Elçin Zaman |
Bu, Azərbaycanın haqlı şərtlərini qəbul etməkdən və kapitulyasiya sənədinə sadiqlikdən asılıdır
İkinci Qarabağ savaşında ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar seçkilərdə yenidən qalib oldu. Əslində, Ermənistandakı növbədənkənar parlament seçkilərinin və mövcud siyasi xaosun əsas yaradıcısı rəşadətli Azərbaycan Ordusudur. 25-30 ildir ki, mifləşdirilən Ermənistan ordusu cəmi 44 günə darmadağın edilməklə baş nazir Nikol Paşinyan kapitulyasiya sənədinə imza atdı.
Ötən illər ərzində BMT qətnamələrini və beynəlxalq hüququ tanımayan Ermənistan artıq Cənubi Qafqazda ən iflas duruma gətirilmiş bir yarımvassal ölkədir. Müharibədən sonra əhalisi daha da səfil duruma düşən Ermənistan çıxış yolunu qonşuları ilə yeni münasibətlər qurmaqda görməyə başlayıb. Məhz seçkilərdə Nikol Paşinyanın ikinci dəfə səslərin çoxunu qazanması bir daha göstərir ki, erməni xalqı artıq müharibə istəmir.
İndi ermənilər qonşu ölkələrlə 30 ildir ki bağlanmış kommunikasiya xətlərini bərpa etmək, tənəzzüldən iqtisadi inkşafa doğru irəliləmək arzusundadır. Çoxluq bunun yalnız Azərbaycanla birgə işləmək və əlaqələri bərpa etməklə mümkün olduğunu anlayır.
Xalq həm Koçaryan, həm də Sarkisyan rejiminin üfunətindən qurtarmaq üçün müharibənin əleyhinə səs verib. Ermənilər yeni dəyişikliklər və daha yaxşı bir həyat arzusundadırlar. Nəzərə alsaq ki, 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin itkisinin 10-15 min arası olduğu iddia edilir. Həm müharibə zamanı, həm də müharibədən sonra ermənilər hərbi komissarlıqların qarşısında mitinq keçirir və tələb edirdilər ki, çağırışçılar Qarabağa göndərilməsin, əksinə, onlar dərhal Ermənistana geri qaytarılsın.
Ermənilər anlayırdılar ki, Koçaryan seçilsəydi revanşa cəhd edə bilərdi. Lakin ötən ilki müharibə göstərdi ki, belə situasiyalardan erməni ordusunun qalib çıxması imkanı sıfıra bərabərdir. Deməli, belə insidentlərdən sadəcə olaraq qaçmaq və Bakını daha az qıcıqlandıran siyasətçini seçmək lazımdır” ki, bu da təslim olmaq sənədinə imza atan Paşinyan oldu.
Qeyd edək ki, seçkilərə az qalmış Azərbaycan Ermənistana kifayət qədər aydın mesajlar verdi. Belə ki, Azərbaycan hakimiyyəti erməni əsirlərinin bir qismini məhkəmədə mühakimə etdi, bir hissəsini isə Ağdamın mina xəritələrinin əvəzində Ermənistana təhvil verdi. Bu, Paşinyanla dialoqun mümkün olduğuna dair ciddi siqnal idi.
Kreml Ermənistandakı indiki nəticələri qəbul etməyə məcburdur. Çünki Koçaryanın Paşinyana qarşı hiddət dalğası qaldırmaq şansı yoxdur. Ona görə də Moskva Paşinyanın qələbəsini tanımamaqla Rusiyaya loyal erməni cəmiyyəti qarşısında imicini korlamaq istəmir. Digər tərəfdən, Rusiyanın Ermənistandakı maraqlarını nə Koçaryan, nə Paşinyan təhdid edə bilməz. Çünki Ermənistan sözün həqiqi mənasında Rusiyanın forpostudur.
Siyasi ekspertlərin fikrincə Moskva ilə münasibətlərdə Paşinyan özünü maksimal loyal aparacaq. Paşinyan üçün başlıca çağırış Azərbaycanla danışıqlar olacaq. Seçkilər ərəfəsində o, bütün gücü ilə inandırmağa çalışırdı ki, Zəngəzur dəhlizi Ermənistan əraziləri hesabına suveren dəhlizin yaradılmasını nəzərdə tutmur. Sadəcə olaraq Naxçıvana nəqliyyat kommunikasiyalarının açılması deməkdir. Hansı ki, kommunikasiyaların açılması Ermənistan üçün də yeni iqtisadi imkanlar deməkdir.
Ermənistanın rusiyalı siyasi şərhçilərin qoxutduqları kimi, Qərbə meyl etməsi isə hələlik baş verməyəcək. Çünki Paşinyan öz səhvləri və sınaq metodları ilə anladı ki, daha Moskvanı əsəbləşdirmək lazım deyil. Ancaq Qərbyönümlü siyasətindən də imtina etmək istəməyəcək. Bu, ona qrantlar və yardımlar almaq, həm də özünü hər iki tərəfin adamı kimi göstərmək istəyindən gəlir.
Bir sözlə, bu gün Ermənistanın iflas və xaosdan qurtuluşu üçün yeni şərait yaranıb. Bu isə Azərbaycanın haqlı şərtlərini qəbul etməkdən və kapitulyasiya sənədinə sadiqlikdən asılıdır.