KÖŞƏ

Zahid Rza

Şuşa Bəyannaməsi Əli Kərimlinin və Arif Hacılının içini niyə göynədir?

16 iyun 2021 22:38
1815

İyun ayının 15-də Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın tacı, dünya mədəniyyətinin incisi olan, qəhrəman Azərbaycan ordusunun rəşadəti ilə 30 illik işğaldan azad edilmiş Şuşada, sözün əsl mənasında, tarix yazdılar. Həmin gün liderlər Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərinə və ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” fəlsəfəsinə əsaslanan tarixi Şuşa Bəyannaməsini imzaladılar. Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.  Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu.

Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yaydılar. Həmin siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildirirlər. Həmçinin bu siyasi partiyalar iqtisadi əlaqələrə böyük töhfə verəcək, Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri, həmçinin Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüslərini alqışlayırlar. O da bildirilir ki, Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir.

İstər 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər ilə, istərsə də Şuşa Bəyannaməsi ilə bağlı siyasi mövqeyindən asılı olmayaraq, bütün siyasi partiyaların eyni mövqedən çıxışı bir daha təsdiq etdi ki, ölkəmizdə vahid milli ideologiya mövcuddur. Vətənini, xalqını, dövlətini və dövlətçiliyini sevən, ona qəlbən bağlı olan siyasətçilərimizin hamısı birləşdirici məfhum olan bu ideologiya ətrafında birləşiblər. Milli birliyimizə, Azərbaycanın tərəqqisinə qənim kəsilən, anti-Azərbaycan şəbəkənin qulbeçələri olan AXCP və Müsavatdan başqa, onların “lidercikləri” xəyanətkar, əqidəsiz Əli Kərimlidən və Arif Hacılıdan, onların tör-töküntülərindən savayı. İddia və imkanları bir araya sığmayan, xəyanətkar dağıdıcı müxalifət düşərgəsi respublikamızda fəaliyyət göstərən siyasi partiyaların Şuşa Bəyannaməsi ilə əlaqədar yaydıqları bəyanata imza atmaqdan imtina etmələri onların müstəqil Azərbaycanın düşmənləri ilə eyni cəbhədə yer aldığını bir daha nümayiş etdirir. Bütün bunlar bir daha göstərir ki, anti-Azərbaycan dairələrin buyruq qulu olan AXCP sədri Ə.Kərimli və Müsavat Partiyasının başqanı A.Hacılı ölkəmizin milli mənafelərini öz şəxsi maraqları naminə hər an qurban verməyə hazırdırlar.  Cəmiyyətimiz yaxşı bilir ki, Azərbaycan torpaqlarının işğal olunması, bir milyondan artıq insanın özünün doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb 90-cı illərin əvvəllərində hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə yeritdikləri xəyanətkar, yarıtmaz siyasət olmuşdur. Şuşanın işğalı o dövrdə hakimiyyət uğrunda gedən mübarizə nəticəsində baş vermişdir.  Bu işğaldan sonra demək olar ki, növbəti işğallar da qaçılmaz oldu. 

Göründüyü kimi, antiazərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin, əli kərimlilərin, arif hacılıların iç üzü budur. Hələ bu harasıdır? Sular durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə gün işığı düşəcək.  O zaman ictimaiyyət hər şeydən əli üzülən bu dağıdıcı düşərgənin başbilənlərinin çıxardığı oyunlardan daha yaxından xəbərdar olacaq.