KÖŞƏ

Elçin Zaman

Şuşa Bəyannaməsi Ermənistanda revanşist qüvvələrin avantürist iddialarını darmadağın etdi

16 iyun 2021 23:17
1886

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi münasibətlərin yeni dönəminin başlanmasından xəbər verir. Şuşa görüşünün ən başlıca önəmi isə imzalanan Şuşa Bəyannaməsi oldu. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə  bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürür. İkincisi isə  Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Həmçinin Şuşada Türkiyə konsulluğunun açılması da önəmli hadisə olacaqdır.

Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır.

Bəyannamənin 15 iyun - Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması isə təsadüfi deyildir. 28 il öncə 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 28 ildən sonra isə - 2021-ci ilin 15 iyununda Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşada yeni sənəd imzaladı. Bu, ilk növbədə ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin bariz nümunəsidir. Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki qələbələrinin təməli qoyuldu. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq!

Prezident İlham Əliyev tarixi Şuşa Bəyannaməsinin imzalanması zamanı çıxış edərək bildirib: «Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.»

Prezident İlham Əliyev xüsusi vurğulayır ki, imzalanmış Bəyannamədə  tarixi Qars müqaviləsinə istinad edilir: «Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.»

Əvvəldə qeyd etdiyimiz kimi, Bəyannamədə digər önəmli məsələ Zəngəzur dəhlizinin açılmasının xüsusi qeyd edilməsidir. Təbii ki, Zəngəzur dəhlizinin açılması Vətən müharibəsindəki 44 günlük Zəfərimizin yaratdığı geosiyasi şəraitdir. Prezident İlham Əliyev bu Bəyannamənin tarixi əhəmiyyətini və dünya üçün böyük maraq kəsb edəcəyini xüsusi vurğulayıb: «Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.»

Tarixi Şuşa Bəyannaməsindən sonra Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşadan Ermənistana bir əməkdaşlıq təklifi də irəli sürüb. O deyib ki, Cənubi Qafqazı müharibə bölgəsindən çıxartmaq və bölgəyə iqtisadi, sosial inkişaf gətirmək üçün Ermənistan ən yaxın qonşuları ilə normal münasibət yaratmalı, sülhə meyilli addımlar atmalıdır. Bundan isə Ermənistan ancaq qazana bilər.

Bəli, 44 günlük Vətən müharibəsi başlayan andan qurtarana qədər dost, qardaş dövlət olan Türkiyə Cümhuriyyəti mənəvi cəhətdən  Azərbaycanın yanında olmuş, beynəlxalq arenalarda haqq işimizi bizimlə birgə müdafiə etmiş, sözün əsl mənasında qardaşlıq nümunəsi göstərmişdir. Vətən müharibəsi bitdikdən sonra da biz qardaşlarımızın hərtərəfli dəstəyini hiss etmişik. Cənab Prezident İlham Əliyevin dəvəti ilə cənab Rəcəb Tayyip Ərdoğanın Şuşa səfərini Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələyə qədəm qoyması kimi də şərh edə bilərik.

Təbii ki, cənab Ərdoğanın Şuşa səfəri və Şuşa Bəyannaməsini imzalaması bölgəyə yeni siyasi ab- hava gətirəcəkdir. Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi, Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu səfərlə həmin qüvvələrə açıq-aydın mesaj verilir - strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar. İkincisi, Ermənistan öz qonşuları ilə normal münasibətləri bərpa etməlidir. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bölgədə tam yeni reallıqlar yaratdı. Əgər Ermənistan bu reallıqları qəbul edər və qonşuları ilə normal münasibətlər qurarsa, o zaman bu bölgə üçün xeyirli olar. Şuşadan region dövlətlərinə, o cümlədən, dünyaya çox açıq və aydın mesaj verildi - regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.

Bir sözlə, Şuşa Bəyannaməsi Ermənistanda revanşist qüvvələrin bütün avanturist iddialarını darmadağın etdi. Onlar bununla ikinci hərbi-siyasi məğlubiyyətlərini almış oldular. Heç təsadüfi deyildir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasının efirində bildirib ki, artıq Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur və olmayıb.

O, işğal olunmuş ərazilərin daimi olaraq saxlanıla biləcəyinə dair illuziyaları absurd hesab etdiyini qeyd edib: «İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur».

Petrosyan Robert Koçaryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı verdiyi vədləri təhlükəli hesab etdiyini bildirib: «Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə ilə mümkündür. Yəni Robert Koçaryan yeni bir müharibə vəd edir. Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi».