Zahid Rza |
“Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” deyən aparıcı Sevinc Osmanqızı əslində “Vətənim Azərbaycan” sözlərini demək haqqını itirmiş xəyanətkardır
Son vaxtlar ermənipərəst dairələrin, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən “siyasi mühacirlər” sosial şəbəkələrin yaratdığı geniş imkanlardan istifadə edərək xəyanətkarcasına Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyasının miqyasını daha da genişləndiriblər. Artıq bəlli olub ki, erməni lobbisi bəzi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın dövlət maraqlarının əleyhinə təbliğat aparan bu qaragüruha ianə adı ilə külli miqdarda pullar verir, həmin “müstəqil bloggerlər”in ofis, ev xərclərini ödəyir, onlara hər cür şərait yaradırlar. Xəyanətkar, satqın “müstəqil bloggerlər”in dağıdıcı müxalifətlə sinxron fəaliyyəti, onların internet televiziyalarının maddi təchizat baxımından geniş imkanlara malik olması bəzi qaranlıq məqamları üzə çıxarır. Bəlli olur ki, bütün bunlar Azərbaycan əleyhdarı olan bəzi dairələrin vahid bir mərkəzdən sistemli şəkildə idarə etdiyi prosesdir.
Bu da inkaredilməz həqiqətdir ki, istehza və təhqir əxlaqi-mənəvi deqradasiyaya uğrayan dağıdıcı müxalifət nümayəndələrinin və “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində məskunlaşan ləyaqətsiz ünsürlərin əsas manipulyasiya alətləridir. Öz çirkin siyasi mübarizəsini yalan, böhtan, təhqir və istehza üzərində qurmuş radikalların tək amacı ölkə daxilində vətəndaş qarşıdurmasının yaradılmasıdır. “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” sözləri yalnız öz dövlətinə və Vətəninə qarşı edilmiş xəyanət aktı deyil, eyni zamanda, üç minə yaxın şəhidimizə qarşı mənəviyyatsızlıqdır. Belə ki, beş dəqiqəlik efir şöhrəti, qalmaqal və “layk” naminə 3 min şəhid ailəsinin evindəki göz yaşlarına səbəb olmuş N. Paşinyanı özünə örnək hesab edən radikallar bütün mənəvi dəyərləri ayaqlar altına atmaqla öz mənəviyyatsızlıqlarını bir daha biruzə verirlər. Bu yaxınlarda “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” deyən aparıcı Sevinc Osmanqızı əslində “Vətənim Azərbaycan” sözlərini demək haqqını itirmiş biridir. Canlı efirdə izləyicilərin qarşısında bu sözlərin səsləndirilməsi bilavasitə “xəyanətə hazıram” mesajının düşmənə ötürülməsi deməkdir. Məlum efirdən Ermənistanın baş nazirinə rəğbət etiraflarından sonra aparıcı Sevinc Osmanqızı öz verilişlərini artıq yalnız erməni dilində aparmalıdır. “Kaş ki, mənim rəhbərim erməni olaydı” deyənin özünü azərbaycanlı hesab etmək üçün mənəvi haqqı yoxdur.
Söz, mətbuat azadlığını mənəviyyatsızlıq ilə qarışdıran, “Sarı mətbuat” janrına sadiq qalan radikalların “YouTube” kanalları həqiqət axtarışında yox, qalmaqal ovundadırlar. Onların fəaliyyəti “hər yeni qalmaqal yeni gündəm və baxışların sayının artımı deməkdir” düsturu üzərində qurulub. Belə olmasaydı bu xəyanətkar zümrə öz fəaliyyətləri ilə rəsmi İrəvanın cinayətlərinə şərik çıxmazdılar. 30 il ərzində torpaqlarımızı işğal edən və 1 milyona yaxın azərbaycanlının məcburi köçkün və qaçqın şəraitində yaşamasının səbəbkarı olan ölkənin rəhbərini özünə örnək seçən Sevinc Osmanqızı kimilər əslində rəsmi İrəvanın, erməni terroristlərinin cinayətlərinə şərik çıxmış olurlar. Damarlarında azərbaycanlı qanı axan insan mina xəritələrini alver predmetinə çevirən Ermənistanın baş naziri Nikol Paşinyan kimi avantüristi özünə nümunə və örnək saya bilməz. Mülki şəxslərin, günahsız insanların ölümünə və şikəst olmasına səbəb olan, mina xəritələrini verməyən rəsmi Ermənistanın siyasi-hərbi rəhbərliyini tərifləyən dağıdıcı müxalifət əslində “əcəb edib xəritələri verməyiblər” demiş kimi olur. Bütün bunlar bu satqınların uşaq qatillərinə olan platonik sevgisinin etirafıdır. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtərin ballistik raketlərlə bombalanması əmrini vermiş N.Paşinyanı özünə örnək seçmiş radikallar erməni cinayətkarları qədər məsuliyyət daşımalıdırlar.
Təbii ki, “Osmanqızı TV” kanalında baş verənlər artıq sadəcə efir xuliqanlığı deyil, cinayətdir. Azərbaycan xalqına və dövlətinə nifrət hisslərini aşılayan bu mənəviyyatsızlar hər bir azərbaycanlı üçün müqəddəs olan mövzulara toxunurlar. “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” sözlərini deyən şəxs insanları açıq şəkildə Vətənə qarşı casusluğa sövq edir. Qalmaqal və sensasiya çempionu silinməz çirkə batdı. “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” sözlərinin müəllifi xalqın uğur və Qələbələrinə sevinməz. Onları şad edən rəsmi İrəvanın cinayətləridir. Məhz bu çirkin əməllərinə görə cəmiyyətimiz onları boykot edərək bu xəyanətkarların cəzalandırılmasını tələb edir.