KÖŞƏ

Vəli İlyasov

Ermənistan zorla ərə verilən gəlinə oxşayır…

04 noyabr 2021 23:59
1367

Cin misdən qorxan kimi, ermənilər də sərhədləri müəyyən edən xəritələrin üzə çıxarılması məsələsindən bərk qorxurlar. Əsasları da var. Çünki 1920-ci ilə qədər Ermənistan adlı dövlət olmayıb. Dövlət olmayıbsa deməli, onun ərazisi və sərhədləri də olmayıb.  Ona görə də artıq mizan-tərəzinin qurulduğunu görən ermənilər sərhədlərin müəyyənləşdirilməsinə əngəl yaratmağa çalışırlar. Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə  naz-qəmzə ilə yanaşır, gah “hə”,  gah da “yox” deyir, sanki özünü zorla ərə verilən gəlin kimi aparır. Sürtük ermənilər həmişə olduğu kimi, yenə də gözlərini onun-bunun qapısına dikiblər, kimsə çıxar, bunlara yiyəlik edər. Ancaq “yiyələr” rəzil vəziyyətə düşmüş ermənilərə yalnız mesaj göndərir, dəlinin yadına daş salırlar.

Ona görə də özü üçün məqbul çıxış yolu tapmaqda aciz qalan Ermənistan hər şeydən narazıdır. İrəvan sülhə aparan bütün məsələlərə bir əmma qoyur. Üstəlik, proseslərdə ləng tərpənir. Hər şeyi əngəlləməyə çalışır. Onlar cığallıq edərək bildirirlər ki, biz vaxtilə sovet dövlətinin tərkibində olmuşuq. Əgər demarkasiya və delimitasiya məsələsi gündəmə gəlirsə,  başqa tərəflər də bu məsələdə iştirakçı olmalıdır. Açıq görünür ki, onlar yenə də Rusiyanın gölgəsinə sığınmağa, onun arxasında gizlənməyə can atırlar. Əslində mübahisəli demarkasiya və delimitasiya məsələsi iki qonşu dövlət arasında öz həllini tapmalıdır və tapır. Doğrudur, bu, çox ağrılı və uzun sürən bir prosesdir. Bütün bunlara baxmayaraq, dövlətlər nə olursa-olsun, sonda proseslərdə iştirak edirlər, razılığa gəlirlər ki, yekunda konsensus əldə edilsin. Rusiya artıq proseslərə qarışıb və Ermənistanla Azərbaycan arasında sülhün, barışığın bərqərar olmasına çalışır. Hətta Rusiya Prezidenti Vladimir Putin də “Valday” Beynılxalq Diskussiya  Klubunun toplantısında bu məsələyə toxunaraq bildirib ki, istəyimiz odur ki, Azərbaycanla Ermənistan barışsınlar. Hətta Kreml sülh müqaviləsinin bu iki ölkə arasında imzalanmasının da tərəfdarıdır. Üçüncü dövlətin - Rusiyanın fəallığı məsələsində yəqin ki, Ermənistanın da xahişi var, bizim də buna bir etirazımız yoxdur. Yada salmaq lazımdır ki, inzibati xəritələr, sovet dövrünə aid xətlər... Bunların hamısı sovet dövrünə aid idi. 1920-ci illərdə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin bütün konturları Moskvanın nəzarəti altında çəkilirdi. Yəni, bütün bu konturlar Rusiyanın iştirakı ilə cızılmışdı. O baxımdan da Rusiya bir daha yada salır ki, zamanında - yüz il bundan əvvəl bütün bu proseslərin iştirakçısı olub. Kreml yenə də bu məsələnin üzərində dayanır, münsif olmaq istədiyini bildirir. Deyilir ki, 1920-ci illərdə çəkilən xəritələr də bu məsələdə əsas kimi götürülməlidir. Bütün bunlar Rusiyanın mövqeyidir.

Ancaq bunu da xatırladaq ki, 1920-ci ildən əvvəlki dövrlərdə Zəngəzur, Göyçə və Dərələyəz mahalları Azərbaycanın tərkibində idi. Sovet hökumətinin ədalətsiz və zorakı qərarları ilə sonradan Azərbaycandan alınıb  təzəcə qondardıqları Ermənistana “bağışlandı.”  İndi isə Azərbaycanın mövqeyi itirdiyi bütün bu ərazilərin geri qaytarılmasıdır.