Zahid Rza |
Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələri ilə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan əlaqələrinin dərin tarixi kökləri var. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən, yüz illərin sınağından çıxan bu qardaşlıq bağları çox qədim və zəngin ənənə üzərində qurulub.
Türkiyə və Azərbaycan əsrlər boyu qırılmaz tellərlə bağlı olan iki dövlət, tək millətdir. Böyük qürur hissi ilə deyə bilərik ki, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri iki ölkə arasındakı münasibətlərin dünənini, bu gününü və gələcəyini özündə dəqiq ehtiva edən ən mükəmməl formul kimi tarixə öz möhürünü vurub.
2020-ci il sentyabrın 27-də başalayn 44 günlük Vətən müharibəsində Azərbaycan qardaş Türkiyənin dostluq mövqeyini bir daha gördü, güclü dəstəyini hiss etdi. Ötən ilin iyul ayında təcavüzkar ölkənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki təxribatları Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla 83 milyonluq türk xalqı tərəfindən böyük etirazla qarşılandı və nifrətlə qınandı. Qardaş Türkiyə bu təxribatların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu, Xocalı soyqırımından, Dağlıq Qarabağın işğalından başlayan Ermənistanın cinayətkar hərəkətlərinin davamı kimi qiymətləndirdi. Bundan başqa Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya – AK Parti, CHP, MHP və İYİ Parti ortaq bəyanatla çıxış edərək təcavüzkar ölkəni ən sərt şəkildə qınayaraq, işğalçı Ermənistana odla oynadığını xatırlatdılar.
O günlərdə Türkiyə liderinin birmənalı, açıq və kəskin açıqlamaları, “Azərbaycana qarşı hər hansı təcavüz, Türkiyəyə qarşı təcavüzdür” bəyanatı Azərbaycan dövləti tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılandı.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl nümunəsini nümayiş etdirib. Prezidentimizin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər 83 milyonluq Türkiyənin qəlbini iftixar və qürur hissi ilə doldurdu. O zaman qardaş ölkənin rəsmiləri, bütün türk xalqı Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycana, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Çünki, dövlətimizin başçısının söylədiyi o sözlər bütün Azərbaycanın mövqeyi idi.
İki qardaş ölkə arasında gözəl bir ənənə də formalaşıb. Yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər. Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir.
Bugünədək iki ölkə arasında 250-dən çox sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP, Cənub Qaz Dəhlizi layihələri təkcə iki ölkə üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir. Bu layihələr təkcə Azərbaycan və Türkiyənin deyil, Mərkəzi Asiyanın, Uzaq Şərqin, eləcə də Avropanın gələcəyinə yönələn layihələrdir.
Məlum olduğu kimi, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan Belçika səfərindən sonra iyunun 15-16-da Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Prezident R.T.Ərdoğan bu barədə belə deyib: “Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik. Şuşada böyük miqyaslı müqavilə imazalanacaq. Bu müqavlə Türkiyə ilə Azərbaycan arasında ən böyük sazişlərdən biri olacaq”.
Türkiyənin lideri R.T.Ərdoğanın Azərbaycana, Qarabağın tacı, 30 illik işğaldan azad edilmiş Şuşaya səfəri tarixi hadisədir. Bu bir daha təsdiq edir ki, Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir. Həmçinin bu səfər təcavüzkar Ermənistana və onun havadarlarına güclü mesajdır. İşğalçı ölkə və onun ipini əllərində saxlayan güclər, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr bir daha anlamalıdırlar ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Bir sözlə, Şuşa indi tarixi günlərini yaşayır...