Zahid Rza |
44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra bir sıra xarici ölkələrdə Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı başladılan növbəti qarayaxma kampaniyası tündləşməkdədir. Məlum olduğu kimi, erməni lobbisinin, onların təsiri altında olan riyakar siyasətçilərin, dövlətimizin uğurlarından qıcıqlanan anti-Azərbaycan mərkəzlərin və islamofob dairələrin ölkəmizə qarşı apardıqları qərəzli informasiya müharibəsi son illər daha da intensivləşib. Bu qüvvələr Azərbaycanın nail olduğu uğurlar zamanı yalan və qərəzli məlumatlar yayaraq beynəlxalq ictimai rəyi ölkəmizə qarşı yönəltməyə çalışıblar. Buna görə də həmin dairələr “sapı özümüzdən olan baltalar”ın vasitəsilə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını gündən-günə genişləndidirlər . Bu, onunla əlaqədardır ki, Azərbaycanın həyata keçirdiyi geosiyasi, iqtisadi layihələrə görə ölkəmizin gücü son illər çoxlarının təsəvvür etmədiyi dərəcədə artıb. Bu inkişaf da təbii ki, ölkəmizə xoş münasibət bəsləməyən bir çox beynəlxalq qurumları narahat etməyə başlayıb. Dünyada baş verən proseslər bir daha göstərdi ki, inkişaf edən, buna meyilli olan, ümumiyyətlə, düzgün iqtisadi siyasət yürüdən ölkələr birbaşa hədəf seçilirlər. Həmin ölkələrin iqtisadi gücünün sarsıdılması üçün məqsədli şəkildə müəyyən siyasət aparılır. Azərbaycanda da sosial, siyasi və iqtisadi sahələrdə dinamik şəkildə inkişaf müşahidə olunmaqdadır. Bu da təbii ki, müəyyən qüvvələri narahat edir. Bu mənada Azərbaycana qarşı aparılan çirkli oyunlar bir neçə istiqamətlərdə davam etdirilir.
Son günlərdə ölkəmizə qarşı aparılan oyunlarda həm erməni lobbisi, eyni zamanda, məkrli anti-Azərbaycan qüvvələr kifayət qədər fəallıq nümayiş etdirirlər. Biz dəfələrlə bu proseslərin şahidi olmuşuq. Çox təəssüflər olsun ki, bir neçə səbatsız azərbaycanlılar həmin qüvvələrin təsir dairəsinə düşür və kifayət qədər maliyyə vəsaitləri alırlar. Bütün bu faktlar isə sübut edir ki, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan, Teymurxan müxalifətin radikal qanadında təmsil olunan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və digər antimilli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur. Ə.Kərimlinin və C.Həsənlinin vaxtilə yüksək mövqe tutduqları AXC-Müsavat hakimiyyəti 1992-1993- cü illərdə Azərbaycanı siyasi-ictimai və iqtisadi böhran girdabına salmışdı. Məhz onların xəyanətkarlığı üzündən Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ölkəmizin başçısı bu barədə belə demişdir: “AXC-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri də qaçıb gizləndilər”.
Öz şəxsi mənafeləri naminə, xarici qrant və inalər hesabına dövlətin və xalqın maraqlarını tapdalayanlar, cinayət törədən bu fərarilər, erməni dəyirmanına su tökənlər, öz xalqına, dövlətinə, ordusuna qarşı yalan və iftira atanlar, düşmənlə birləşərək Azərbaycana qarşı qara piar kamapaniyası apararaq xalqın nifrətini qazanan antimilli ünsürlər gec-tez ilahi ədalət qarşısında cavab verəcəklər.