KÖŞƏ

Zahid Rza

Vətənə, xalqa xəyanət edənləri tarix heç zaman bağışlamır

09 iyun 2021 22:59
1541

Azərbaycanın “dəmir yumruğu” ilə rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan nəinki 44 günlük müharibənin gedişində, hətta münaqişə bitəndən sonra da beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmaqda davam edir. Çünki təcavüzkar ölkə tərəfindən Azərbaycana minalanmış ərazilərin xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə ziddir. İyunun 4-də Kəlbəcərdə ikisi jurnalist olmaqla üç mülki Azərbaycan vətəndaşının həlak olması, 4 nəfərin yaralanması ilə nəticələnən mina faciəsi Ermənistanın müharibədən sonra da hərbi cinayətləri davam etdirdiyini göstərdi. İkinci Qarabağ müharibəsinin başa çatmasından 8 aya yaxın vaxt keçsə də, Ermənistan tərəfi minaladığı ərazilərin xəritələrini təhvil verməkdən imtina edir, bununla mülki insanların faciəvi şəkildə ölümünə zəmin yaradır.

Əvvəlki yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan hökumətinin Kəlbəcərdəki qanlı hadisəyə çevik münasibəti nəticəsində bir sıra beynəlxalq təşkilatlar məsələyə münasibət bildiriblər. Ancaq bu dəhşətli faciə ilə əlaqədar beynəlxalq reaksiyaların kifayət qədər obyektiv və tam olmaması ictimaiyyətimizin haqlı narazılığına və məyusluğuna səbəb olub. İki standartlardan, erməni təəssübkeşliyindən əl çəkə bilməyən həmin təşkilatların susqunluğunun , yarımçıqlıq mərəzinin səbəbi hamımıza yaxşı bəllidir. Ən acınacaqlısı isə odur ki, özünü azərbaycanlı adlandıran, “siyasi mühacir” adı ilə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşmış Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Qənimət Zahid, Sevinc Osmanqızı, Qabil Məmmədov kimi antimilli ünsürlər sosial şəbəkələr, “youtube” vasitəsilə bütün bu məsələlərdə Ermənistanın cinayətkar əməllərini ifşa etmək əvəzinə  həyasızcasına Azərbaycan hökumətini ittiham edirlər. Təbii ki, onların ölkənin ictimai rəyinə, bütövlükdə siyasi proseslərə hər hansı təsir etmək imkanları yoxdur. Lakin bu xəyanətkar dəstənin ölkəmizdə ictimai rəyi çaşdırmaq, eləcə də beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy yaratmaq istiqamətindəki fəaliyyətləri vətəndaşlarımızda ikrah hissi yaradır. Necə deyərlər, “milçək bir şey deyil, ancaq ürək bulandırır”

Şübhəsiz, dünya erməniliyi ilə təkzibedilməz işbirliyində olan bu xəyanətkarların iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Əslində bu xəyanətkarların ermənilərlə birgə fəaliyyət göstərdiklərini ictimaiyyətimiz çoxdan bilir. Məhz buna görə də cəmiyyətimiz bu satqınlara və onların daxildəki “əqidədaşlarına”, “Azərbaycana nə qədər pisdirsə, bizim üçün bir o qədər yaxşıdır” şüarı ilə silahlanmış antimilli ünsürlərə qarşı çox prinsipial və barışmaz mövqe nümayiş etdirir, onlara layiq olduqları yeri göstərir. Ölkə başçısının dediyi kimi, erməni lobbisinin və anti-Azərbaycan dairələrin çirkli pulları ilə bəslənən bu antimilli ünsürlərin yeri məhz tarixin zibilxanasıdır: “O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

O da bəllidir ki, dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Qənimət Zahid, Sevinc Osmanqızı, Qabil Məmmədov, Emin Hüseynov və onlarla işbirliyində olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Müsavat Partiyasının başqanı Arif Hacılı kimilərin ermənipərəst dairələrdən aldıqları qrantlarla  sosial şəbəkələrdə gecə-gündüz ölkəmizin əleyhinə apardıqları qarayaxma kampaniyası gec-tez fiaskoya uğrayacaqdır. Çünki son vaxtlar Azərbaycan dövlətinə və millətinə qarşı kampaniya aparan, erməni lobbisinin vasitəsinə çevrilən dağıdıcı düşərgənin məhz onların planı əsasında fəaliyyət göstərməsi, dövlətimizin milli maraqlarına daim zərbə vurmağa çalışması cəmiyyətimizin ən sərt etirazı ilə qarşılanır. Artıq hamımıza məlumdur ki, xəyanətkar antimilli müxalifətin “taktikası” təkcə iqtidara qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə Azərbaycanın müstəqilliyinə, varlığına, haqlı mücadiləsinə qarşı yönəlib. Dövlətə, millətə xəyanət edənləri isə xalq və tarix heç zaman bağışlamır.

Zahid Rza, “İki sahil”