi daxili siyasi gərginlik astanasındadır. Bu savaşdan qalib çıxanlar isə çox güman ki, Paşinyanın tərəfdarları olacaqdır. Çünki Azərbaycan Ordusunun qüdrəti və dövlətimizin artan hərbi-siyasi gücü regionda yeni reallıq yaradıb. Ermənistanın isə bu reallıqla barışmaqdan başqa şansı yoxdur.