KÖŞƏ

Zahid Rza

Əli Kərimlinin siyasi mədəniyyət defisiti

27 dekabr 2021 22:58
1757

Azərbaycan siyasətinə ikiüzlülüyü, xəyanəti, sosial şəbəkələrə təhqiri, söyüşü gətirən AXCP sədri Əli Kərimli və onun əqidədaşlarıdır. Bu şəxsin “Facebook”dakı oxucularının, “YouTube” kanalındakı izləyicilərinin, daha doğrusu, trollarının demək olar ki, böyük əksəriyyətinin rəyləri aqressiya, təhqir və söyüşlərdən ibarətdir. Təbii ki, bütün bunlar AXCP sədri və onun əqidədaşlarının “siyasi mədəniyyət”indən, zəif intellektlərindən və deqradasiyaya uğramış mənəvi-əxlaqi keyfiyyətlərindən irəli gəlir.

Siyasi mədəniyyət anlayışını ilk dəfə politologiya elminə gətirən amerikalı politoloqlar Quarts Almond və Sidney Verba “Vətəndaş mədəniyyəti” əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdə rolunu çox yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişdilər ki, demokratiyanın inkişafı, demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Sosial şəbəkələrdəki trollarının vasitəsi ilə cəmiyyətdə qarşıdurma, gərginlik, aqressiya, nifrət və kin təlqin edən Ə.Kərimli kimi psevdodemokrat özü də yaxşı bilir ki, siyasi mədəniyyət həm də mənəvi mədəniyyətin tərkib hissəsidir. Bu da dolayısı ilə o deməkdir ki, siyasətlə məşğul olan şəxslər zəngin və dərin mənəviyyata sahib olmalıdırlar.

Bu gün AXCP sədri Əli Kərimli və “Milli Şura”nın sədri Cəmil Həsənli kimilərin ətrafındakı tör-töküntülərin, muzdlu mirzələrin, “siyasi mühacir” adı ilə bəzi Qərb ölkələrində məskunlaşan mənəviyyatsız və heysiyyatsız məxluqatların nifrət nitqi zəminində açıq-aşkar zorakılıq çağırışlarının siyasətlə  heç bir əlaqəsinin olmadığını ölkə ictimaiyyəti yaxşı bilir. Hamımız bilirik ki, bütün bunlar yalnız və yalnız anti-Azərbaycan dairələrin sifarişi və çirkli qrantları ilə ölkəmizdə kifayət qədər möhkəm təməllər üzərində bərqərar olan sabitliyi pozmaq, qarşıdurma yaratmaq, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbənin qazanılmasında mühüm rol oynayan milli birlik və həmrəyliyimizə ciddi zərbə vurmağa yönəlik, vahid mərkəzdən idarə olunan məqsədyönlü fəaliyyətdən başqa bir şey deyil. Bu gün Ə.Kərimli, onun yaxın adamı, “Milli Şura”nın rəhbəri C.Həsənli kimilərin əsas məqsədi odur ki, cəmiyyətdə gərginlik, qarşıdurma yaransın. Ə.Kərimlinin öz çirkin niyyətlərini həyata keçirmək üçün tərbiyəsiz və mənəviyyatsız trollardan məharətlə istifadə etdiyini də cəmiyyətimiz yaxşı bilir.

Məsələn, AXCP-nin Nərimanov rayon şöbəsinin təşkilati məsələlər üzrə keçmiş şöbə müdiri Ağaşirin Tanrıverdioğlu bir müddət əvvəl partiya funksionerlərinin gün ərzində 5-6 kompüter vasitəsilə yüzlərlə saxta profili idarə etdikləri faktını açıqlamışdı: “Bir adamın üzərinə getmək lazım gələndə birbaşa Əli Kərimli tərəfindən tapşırıq verilir. Vaxtilə İsa Qəmbər, Əli Kərimli və İlham Əliyevin namizədliyi ilə bağlı internetdə sorğu keçirirdilər. Yalnız bir səs vermək mümkün idi. Amma cəbhəçilər axışırdılar internetklublara. Saxta profillər yaradaraq səs verirdilər. Əldə saxlanmış hazır alətlər var. Bir neçə nəfər var ki, Əli Kərimlidən əmr gözləyir. Əmr verilən kimi, hamısı hücuma keçir. Kimi “məhv etmək” lazımdırsa, onun üzərinə gedirlər. Üzvlər konkret şəxslər tərəfindən bölünüb. İyrəncliklərə gedən üzvlərdən ibarət qruplar yaradılıb. Sosial şəbəkələrdə bu işə birbaşa Kərimlinin özü nəzarət edir. Özünün də evdə 5-6 kompüteri var. Ayrı-ayrı adlarla statuslar yazırlar. “Fake” profillər isə kifayət qədər çoxdur. Rəyasət heyətində elə şəxslər var ki, əllərinin altında onlarla saxta profil var. Ümumi götürsək, hazırda Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. 70-80 faiz saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar”.

AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova partiyada ona qarşı əxlaqsız şantajdan sonra dözmədi və etiraf etdi ki, “saxta profillərdən şərh yazmaqdan bezib: “Sosial şəbəkədə AXCP sədrinin statuslarına dərhal dəstək verilməli, “təsdiq” şərhləri yazılmalı və beləliklə, “çoxminli elektorat” görüntüsü yaradılmalıdır. Hakimiyyətin bütün fəaliyyəti ləkələnməli, görülən real işlərlə bağlı istənilən informasiya qaralanmalı və “qurşaqdan aşağı” şərhlər yazılmalıdır. Əli Kərimliyə qarşı çıxan hər kəs, hətta AXCP üzvləri belə təhqir olunmalıdırlar”…

Çox da uzağa getməyə ehtiyac yoxdur. Hər şey açıq-aşkar ortadadır…