Zahid Rza |
Bu möhtəşəm festival antimilli ünsürlərin kürkünə birə salıb
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, orada aparılan abadlıq-quruculuq işləri ilə tanış olur, yeni layihələrin təməlatma və açılış mərasimlərində iştirak edirlər. Ölkə başçısı həmin səfərlərdən birində növbəti tarixi hadisənin anonsunu verdi, Şuşaya öz tarixi kimliyini qaytararaq bu gözəl şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və qısa müddət ərzində Şuşada “Xarıbülbül” musiqi festivalının keçiriləcəyini bildirdi.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bugünlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı və şəxsən Fondun prezidenti Mehriban Əliyevanın böyük səyi və zəhməti nəticəsində möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirildi. Festivalın birinci günü Azərbaycanda yaşayan bütün xalqlar onlara məxsus musiqi və qədim folklor nümunələrini təqdim etdilər. 44 günlük Vətən müharibəsi dövründə, o çətin və ağır vaxtlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq kimi birləşdilər və Vətən uğrunda savaşda iştirak etdilər. Bu “dəmir yumruq” nəticəsində erməni işğalına son qoyuldu. Bu bayram tədbirində də bütün xalqlar yenə Azərbaycan xalqı ilə bir yerdə olduqlarını sübut etdilər. Bütün dünya Azərbaycanın tolerant və multikultural dəyərlərə malik bir dövlət olduğuna şahidlik etdi.
Xalqımız mədəniyyətimizin incisi, Qarabağın tacı sayılan Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının sevinclə, fəxrlə qarşıladığı bu günlərdə 1992-ci ildə Azərbaycanda hakimiyyəti silahlı çevriliş yolu zəbt edərək ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat hakimiyyətinin tör-töküntüləri erməni lobbisi ilə işbirliyinə girərək ölkəmizin əleyhinə apardıqları total qarayaxma kampaniyasının miqyasını daha da genişləndirdilər. Hamımız yaxşı bilirik, satqın, səriştəsiz, xəyanətkar və idarəetmə qabiliyyəti olmayan cəbhəçi “bəylərin” hakimiyyət çəkişməsi, kreslo davası torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələndi. Qarabağın alınmaz qalası Şuşa işğal olundu. AXC-Müsavat hakimiyyəti öz satqınçılıqları ilə yalnız Şuşaya deyil, bütövlükdə Azərbaycan xalqına, Qarabağ uğrunda canını fəda edən qəhraman övladlarımıza, azadlığa, milli müstəqillik ideyalarına, vətəndaşlarımızın saf duyğularına vətənpərvərlik hisslərinə xəyanət ediblər. Bu satılmış früyegerlər təmiz insanların, Qarabağ uğrunda canını fəda etməyə hazır olan igid övladlarımızın, Vətən sevgisini, milli hisslərini istismar edərək gözqamaşdıran var-dövlət sahibi oldular, milyonlar qazandılar.
AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların ətrafındakı nadürüst xainlər bu gün həyasızcasına birillik hakimiyyətləri dövründəki əməllərini danmağa çalışsalar da heç nəyə nail ola bilmirlər. Çünki Azərbaycan xalqı bu adamların dabbaqda gönünə bələddir. İş orasındadır ki, bu antimilli ünsürlərin xəyanətləri bütün bunlarla bitmir. Açığını desək, cəmiyyətimiz bu dağıdıcı, pozucu, xəyanətkar zümrənin Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra milli maraqlarımıza xidmət edən mövqeyinə, çıxışına və bəyanatına rast gəlməyib. Əksinə, onlar öz çirkin məqsədlərini həyata keçirmək üçün erməni lobbisi ilə işbirliyinə girərək şəxsi maraqları və ambisiyaları naminə milli maraq və mənafelərimizə qarşı zidd əməllərini bu gün də davam etdirirlər. Antimilli ünsürlər tarixi Zəfərimizə kölgə salmaq, milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq xəyanətkar fəaliyyətlərinin miqyasını gündən-günə genişləndirirlər. Satqın, şərəf və ləyaqətini itirən məlum antimilli qüvvələr bu gün hətta Rusiya Federasiyası Dövlət Dumasının ermənipərəst və anti-Azərbaycan fikirləri ilə tanınan deputatı Vitali Milonov və erməni lobbisi ilə, eləcə də Ermənistan mətbuatında ölkəmizin əleyhinə yazılanlarla həmrəy olduqlarını nümayiş etdirməkdən, Hərbi Qənimətlər Parkı ilə bağlı düşmənlərimizin söylədiklərinə qahmar çıxmaqdan belə çəkinmirlər. Hətta sosial şəbəkələrdə, xaricdən maliyyələşən internet TV-lərdə antimilli monoloqları ilə cəmiyyəti çaşdırmağa çalışan, mayası xəyanətkarlıqla yoğrulan AXCP sədri Əli Kərimli və onun marionetkası olan “Milli Şura”nın sədri Cəmil Həsənli və onların tör-töküntüləri erməni dəyirmanına su tökərək hətta bu günlərdə Şuşada baş tutan “Xarıbülbül” musiqi festivalına qarayaxmaqdan belə çəkinmirlər.
İctimaiyyətimiz yaxşı bilir ki, AXCP sədri Ə.Kərimlinin və onun əqidədaşlarının məğlubiyyətinin əsas səbəblərindən biri məhz pozculuq və inkarçılığıdır. Bir siyasi partiya sədrliyindən bloger səviyyəsinə yenən, bütün mənəvi-intellektual ehtiyatları tükəndiyindən cəmiyyətin autsayderinə çevrilən Ə.Kərimlini indi ictimaiyyətimiz çox haqlı olaraq virtual müxalifətin “başbiləni” kimi tanıyır. Demokratik dəyərlərdən və ideyalardan çox-çox uzaq olan, öz fəaliyyətində “siyasi mühacir” adı ilə Qərbin bəzi ölkələrində məskunlaşaraq müxtəlif xarici dairələrin və erməni lobbisinin təsiri altında olan təşkilatların sifarişləri və maliyyəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan satqınlar və onların mənəvi “lideri” Ə.Kərimli bir daha bilməlidirlər ki, onların bu antimilli əməllərinin heç bir nəticəsi olmayacaq. Azərbaycan xalqı isə öz liderinin ətrafında sıx birləşərək Qarabağı yenidən dirçəldəcək, hər il Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Çünki Qarabağ Azərbaycandır!-Şuşa Azərbaycandır!