KÖŞƏ

Zahid Rza

Xəyanətkarların qaranlıq şər səltənəti…

08 oktyabr 2021 00:57
1445

Artıq bir ilə yaxındır ki, xalqımız İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Zəfərin sevinci yaşayır. Bəli, 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarix yazdı. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımız azad edildi, respublikamızın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın təməlində ölkə başçısının son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, sosial-iqtisadi və siyasi uğurlar, xarici siyasətdəki nailiyyətlər, milli birlik və həmrəyliyimiz dayanırdı.

İkinci Qarabağ müharibəsindəki məğlub Ermənistanın, erməni lobbisinin, onların havadarlarının, anti-Azərbaycan dairələrin və onların muzdlu nökərləri olan antimilli qüvvələrin kürkünə birə salıb. Ona görə də bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün bütün qüvvəllərini səfərbər edərək ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyasını gündən-günə gücləndirirlər. Son vaxtlar antimilli düşərgənin “liderlər”indən  olan AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin,  Tofiq Yaqublunun eləcə də onlarla işbirliyində olan Sevinc Osmanqızının, Qənimət Zahidin, Tural Sadıqlının, İsa Sadıqov- Fəhmin Hacıyev cütlüyünün və bu qəbildən olan digər satılmışların erməni lobbisinin tezisləri əsasında sosial şəbəkələrdə ölkəmizin əleyhinə apardıqları  qara piar kampaniyasının miqyasının genişləndirilməsi heç də təsadüfi deyil.

Belə ki, bu xəyanətkar başıpozuq dəstənin üzvləri məsələlərin əsl mahiyyətini bilərəkdən təhrif edərək Azərbaycana şər-böhtan yağdırır, ölkə rəhbərliyini sosial şəbəkələrdəki qərəzli, məsuliyyətsiz insanların, ən başlıcası isə məlum qaragüruhun əli ilə hədəfə çevirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər. Burada əsas məqsəd ölkəmizdə ictimai rəyi çaşdırmaq, eləcə də beynəlxalq aləmdə Azərbaycana qarşı yanlış təəssürat oyatmaqdır. Vətən müharibəsində Azərbaycanın dəmir yumruğu ilə təcavüzkar Ermənistanın başını əzərək tarixi torpaqlarını 30 illik işğaldan azad etməsindən sonra ölkəmizə qarşı yönəldilən antitəbliğatın rənginin daha da tündləşdirilməsi bir daha təsdiq edir ki, bütün bunlar vahid mərkəzdən idarə olunur. Öz trol ordusu ilə sosial şəbəkələri, “YouTube”u zəbt edən dağıdıcı müxalifət təmsilçiləri, istərsə də müxtəlif ölkələrdə siyasi mühacir adı ilə məşkunlaşan xəyanətkar “bloger”lər xarici kəşfiyyat orqanlarından aldıqları təlimatlar və göstərişlər əsasında Azərbaycanda xaos, anarxiya, qarşıdurma yaratmaq üçün mitinqlərə, qanunsuz aksiyalara  çağırışlar edirlər. Bütün bunlar anti-Azərbaycan dairələrin, bəzi xarici xüsusi xidmət mərkəzlərinin “sapı özümüzdən olan baltalar”a ötürdükləri tezislər əsasında həyata keçirilir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın düşmən üzərindəki tarixi Qələbəsi, bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında ilk pillələrdən birini tutması, xalqımızın Ermənistanı, dünya erməniliyini, onların havadarlarını, bütövlükdə Azərbaycana qənim kəsilənləri diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur edən Liderinin ətrafında sıx birləşməsi həmin dairələrin və onların lakeyləri olan antimilli ünsürlərin yuxusunu ərşə çəkir. Ancaq bu məsələlər üzərindən siyasi dividendlər qazanmağa cəhd edənlər, xarici kəşfiyyat orqanlarının tapşırığı ilə sosial şəbəkələrdə informasiya terroru törədənlər, özləri üçün piar kampaniyası aparanlar unudurlar ki, onların bütün bu cəhdləri əbəsdir. Antimilli ünsürlərin bu yalanları, əsassız iddiaları və ictimai rəylə uğursuz manipulyasiya cəhdləri nəticəsiz qalacaq və sabun köpüyü kimi dağılıb gedəcək. Satqınlardan, şərəf və mənəviyyatdan xəbərsizlərdən, özgə qapılarında tula payı ilə yallananlardan, mənfur düşmənin xəyanət torunda çabalayanlardan, milli qürur və mənlik hissini çoxdan itirənlərdən ibarət bu “şər səltənəti” də tezliklə dağılacaq.