KÖŞƏ

Elçin Zaman

Erməni lobbisinin əlaltıları

02 iyun 2021 22:27
2108

Avropada məskunlaşmış qondarma bloggerlər niyə Azərbaycanın Qarabağ Zəfərindən məyus olublar?

Cəmiyyətimiz anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə  və xalqına qarşı mübarizə aparan xarici ölkələrdə lövbər salmış bloggerlərin heç bir reallığa uyğun gəlməyən böhtanlarından tamamilə iyrənir. Hətta tam açıq demək olar ki, artıq buna əhəmiyyət də verilmir. Lakin bir atalar sözündə deyildiyi kimi, milçək bir şey olmasa da ürək bulandırır. Ona görə də bəzi məqamlarda onlara rəzil kimliklərini, hansı ləyaqətsiz işlərlə məşğul olduqlarını göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar.

Burada haqlı olaraq sual yaranır ki, bu böhtan və təhqirləri səsləndirənlər kimlərdir və onların arxasında duran anti-Azərbaycan qüvvələrin məqsədi nədir? Sualın məntiqi cavabı isə belədir: məsələn, Azər Kazımzadə adlı şəxs Azərbaycan dövlətçiliyinə və milli birliyimizə həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən Əlikram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Abbaszadələrin dəyirmanına su tökənlərdən biridir. (Qeyd edək ki, Fəxrəddin Abbaszadə ötən illərdə xarici ölkədə həbs edilərək  Azərbaycana ekstradisiya edilmsiş  və xəyanətkar əməllərinə görə layiqli cəzasını almışdır.) Məhz Azər Kazımzadə və onun kimi satqınlar  xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu səpməyə çalışanlarla birlikdə erməni lobbisinin himayəsinə sığınaraq antimilli fəaliyyətlərini davam etdirirlər.

Bəli, xalqımız yaxşı anlayır ki, onların bu xəyanətkar əməlləri milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam itirmələri deməkdir. Xüsusilə Hollandiyada məskunlaşmış Orduxan Temirxan kimi xəyanəkarlar  Xocalı soyqırımının törədilməsində Ermənistandan çox Azərbaycanı «günahkar» çıxarırlar.

Sözün tam anlamıyla görünən odur ki, işğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda «mübarizə apardıqlarını»   iddia edən qrant dəllallarına Azərbaycan cəmiyyəti də sərt münasibət sərgiləyir. Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin, Tural Sadıqlının, Azər Kazımzadənin, Qənimət Zahidin, Süleyman Süleymanlının çıxışlarına münasibət bildirən vətəndaşlarımız onların bu əxlaqsız və ləyaqətsiz çıxışlarına kəskin əks reaksiya verirlər. Şərh bölmələrində bu bloggerlər vətən xaini, satqın, erməni köləsi kimi qiymətləndirilirlər.

Bu bir müqəddəs gerçəklikdir ki, əgər biz bu gün 44 günlük müharibədəki şanlı qələbəmizin sevincini yaşayırıqsa, xaricdəki həmin anti-Azərbaycan qüvvələri isə bunun sanki əzabını çəkirlər. Onlar üçün güclü Azərbaycan yox, məğlub edilmiş, zəif, işğalçı Ermənistan qarşısında aciz qala biləcək Azərbaycan daha sərfəli görünür.

Təbii ki, belə şərəfsiz və xəyanət yolu tutanlar heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməyəcəklər.  Onların etdikləri isə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir.
Buna görə də əminəm ki, xarici ölkələrdə gizlənərək xalqımıza, dövlətimizə, ölkə başçımıza və onun ailəsinə, ictimaiyyətin rəğbətini qazanmış məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıranlar qanun qarşısında cavab verəcəklər.

Ən böyük rəzalət isə odur ki, erməni lobbisinin qulbeçələri olan xarici bloggerləri müdafiə edənlərin önündə AXCP sədri Əli Kərimli, Müsavat partiyasının başqanı Arif Hacılı, İsa Qəmbər, qondarma «Milli Şura»nın sədri Cəmil Həsənli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev gəlirlər. Halbuki, onlar Azərbaycan xalqının aşağılandığı bir məqamda xalqın və dövlətin yanında olmalı, Avropadakı ermənipərəst mühacirlərə qarşı sərt təpkilər göstərməlidirlər. Bununla onlar vicdan və şərəf borcunu yerinə yetirməklə bərabər, həm də konstruktiv müxalifətin mövcudluğunu göstərməli idilər.

Əslində, bu, dolayısı ilə saxta «erməni soyqırımı» iddiasına haqq qazandıran, Azərbaycan torpaqlarına riyakarcasına iddia edən, hətta onun 20 faizini 30 il müddətində işğalda saxlayan Ermənistana ideoloji dəstək verən əlikramların və orduxanların sırasının antimilli müxalifətçilərin hesabına genişlənməsi deməkdir.

Burada bir məqama da diqqət yetirmək lazımdır ki, əsrlərboyu Şərq dünyasında, o cümlədən Azərbaycan ailə namusu və şərəfi canla və qanla qorunub və bu gün də qorunur. Ona görə ta qədimdən kişi kişi ilə mübarizə aparanda, hətta  düşmənçilik edəndə belə ailə mövzusu qapalı olub. Hətta Azərbaycan kişiləri ən çətin vaxtlarında, ən çıxılmaz məqamlarda ailələrinin təhlükəsizliyini düşmənlərinə etibar edirmişlər. Çünki düşmən olsa da kişilik və ləyaqət hissləri qadın, uşaq və bir sözlə, ailə məsələlərində ən uca, ən müqəddəs meyar hesab edilirdi.

Ancaq bu gün xaricdəki əxlaqsız bloggerlər ölkəmizin ən tanınmış insanlarının ailələrinə dil uzadırlar. Onlar anlamırlar ki, başqasının ailə şərəfini heçə sayanların öz ailələrini istənilən vaxt alçalda bilərlər.

Elçin Zaman, «İki sahil»