KÖŞƏ

Zahid Rza

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək

30 noyabr 2021 21:56
1779

Qırx dörd günlük Vətən müharibəsində parlaq Qələbə qazanan Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, regional layihələrin reallaşdırılması istiqamətində də uğurlu fəaliyyət göstərir. İstər bu Bəyanat, istərsə də yanvarın 11-də imzalanan sənəd bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin edir. Razılaşmaların məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmir yol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmir yolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir. Bu razılaşmalar əsasında açılması nəzərdə tutulan Zəngəzur dəhlizi mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Əvvəla, ölkə başçısının söylədiyi kimi, ilk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Burada vacib məqamlardan bir də odur ki, bu dəhliz vasitəsilə Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışı təmin ediləcək.

Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcək, sülhün, əməkdaşlığın və təhlükəsizliyin təminatçısı rolunu oynayacaq. Zəngəzur dəhlizinin reallaşması ilə türk dünyasının coğrafi parçalanması aradan qaldırılacaq, bu coğrafiyada mövcud əməkdaşlıq daha da dərinləşəcək. Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyəyə birləşdirəcək bu dəhliz Orta Asiya ilə Avropanı birləşdirəcək, Aralıq dənizindən Böyük Çin səddinə qədər nəhəng bir ərazini əhatə edəcək.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə bildirilir ki, tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb, Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar.

 Zəngəzur dəhlizi Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edəcək. Prezident İlham Əliyev 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısındakı çıxışında bildirib ki, Azərbaycan bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Zahid Rza, “İki sahil”