Zahid Rza |
II Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizin sonsuz qürurunu və sevincini yaşayan xalqımız bu günlərdə Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalını böyük çoşqu ilə qarşıladı. Keşməkeşlərlə dolu tarixinin ən şərəfli və qürurverici anlarını yaşayan xalqımız bu gün milli birlik və həmrəylik nümayiş etdirərək 44 günlük Vətən müharibəsindən sonra siyasət, informasiya və diplomatiya meydanında yenilməz iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirərək 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatın müddəlarının icrasını müxtəlif bəhanələrlə yubatmaq yolunu tutan düşmənə və onun havadarlarına qarşı əzmkarlıqla mübarizə aparan dövlətimizin başçısının ətrafında daha sıx yumruq kimi birləşib.
Vətən müharibəsindəki Qələbəmiz, həmçinin bir neçə gün öncə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı dostlarımızı nə qədər sevindirirsə, düşmənlərimizi də o qədər məyus edir. Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı əsassız iddialar səsləndirmələri də düşmənlərimizin məlum narahatlığından irəli gəlir. Ermənistanın bu günlərdə məlum sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyası və bu məsələni məkrli şəkildə beynəlmiləlləşdirmək cəhdi deyilənlərin əyani təsdiqidir.
Bütün bunları- istər 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizi, istər bu günlərdə Qarabağın tacı Şuşadakı “Xarıbülübül” musiqi festivalının keçirilməsini, Qarabağa Böyük Qayıdış çərçivəsində həyata keçirdiyimiz bərpa-quruculuq işlərinin miqyasının gündən-günə genişləndirilməsini, bu sahədə ölkəmizin əldə etdiyi nailiyyətləri, qazandığı uğurları uzun illər anti-Azərbaycan dairələrlə işbirliyində olan AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, siyasi mühacir adı altında xarici ölkələrdə məskunlaşan antimilli ünsürlərin- Tural Sadıqlının, Qənimət Zahidin, Sevinc Osmanqızının, psixi problemləri kəllə çarxa vuran Fəhmin Hacıyevin və digərlərinin həzm edə bilməməsi heç də təsdüfi deyil. Çünki antimilli cəbhədə yer alan bu qulbeçələr öz çirkin əməlləri, anti-Azərbaycan fəaliyyətləri ilə istənilən an ölkəmizə, xalqımıza xəyanət etməyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Xalqımız son 30 ildə onların öz mənafeləri, şəxsi ambisiyaları naminə tərəddüd etmədən milli maraqlarımıza xəyanət etdiklərinin şahidi olub. Bu satqın zümrənin bu günlərdə Şuşada baş tutan “Xarıbülbül” musiqi festivalına- milli birliyimizin, həmrəyliyimizin rəmzinə, Qarabağımızın, Şuşamızın azadlığının simvoluna, şəhidlərimizin əziz xatirəsinə həsr olunan misilsiz bir tədbirə qarşı qarayaxmalarının, son günlər Ermənistan-Azərbaycan sərhədindəki gərginliklərlə bağlı sosial şəbəkələrdə ictimai rəyin çaşdırılmasına yönəlik çıxışlarının erməni lobbisinin və bədxahlarımızın mövqeləri ilə üst-üstə düşməsi isə xəyanətkarlığın pik nöqtəsi, necə deyərlər, sözün bitdiyi yerdir.
Başda Ə.Kərimli, C. Həsənli olmaqla məlum antimilli düşərgənin təmsilçilərinin son zamanlar sosial şəbəkələrdəki çıxışları və ritorikaları açıq şəkildə göstərir ki, bu xəyanətkarlar erməni lobbisinin təsiri altında olan xarici təşkilatlardan Azərbaycanın əleyhinə yönəlik yeni tezislər, təlimat, tapşırıq və ianələr alıblar. Uzun illər cəmiyyətə özlərini demokrat və vətənpərvər kimi sırımağa çalışan, quzu cildinə girmiş bu köhnə qurdlar bu gün ən müxtəlif çirkin üsullarla Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bütün bunlar bir daha deməyə əsas verir ki, cəmiyyətimizin birmənalı şəkildə rədd etdiyi bu başpozuq dəstənin şəxsi mənafe, hakimiyyət, vəzifə naminə ermənilərlə, eləcə də Azərbaycanın xaricdəki ən qatı əleyhdarları ilə gizli işbirliyinə gedərək ölkəmizin, xalqımızın əleyhinə yönəlik ən təhlükəli layihələrin icracısı rolunu oynamağa hazırdırlar. Ancaq bu kölə xislətli, satqın xəyanətkar ünsürlər, ruh düşkünlüyü, depressiya, ümidsizlik içində çabalayan, mənəvi-əxlaqi deqredasiyaya uğrayan bu şəxslər bilməlidirlər ki, ölkəmizin əleyhinə yönəlik öz çirkin niyyətlərini heç vaxt həyata keçirə bilməyəcəklər. Çünki bu gün öz güclü, qətiyyətli, vətənpərvər lideri ətrafında daha sıx, monolit şəkildə, dəmir yumruq kimi birləşən xalqımız buna heç zaman imkan verməyəcək.