KÖŞƏ

Zahid Rza

Ter-Petrosyan erməniləri xəbərdar edir

10 dekabr 2021 00:59
1481

“Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”

İkinci Qarabağ müharibəsində məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistanda siyasi gərginlik davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qarabağ klanı arasında ziddiyyətlər də dərinləşməkdədir. Bu klanın əsas üzvlərindən olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və onun ətrafındakıların hakimiyyət iddiaları və iqtidara qarşı çıxışlarını getdikcə sərtləşdirmələri vəziyyəti daha da gərginləşdirir. R.Koçaryan təhlükəli çıxış və bəyanatları ilə müharibəni yenidən qızışdırmağa çalışır. Əslində bu hərbi cinayətkar qırx dörd günlük müharibədən sonra regionda formalaşmış yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını artıq sual altına alır.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan R.Koçaryanın avantürist açıqlamalarının məğlub Ermənistan üçün təhlükəli olduğunu bildirib. Öz praqmatik çıxışları ilə digər populist erməni siyasətçilərdən fərqlənən L.Ter-Petrosyan mətbuata verdiyi açıqlamada bildirib ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib. L.Ter-Petrosyan Azərbaycanın Qarabağ münaqişəsində səbirli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirir. O, R.Koçaryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edərək deyir: “Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. R.Koçayan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? R.Koçaryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.

Tanınmış israilli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Ermənistanın son zamanlar sərhəddə törətdiyi təxribatlarını şərh edərkən deyib ki, təcavüzkar ölkə revanşizmlə yaşayan ölkədir. O, sakitləşməyəcək, sülh müqaviləsini imzalamayacaq, o, yalnız qan, münaqişənin davam etdirilməsi və dərinləşməsini istəyəcək. Bundan əlavə, o, Rusiyanın sülhməramlılarını da bu işə cəlb etməyə və Qarabağın itirilmiş torpaqlarını, heç olmasa, qismən də olsa, geri qaytarmağa çalışacaq. Ekspert Ermənistanı başsız ilanla müqayisə edib: “Bu ölkə başı kəsilmiş ilan kimidir və bu baş son nəfəsində belə öldürmək niyyətində olacaq. Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır. Bir tərəfdən başı kəsildi, digər tərəfdən isə bu baş sancmağa və hər alçaqlıq etməyə qadirdir”.

Bu bir gerçəklikdir ki, qırx dörd günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edən Azərbaycan erməni faşizminin bir daha baş qaldırmasına imkan verməyəcək. Buna görə də təcavüzkar Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Əgər Ermənistan hakimiyyəti revanşist, terrorçu əməllərinə, təxribatlarına son qoymasa, “Dəmir yumruq” yenidən işə düşəcək. Bu gerçəkliyi Ermənistanı gizlicə, əl altından qızışdıran, erməni terror və təxribatlarının bölgədə yenidən baş qaldırmasına bilərəkdən seyrçi qalan üçüncü qüvvələr də dərindən dərk etsələr, əlbəttə daha yaxşı olardı. Göründüyü kimi, Ermənistan hakimiyyətinin revanşist əməlləri açıq-aşkar şəkildə ortadadır. Ancaq bütün bunlar əbəsdir. Ermənilərin bu məkrli oyunları, regionda davamlı sülhə, sabitliyə və əməkdaşlığa qarşı təhlükə törədən cəhdləri heç bir nəticə verməyəcək. Prezident İlham Əliyev dekabrın 6-da Quba rayonunun Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşü zamanı bu barədə deyib: “Eyni zamanda bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü”.