Zahid Rza |
Xalqımızın bir yumruq kimi böyük amallar və müqəddəs qayələr uğrunda birləşməsi tarixi qələbəmizin qazanılmasında böyük rol oynadı
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazandı. 28 illik erməni işğalına son qoyuldu, Qarabağ Azərbaycana qaytarıldı. Tarixi ədalət bərpa olundu, respublikamızın ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandan İlham Əliyevin hərtərəfli düşünülmüş daxili və xarici siyasəti, hərbi-siyasi strategiyası, ordumuzun şücaəti və yüksək peşəkarlığı, xalqımızın milli həmrəyliyi və birliyi sayəsində silahlı qüvvələri darmadağın olan işğalçı ölkə diz çökdü və kapitulyasiya aktına imza atdı.
Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bütün dünyaya gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu, belə də olamlı idi. Çünki ölkəmizin başçısı daim vurğulayırdı ki, Azərbaycan xalqı heç zaman bu işğalla barışmayacaq və öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Mənfur düşmən üzərində tam qələbə qazanana qədər mücadilə edəcək: “Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
Təəssüf ki, başda AXCP sədri Əli Kərimli, “Milli Şura” adlı amorf qurumun rəhbəri Cəmil Həsənli və onların tör-töküntüləri olmaqla məlum antimilli qüvvələr, siyasi mühacir adı ilə ayrı-ayrı xarici ölkələrdə məskunlaşaraq anti-Azərbaycan dairələrin maşası rolunu oynayan satqın, xəyanətkar və cinayətkar zümrədən ibarət “beşinci kolon” nümayəndələri sosial şəbəkələrdə ictimai rəy ilə manipulyasiya edərək təxribat və dezinformasiya xarakterli məlumatlar yaymağa cəhd edir, qələbəmizin əhəmiyyətini azaltmaq, üzərinə kölgə salmaq üçün öz ləyaqətsiz əməllərini hələ də davam etdirirlər. Təbii ki, dağıdıcı müxalifət düşərgəsində cəmləşən “sapı özümüzdən olan baltalar”ın bu səylərinin xidmət etdikləri anti-Azərbaycan dairələrin siyasi sifarişlərinə söykənməsi, onların dəyirmanına su tökməsi, xalqımıza və dövlətimizə, ən əsası isə tarixi Qələbəmizə qarşı “qara piar” kampaniyası aparması cəmiyyətimizdə ikrah və nifrəti hissə ilə qarşılanır. Şübhəsiz, bu antimilli ünsürlərin bütün cəhdləri iflasa uğraycaq. Çünki bu gün II Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizin sonsuz qürurunu və sevincini yaşayan xalqımız öz güclü, qətiyyətli, vətənpərvər lideri ətrafında daha sıx, monolit şəkildə, dəmir yumruq kimi birləşərək düşmənlərimizin köləsi, buyruq qulu olan bu üzdəniraq ünsürləri birmənalı olaraq rədd edir. Hər bir vətəndaşımız yaxşı anlayır ki, Qarabağın düşmən işğalından azad edilməsində, tarixə qızıl hərflərlə yazılacaq möhtəşəm qələbəmizin qazanılmasında milli birliyimiz və həmrəyliyimiz, böyük amallar və müqəddəs qayə uğrunda birləşməyimiz böyük rol oynadı.
2020-ci il noyabrın 8-də, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olarkən dövlətimizin başçısı bildirdi ki, bu gün ölkə daxilindəki həmrəyliyimiz, milli birliyimiz mənfur düşməni və onun havadarlarını xar etdi. Bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirə bilmədi. Halbuki belə planlar və cəhdlər var idi: “Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın... Siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.