Zahid Rza |
Gizli deyil ki, ABŞ demokratik dəyərlərə münasibətdə çox zaman ikili standartlardan çıxış edir. “Demokratiyanın beşiyi” adlandırılan bu supergüc zaman-zaman “demokratiya və insan haqlarının pozulması” adı altında başqa ölkələrə müxtəlif üsullarla təzyiqlər edir. Ancaq gəlin görək, ABŞ-da insanların, vətəndaşların hüquq və azadlıqları ideal səviyyədə təmin olunurmu? Bu ölkədə yaxın keçmişdə bu gün baş verənləri göz önünə gətirərkən bu suala da heç də birmənalı cavab vermək olmur. Bu ölkədə mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı sərbəst toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır.
ABŞ-da bu sahədə ümumi mənzərə heç də ürəkaçan deyil. Heç kimə sirr deyil ki, son illər irqi ayrı-seçkilik, ksenofobiya, həbsxanaların dolu olması, ruhi xəstələrin edam edilməsi Amerika ictimai-siyasi sistemi üçün xarakterik hal alıb. Cari ilin dekabrın 9-10-da keçiriləcək “Demokratiya sammiti”nin təşəbbüskarı C. Baydenin “demokrat” dostu və silahdaşı Barak Obamanın prezident seçilməsindən sonra da bu ölkədə xüsusi xidmət orqanlarının “daxildə düşmən axtarışı”, irqi ayrıseçkilik hallarının daha da artması da heç kimin yadından çıxmayıb. Belə ki, 2011-ci ilin noyabrında Nyu-Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı “Uoll striti zəbt et” adlı hərəkata qoşulan, sosial bərabərsizliyə son qoyulmasını tələb edən yüzlərlə insan həbs olunmuş, bu ad altında Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilən aksiyalarda öz peşə borcunu yerinə yetirən jurnalistlər də ABŞ polisi tərəfindən həbs edilib, zorakılıqlara məruz qalmışdılar. 2014-cü ildə Fergusonda irqi ayrı-seçkilik nəticəsində zənci gəncin polislər tərəfindən öldürülməsinə etiraz edərək nümayişə çıxanların həbs edilməsi və onlara qarşı zorakılıq tətbiq edilməsi, bu hadisələri işıqlandıran “Əl-Cəzirə”nin jurnalistinə polisin qaz bombası atması da yaddaşlardan silinməyib.
Əslində, ABŞ demokratiya, söz və insan azadlıqları anlayışlarından həmişə təzyiq vasitəsi kimi istifadə edib. Bu gün həmin “dəyərlər”dən Türkiyə, Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı qara piar kampaniyası aparmaq üçün istifadə olunur. Qətiyyətlə demək olar ki, qırx dörd günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycana, bu regional gücə və dünyada söz sahibinə çevrilən Türkiyəyə və digər ölkələrə qarşı irəli sürülən ittihamlar tamamilə əsassız və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil. Dekabr ayında keçiriləcək “Demokratiya sammiti”nə Azərbaycanın və qardaş Türkiyənin dəvət olunnması bunun bariz nümunəsidir.
Doğrusu, bütün bunlar “bir taktika” və ya uğursuz gedişdən başqa bir şey deyil. Çox zaman müstəqil siyasət yeridən, özünü bütün sahələrdə təsdiq edən, uğurlu inkişaf yolu seçmiş ölkələrin çoxu oxşar aqibəti yaşayır, tez-tez eyni təzyiqlərə məruz qalırlar. Bəzi güc mərkəzləri müstəqil sürətdə öz problemlərini həll edən, hər vasitə ilə milli maraqlarını ən yüksək səviyyədə qoruyan dövlətlərin öz xalqlarına sahib çıxmalarını rahatlıqla həzm edə bilmirlər. Ona görə həmin dairələr belə dövlətləri hər vasitə ilə sınağa çəkməyə çalışırlar.
Birmənalı olaraq demək lazımdır ki, Qərbdə “demokratiyanın dayaqları” kimi tanınan bir sıra təşkilatların, eləcə də özünü bütün dünyaya “demokratiya beşiyi” kimi sırımaq istəyən bəzi dövlətlərin bir çox anlaşılmaz addımları, yol verdikləri ikili standartlar bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə ağır zərbələr vurur. Bəşəriyyət indi ABŞ-ın beynəlxalq hüququn norma və prinsiplərini, demokratiya, insan hüquq və azadlıqları məsələlərini əsl mahiyyətindən uzaqlaşdıraraq özünün geosiyasi-ideoloji maraqlarından asılı vəziyyətə saldığının acı bəhrələrini Yaxın Şərqdə daha yaxından hiss edir. Suriya, İraq, Əfqanıstan, Liviya, Misir kimi ölkələrdə “ərəb baharı” nəticəsində milli dövlətçiliyin iflası, baş verən xaos, böhran, qanlı toqquşmalar, aclıq, səfalət, yoxsulluq bunun bariz nümunəsidir. Məhz o zamandan etibarən Yaxın Şərqdə dünyanın tanınmış ekspertlərinin dediyi kimi, “neokolonial quldurluq dövrü” başladı.
O ki, qaldı iyirmi birinci yüzilliyi “inqilablar dövrü”nə çevirməyə cəhd edən ABŞ-ın indiki prezidenti Co Baydenin təşəbbüsü ilə təşkil olunan “demokratiya sammiti”nə Azərbaycanın dəvət olunmamasına, bu, gülünc olduğu qədər də məntiqsizdir. Tanınmış amerikalı analitik, yazıçı və şərhçi Pol Qobl məsələ ilə bağlı deyib ki, bu sahədə problemsiz ölkənin olmadığını nəzərə alsaq, demokratiyanın təşviqi və bu istiqamətdə hərəkət edən ölkələrə dəstək tərifəlayiq olsa da, bunu təcrübədə həyata keçirmək elə də asan deyil: “1990-cı illərin əvvəllərində ABŞ bu istiqamətdə addımlayacağı ümidi ilə bu cür sammit keçirmişdi. Bu il iştirakçı ölkələrin sayı nisbətən azdır ki, bu da tədbirə marağın azalmasını göstərir. Hesab edirəm ki, bu cür görüşlər demokratik dəyərləri təşviq etmək üçün heç də ən yaxşı vasitə deyil. Nəzərə almaq lazımdır ki, demokratiya sahəsində problemlər həmişə olub və olacaq”. Həmçinin Azərbaycan və Türkiyənin sammitə dəvət edilən qonaqlar arasında olmamasını şərh edən analitik C.Baydenin bu qərarını qəribə adlandırıb.
Doğrudan da qəribə deyilmi?..