Zahid Rza |
Son iki yüz ildə öz havadarlarının köməyi ilə xalqımıza qarşı şovinist-millətçi siyasət aparan təcavüzkar Ermənistanın 28 illik işğalı dövründə Qarabağda Azərbaycana məxsus bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. İşğal olunmuş ərazilərdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılıb, xalqımızın milli- mənəvi dəyərləri təhqir edilib. Erməni faşistlər işğal dövründə Qarabağda məqsədli şəkildə bütün tarixi abidələrimizi məhv edib, maddi mədəniyyət nümunələrimizi talayıb, hətta qəbirləri söküb, sümükləri belə daşıyıb aparıblar. Prezident İlham Əliyevin söylədiyi kimi, “onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər”.
Erməni barbarları Qarabağda xalqımıza məxsus məscidlərdə ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Eləcə də işğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.
Tarixi torpağımız olan Qarabağda onlarca Alban kilsələri var ki, hamısı ermənilərin yaratdıqları saxta internet saytlarında adları dəyişdirilərək erməni kilsəsi kimi təqdim olunur. Hacıkənd yaxınlığında məşhur Yeghnasar Alban kilsəsi, Xocalıda Qandzasar kilsəsi və Çanaxçı kəndindəki alban məbədi, Xocavənddə Tuğ kəndindəki Alban kilsəsi, Kəlbəcərin Qoçaqot, Kolataq, Qozlu kəndlərində və adlarını saymaqla bitməyən onlarca belə tarixi Alban kilsələri erməniləşdirilib, kilsə xaçları dəyişdirilib və saxtalaşdırılıb. Bundan başqa, Azıx mağarasında qanunsuz olaraq xarici ölkə mütəxəssisləri ilə birlikdə illərlə arxeoloji qazıntılar aparılmış, Ağdamın məşhur Şahbulaq saray kompleksində “Tiqranakert” adı altında muzey yaratmışlar. Ağdam ərazisində apardıqları arxeoloji qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı-Gədəbəy mədəniyyətinə aid məşhur kurqanları dağıdaraq əldə etdikləri maddi sübutları Ermənistana daşıyıb aparmışlar. Zəngilanın Quyudərə və Xocalının Çanaqçı kəndlərindəki Tunc dövrü nekropollarında da arxeoloji qazıntıların aparılması, artefaktların əsl talançılıq yolu ilə Ermənistanın muzeylərinə daşınması faktları da məlumdur. Erməniləşdirilə bilməyən xeyli abidələrimiz isə sadəcə məhv edilib. Həmçinin Laçın rayonunun Malıbəyli, Güləbird, Küsülü, Kəlbəcərin Zar və Zəylik kəndlərində, eləcə də Cəbrayılın Şıxlar, Qubadlının Mahmudlu kəndlərindəki qədim tariximizin və mənəvi mədəniyyətimizin rəmzi sayılan daş at və qoç fiqurlu qəbir daşları tamamilə məhv edilib. Laçın rayonunun Hoçaz kəndindəki mağara məbədin divarlarına dini məzmunlu şəkillər - freskalar və ikonalar çəkiblər. Zəngilan rayonunun Rəzdərə kəndindəki IX əsrə aid məscid və VII əsrə aid türbə tamamilə dağıdılıb və yerlə-yeksan edilib.
Tarixçi alimlər qeyd edirlər ki, Qarabağda məqsədyönlü şəkildə, müxtəlif üsullarla erməniləşdirmə siyasəti yeridilməsi maddi mədəniyyət abidələrimizin yox edilməsində və dəyişdirilməsində təzahür edib. Əvvəllər köçüb yerləşdikləri ərazilərdə Alban-xristian abidələrini məhv etməklə izini itirməyə çalışan ermənilər sonradan bunun fayda verməyəcəyini başa düşərək, özününküləşdirməyə təşəbbüs göstərmişlər. Belə ki, erməni abidələrindən tamamilə fərqlənən bütün Alban abidələrini, xaçları, məbədləri ermənilərə məxsus abidələr elan ediblər.
Millətçi-şovinist virusuna yoluxan ermənilər unudurlar ki, nəinki Qarabağda, hətta Ermənistanın özündəki bütün tarixi, arxeoloji, mədəni-dini abidələr, maddi-mədəniyyət və incəsənət nümunələri Azərbaycan xalqına məxsusdur. Ermənilər onları nə qədər saxtalaşdırsalar, dağıdıb yer üzündən silməyə çalışsalar da, heç nəyə nail ola bilməyəcəklər. Belə yerdə əfsanəvi bosniyalı siyasətçi, Bosniya və Herseqovinanın ilk Prezidenti mərhum Aliya İzzetbeqoviçin müdrik bir kəlamını xatırlamaq yerinə düşər: “İstədiyiniz qədər dağlara xaç qoyun. Səmaya hər dəfə baxdığınızda ay və ulduzu görəcəksiniz”.