KÖŞƏ

Zahid Rza

“Çalxalandıqca, bulandıqca zaman nehrə kimi”…

22 sentyabr 2021 00:38
1734

Xalqımız torpaqlarımızı düşmənə satanları da, onu Azərbaycana qaytaranları da çox yaxşı tanıyır

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan yenidən müstəqilliyini bərpa etdi.  Çox təəssüf ki, həmin vaxt respublikaya rəhbərlik edən idrakı sönük başçıların xəyanəti üzündən Azərbaycanın başı üstünü qara buludlar aldı.1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız lidercikləri Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı.

 Həmin dövrdə alınmaz qala olan Şuşanın düşmənə təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç ruhu da incimədi. Şuşa xəyanətkarlığın qurbanı oldu. Bu xəyanətin nəticəsində 289 kvadrat kilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonunu Ermənistan silahlı qüvvələri işğal etdilər.

 Cəmiyyətimiz yaxşı bilir ki, Şuşa və Laçın, eləcə də digər ərazilərimiz AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyinin qurbanı olub. Ölkə başçısı bu barədə deyib: “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq”.

Dağıdıcı, inkarçı, pozucu, xəyanətkar müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların tör-töküntüləri bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələri heç də unudulmayıb. Bu gün sosial şəbəkələrdəki bədnam çıxışları ilə cəmiyyətdə yanlış ictimai rəy formalaşdırmağa çalışan bu antimmilli ünsürlər, birillik hakimiyyətləri dövründə Vətən torpaqlarını hərrəca çıxaran xəyanətkarlar birdəfəlik bilməlidirlər ki, dövlətçilik tariximizin qara səhifələrindən birini təşkil edən 1992-1993- cü illərin məşəqqətləri, saxta “demokratların” xəyanəti ucbatından Qarabağın tacı olan Şuşanın erməni işğalına məruz qalması tarixin yaddaşından heç vaxt silinməyəcək. Gələcək nəsillər onları ancaq lənətləyəcək. Prezidentimizin dediyi kimi, xalqımız torpaqlarımızı düşmənə satanları da, onu Azərbaycana qaytaranları da yaxşı tanıyır. Böyük mütəffəkkir şairimiz M.Ə. Sabir demişkən, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!”…