Zahid Rza |
Azərbaycanın tarixi qələbəsi ilə başa çatan qırx dörd günlük müharibəsindən sonra Ermənistanda Rusiya əleyhinə etiraz aksiyaları səngimək bilmir. Bu yaxınlarda paytaxt İrəvanda minlərlə erməni Rusiya əleyhinə etiraz yürüşünə çıxaraq Rusiyanı sərt şəkildə ittiham edən şüarlar səsləndiriblər. Aksiya iştirakçıları hətta Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədiblər.
Bu günlərdə isə Ermənistanın Milli Demokrat Partiyası paytaxt İrəvandakı ABŞ səfirliyi qarşısında Rusiya əleyhinə aksiya keçirərək Amerika prezidentindən dəstək istəyib. ABŞ prezidenti Co Baydenə ünvanlanmış məktubu diplomatik nümayəndəliyə təqdim edən aksiya iştirakçıları minnətdarlıq əlaməti olaraq səfirliyə hədiyyə kimi iki plakat da bağışlayıblar. Səfirliyə təqdim olunmuş və Co Baydenə ünvanlanmış məktubda təşkilatçılar ABŞ-ı Ermənistana “daha aktiv dəstək verməyə” çağırıblar və Rusiyadan şikayətləniblər. Etirazçılar ABŞ-dan daha fəal dəstək istəyiblər. Maraqlıdır ki, aidiyyəti qurumlar “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar!”, “Ruslar burnundan uzağı görə bilmir, Amerika isə 100 il əvvəli proqramlaşdırır!”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər!”, “Bolşeviklər gəldi, ölkəmizi tutdular, dövlətçiliyimizdən məhrum etdilər!” kimi Rusiyanın əleyhinə şüarlar səsləndirən aksiya iştirakçılarına qarşı heç bir tədbir görməyiblər.
Heç kimə sirr deyil ki, C.Sorosun Ermənistandakı əlaltıları Rusiya əleyhinə apardıqları təbliğatı İkinci Qarabağ müharibəsi üzərində qurmaqla məsələnin əsl mahiyyətini gizlətməyə çalışırlar. Onlar erməni cəmiyyətinin beyinlərinə yeritmək istəyirlər ki, qırx dörd günlük müharibədə Rusiya Ermənistana dəstək verməyib. İrəvanda Kreml əleyhinə etiraz aksiyaları ilə bağlı Rusiya səfiri Sergey Kapırkin bildirib ki, ötən ilin payızında Rusiya siyasi cəhətdən Ermənistanın yanında olan yeganə dövlət idi: “İndi müxtəlif regionlardan bəzi ölkələr yeni regional sistemdə özləri üçün nəsə tapmağa və əldə etməyə çalışırlar. Ancaq ötən ilin payızında həmin ölkələr çox təmkinli davranırdılar. Onlar susmağa üstünlük verirdilər”.
Bu günlərdə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan məsələ ilə bağlı daha sərt mövqe nümayiş etdirib: “Əgər Ermənistanda kimsə nəyisə satmaq istəsəydi, bir çox variantlar vardı, o cümlədən “Lavrov planı” da”. A.Simonyanın bu açıqlamalarına Rusiya Xarici İşlər Nazirliyi təxəyyül məhsulu adlandırdı. İş o yerə çatdı ki, məsələyə Rusiya XİN başçısı Sergey Lavrov da münasibət bildirdi: “Biz Ermənistandakı situasiyanın ağırlığını başa düşürük, asan deyil, ancaq Rusiyanın rolu ilə bağlı spekulyasiya etmək düzgün deyil. Azərbaycanda da onları dayandırdığımıza görə narazılıq var, Ermənistanda isə, parlament spikeri də daxil olmaqla, Rusiyanı Qarabağı satmaqda ittiham edirlər. Biz Ermənistana sorğu vermişik ki, bütün bunlar nə deməkdir. Ona görə də həmsədrlər humanitar təşkilatların, YUNESKO-nun gəlişinə istiqamətlənməlidirlər ki, mədəni sərvətlər onların nəzarətinə keçsin. Elə şeylər var ki, ola bilsin, küçə mitinqlərində alqışlara səbəb olmur, qəzetlərin manşetinə daşınmır, telekanalların baş xəbərinə çevrilmir, ancaq insanları sakitləşdirir, öz evində qonşu icmalarla normal yaşamasına səbəb olur”.
Yeri gəlmişkən, baş nazir Nikol Paşonyanın ən yaxın tərəfdarlarından olan A.Simonyanın bu fikirləri erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Ermənistan parlamentindəki müxalif düşərgə bu açıqlamalarına görə hətta parlament sədrinin istefasını tələb edib.
Baş verənlərə münasibət bildirən tanınmış rusiyalı politoloq Oleq Kuznetsov bildirib ki, Ermənistanda rusofobiyanın artması hazırkı erməni cəmiyyətinin son 30 il ərzində Azərbaycan torpaqlarında mövcud olmuş işğalçı rejimə zəmanət kimi Rusiyaya qarşı bəslədiyi xülyaların iflasa uğraması ilə bağlıdır. Ermənistanın xarici siyasət və müdafiə doktrinaları əsasən Rusiyanın Ermənistan uğrunda savaşacağı ümidləri üzərində qurulub: “Ermənistanda güman edirdilər ki, Azərbaycan işğal altındakı əraziləri azad etməyə başlayandan dərhal sonra Rusiya qoşunlarını Qarabağa yeridəcək və Ermənistan ordusu 1992-ci ildə olduğu kimi Rusiya hərbçilərinin arxasında gizlənəcək. Ermənistanın səsləndirdiyi “yeni müharibə – yeni ərazilər” prinsipi də məhz buna əsaslanırdı. Ermənistan tərəfi Rusiya hərbçilərinin Ermənistanın öz sərhədlərini Gəncəyə qədər genişləndirəcək zərbə gücünə çevriləcəyinə ümid bəsləyirdi. Uzun illər Ermənistan hakimiyyəti öz əhalisi arasında bu cür təbliğat aparıb, illüziyalar dağılandan sonra erməni cəmiyyəti özünü aldadılmış kimi hiss etdi”.
Ekspert həmçinin qeyd edib ki, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin artması məyusluq və ümidlərin iflasa uğramasından irəli gəlir. Təbii ki, ermənilər, həmişə olduğu kimi, özlərində heç bir günah görmədilər və yaranmış vəziyyətə görə Rusiyanı günahlandırdılar: “Bu cür tendensiyalar Qərbdə erməni diasporunun maliyyə imkanları hesabına və düşmən ölkələrin hərbi kəşfiyyatları hesabına xeyli dərəcədə dəstəklənirdi. Məhz buna görə də hazırda Ermənistanda rusofobiyanın getdikcə artdığı müşahidə edilir”.
Bütün bunlar deməyə əsas verir ki, Ermənistanda anti-Rusiya əhval- ruhiyyəsinin güclənməsi iki dövlət arasındakı münasibətlərdə bir az yumşaq desək, soyuqluğa səbəb olacaq. Yəni görünüən budur ki, bu xəmir hələ çox su aparacaq. Əslində ruslar özləri də yaxşı bilirlər ki, ermənilərə etibar etmək olmaz…