KÖŞƏ

Zahid Rza

Qara niyyətli ağ yalanlar…

03 dekabr 2021 00:57
1336

Qəhrəman Azərbaycan Ordusu qırx dörd günlük Vətən müharibəsində mənfur düşmən üzərindəki möhtəşəm Qələbəsi ilə Qarabağı işğaldan azad etdi. Respublikamızın ərazi bütövlüyü təmin edildi. Qarabağda azadlıq günəşi doğdu. Dəmir yumruq əməliyyatı ilə düşmənin 30 illik “keçilməz sədlər”i cəmi 44 gündə darmadağın edildi, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun Şuşanı azad etməsi xalqımızın Qarabağ yarasına məlhəm oldu. 

İnkaredilməz həqiqətdir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın hərb meydanında qazandığı tarixi Zəfər diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Bir neçə gün bundan əvvəl, noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüş bunu bir daha təsdiq etdi. Orada imzalanan Bəyanatda da məhz ölkəmizin başçısının mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Əslində Soçi görüşündə imzalanan sənəd prinsip etibarı ilə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının məntiqi davamıdır, desək heç də yanılmarıq.

Soçi görüşündən iki gün sonra Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqları bir daha dəyərləndirdi. Zirvə Görüşündə qəbul edilən yekun Bəyannamədə təşkilata üzv dövlətlərin Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik məktubu xüsusilə qeyd edilməlidir. Belə ki, Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçü Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bəyannamədən də göründüyü kimi, KTMT üzvləri Azərbaycanın qələbəsini, ərazi bütövlüyünü dəstəkləyirlər. Bu da, əlbəttə ki, Prezidentimizin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsinin parlaq təzahürüdür.

Bütün bunlar Azərbaycanın diplomatik qələbəsi olmaqla yanaşı, həm də tarixi reallıqlardır. Təbii ki, cəmiyyətimiz bütün bu prosesləri yaxından izləyir, ölkəmizin başçısının əldə etdiyi möhtəşəm nailiyyətləri təqdir edir, böyük ruh yüksəkliyi ilə Azərbaycanı qələbədən-qələbəyə aparan Liderini dəstəkləyir, böyük sevinc, hədsiz fərəh, qürur hissləri yaşayır. Danılmaz həqiqətdir ki, bütün qələbələrin təməlində xalqın əzmi, ruh yüksəkliyi dayanır.

Təbii ki, xalqımızın dövlətçiliyimizin ətrafında dəmir yumruq kimi birliyi, ən yüksək formadakı həmrəyliyi erməni lobbisini, məğlub Ermənistanın havadarlarını və onların öz çirkin oyunlarına alət etdikləri “sapı özümüzdən olan baltalar”ı, antimilli ünsürləri narahat edir. Ermənipərəst mərkəzlərin çirkli qrantları müqabilində yalnız iqtidara deyil, dövlətə, dövlətçiliyimizə müxalifətdə olan dağıdıcıların “tənəkə liderlər”indən AXCP sədri Əli Kərimli, onun vassalı, “Milli Şura”nın sədri Cəmil Həsənli, gündə bir siyasi təşkilat dəyişən Gültəkin Hacıbəyli, Müsavat Partiyası ilə AXCP arasında girinc qalan Tofiq Yaqublu və digərləri başlarına beş-on nəfər gədə-güdəni yığaraq gecə-gündüz sosial şəbəkələrdə Azərbaycan əleyhinə qara piar kampaniyası aparırlar. Bu işdə onlar əsas təbliğat ruporu olaraq “siyasi mühacir” adı bəzi Qərb ölkələrində sığınacaq tapan və ayrı-ayrı xarici kəşfiyyat orqanlarının əlaltısına çevrilən Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı, Məhəmməd Mirzəli kimilərdən böyük ustalıqla istifadə edirlər. Sosial şəbəkələrin canına daraşan bu parazitlərin əsas işi öz xarici ağalarının tapşırığı ilə gecə-gündüz qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizə, Soçidə və Aşqabadda əldə edilən uğurlarımıza ləkə yaxaraq, şər-böhtan yağdıraraq ictimai rəyi yanlış istiqamətə yönləndirmək və bu yolla xalqımızın milli-mənəvi sərvətinə çevrilən milli birliyimizi sarsıtmaq, cəmiyyəti xaos və anarxiya bataqlığına sürükləməkdən ibarətdir. Qara niyyətlərini ağ yalanlarla süsləyən, “YouTube” və “Facebook”da “Osmanqızı”, “Azərbaycan saatı”, “Azad söz” kimi internet Tv-lərdə insanlara kini, nifrəti təlqin edən, onları şiddətə və vəhşətə çağırmaqla öz şərəfsizlik avtobioqrafiyalarına hər gün yeni səhifələr yazan, milli mənlik şüurunu, heysiyyatını itirərək  bütün dünyada xaos, anarxiya, qarğaşa, aclıq və səfalətin, hər cür pisliyin hakim olması üçün var gücü ilə çalışan dəccalların fitnəsinə uyan bu satqın və mənəviyyatsız zavallılar  hələ də anlamırlar ki, heç zaman öz istəklərinə, çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Ona görə də özlərini cəmiyyətdən təcrid edərək marginallaşan bu merkantillər nə qədər ki, gec deyil, tövbə edərək getdikləri yanlış yoldan dönsələr yaxşı olar. Çünki tövbə qapısı həmişə açıqdır. Allah səhvlərindən və günahlarından sonra doğru yola qayıdanların xətalarını bağışlayandır. Bu barədə bir ayədə belə bildirilir: “Bizim ayələrimizə iman edənlərə de: İçinizdən kimsə cahilliyindən pislik edər, sonra tövbə edərək (özünü) islah edərsə şübhəsiz, Allah bağışlayandır, əsirgəyəndir.” (Ənam surəsi, 54)