KÖŞƏ

Elçin Zaman

Ermənistan niyə diplomatik uğursuzluq zolağından çıxa bilmir?

21 dekabr 2021 22:58
2791

Lider kasadlığı və pessimizm düşmən ölkədə kütləvi köç problemini sürətləndirir

Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçsə də bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran davam etməkdədir. Nəticədə Ermənistan vətəndaşlarında öz ölkəsinə və hökümətinə qarşı ciddi inamsızlıq hökm sürür. İndi ermənilər anlayırlar ki, onların ölkələrində normal yaşamaları artıq bir xəyaldır. Bu səbəbdən də ermənilərin xarici ölkələrə kütləvi köçü davam edir. 

Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu köçün qarşısını almaq üçün həm diplomatik, həm də iqtsadi sahədə ciddi uğurlar qazanmalıdır. Ona görə də xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq isə son çarə idi. Lakin bu istiqamətdə də dəstəkdən məhrum olan Ermənistan rəhbərliyi ölkəsində tamamilə nüfuzsuz bir fiqura çevrilib. Yəni bu gün lider kasadlığı erməniləri ölkələrindən köç etməyə məcbur edən digər mühüm səbəbdir. 

Nikol Paşinyanın «bazarlıq» etmək istədiyi iki mühüm məsələ nədir?

Qeyd edək ki, Ermənistan baş nazirinin postmüharibə dövründə «bazarlıq» etmək istədiyi iki mühüm məsələ var. Bunlardan birincisi Zəngəzur dəhlizinin açılmasına mane olmaq, ikincisi isə Qarabağın «status»u məsələsini yenidən müzakirə mövzusuna çevirməkdir. Lakin bu işdə də uduzan tərəf Ermənistandır. Çünki noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə Paşinyan bu məsələləri gündəmə gətirərək əsaslandırmağa çalışdı ki, Zəngəzur dəhlizinin açılmasına ölkəsi hazır deyil və buna etiraz edənlər çoxdur. Amma həmin görüşlərdə  həm  Prezident İlham Əliyev, həm də Prezident Vladimir Putin qəti mövqe sərgiləyərək dəhlizin açılmasında israr etdilər. Bildirdilər ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan Bəyanatın bütün bəndlərini yerinə yetirməlidir. Rusiyanın dövlət başçısı birmənalı olaraq bildirdi ki, tez bir zamanda sərhədlərin demarkasiyası və delimitasiyasına başlanılmalı və Zəngəzur dəhlizinin açılması üçün lazımi işlər görülməlidir. Bu qəti mövqedən və tələbdən sonra ermənilərin qurduğu xəyallar növbəti dəfə puç oldu. Paşinyan böyük ümidlə getdiyi Soçi görüşündən ölkəsinə «əli ətəyindən uzun» döndü.

Lakin Nikol Paşinyan özünə yeni himayədar axtarışına çıxaraq Avropadan kömək umdu. Belə ki, Soçi görüşündən sonra bütün ümidlərini Brüssel görüşünə bağlamışdı. O,  Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü səbirsizliklə gözləyirdi. Bu görüşün də Nikol Paşinyan üçün çox uğursuz başa çatdığını elə Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdən sonra verdiyi bəyanatdan aydın görmək olur. Şarl Mişelin bəyanatında vurğulanır ki, regionda bütün kommunikasiyalar açılmalı, Zəngəzurdan keçən dəmir yolu xətti çəkilməlidir. Ən başlıcası isə odur ki, Avropa İttifaqı Şurası da Ermənistanı öhdəliklərini yerinə yetirməyə çağırdı. Bu bəyanatdan o da aydın oldu ki, Avropa İttifaqı Şurası Azərbaycanın beynəlxalq qanunlara və ədalətə söykənən haqlı mövqeyini müdafiə edir.

Levon Ter-Petrosyan: Artıq heç kəsi Ermənistanın fikri maraqlandırmır

Bəli, bu gün Ermənilərin ən çox siyasi manevrlər etmək istədiyi məsələ Zəngəzur dəhlizidir. Onlar danışıqlar zamanı bu dəhlizin açılması ilə özlərinə birtərəfli dividendlər əldə etmək istəyirdilər. Lakin bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi qəti idi: Zəngəzur dəhlizi bütün tərəflərin maraqlarına cavab verməlidir. Azərbaycanın dövlət başçısının bu ədalətli mövqeyi İrəvanın həm iqtidar, həm də müxalifət düşərgəsinə şok yaşatdı. Amma Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyanın dediyi kimi, artıq «heç kəsi Ermənistanın fikri maraqlandırmır»dı.

Eyni zamanda, Prezident İlham Əliyevin  «Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o Laçın dəhlizinin eynisi olmalıdır» bəyanatı da ermənilərin Zəngəzur dəhlizi ilə bağlı ikili oyunlarına son qoydu. Bununla da Ermənistanın Laçın dəhlizindən Azərbaycanın nəzarəti olmadan istifadə etməsi fonunda Zəngəzur dəhlizinə nəzarət etmək istəyinin baş tutmayacağı təkcə İrəvanın yox, regionda marağı olan tərəflərin hamısına bəyan edildi.

 Bir məsələni də qeyd etmək yerinə düşər ki, həm Soçidə, həm də  Brüsseldə reallaşan üçtərəfli görüşlərdə, həmçinin Prezident  İlham Əliyevlə NATO-nun baş katibi arasında görüşdə «status» məsələsi yada düşmədi və Minsk qrupunun adı çəkilmədi. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin dediyi kimi, «status məsələsi gorbagor oldu».

Yuxarıda sadaladığımız beynəlxalq görüşlərdəki diplomatik qələbəmiz bir daha göstərdi ki, Qarabağ ətrafında proseslər müstəsna olaraq Azərbaycanın müəyyən etdiyi gündəlik üzrə, onun iradəsi və diktəsi əsasında gedir.