KÖŞƏ

Zahid Rza

Ədalətin bumu, dünya?!

27 aprel 2021 23:49
1704

Azərbaycan “vaksin millətçiliyi”nə qarşı mübarizəsini bundan sonra da davam etdirəcək

XXI əsrin gözəgörünməz bəlasının- COVID-19-un bəşəriyyəti sınağa çəkdiyi, dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyduğu ilk günlərdən Azərbaycan hökuməti  bu dəhşətli xəstəlik ilə mübarizə istiqamətində qətiyyətli və zəruri addımlar atıb. İnsanların sağlamlığının qorunması,  virusa yoluxan vətəndaşların tam sağalması üçün səhiyyə sistemimiz demək olar ki, səfərbər olundu, koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə ölkədə geniş sosial-iqtisadi paket təqdim edildi.  

Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən etibarən respublikamızda xüsusi karantin rejimi elan edildi, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası sərnişindaşıma dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Respublikamızda yeni, müasir laboratoriyalar yaradılıb, koronavirus testlərinin sayı dəfələrlə artırılıb. “Azərbaycan Respublikasında  COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya Strategiyası” təsdiq  edilib. Ölkəmizdə 2021 ci lin yanvar ayından başlayan vaksinasiya prosesi uğurla davam edir . Bu günədək 1.4 milyon vaksin istifadə olunub ki, bu da əhalimizin 14 faizini təşkil edir. Azərbaycan bu sahədə atdığı uğurlu addımlarla vəziyyəti nəzarətdə saxlamağı bacaran azsaylı ölkələr sırasındadır. Ölkəmizin mövcud bəladan son dərəcə az itkilərlə çıxması, yeni yoluxmaların sayının azalması, bu xəstəlikdən müalicə alan xəstələrin qısa müddətdə sağalması istiqamətində görülən işlər bu gün də uğurla davam etdirilir. Bütün bunlara görə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib, koronavirusla mübarizədə nümunəvi ölkələr sırasına daxil edilib.

 Təbii ki, hazırda COVID-19-un yaratdığı qlobal böhran qarşısında beynəlxalq əməkdaşlıq və həmrəylik daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələr sırasında yer alıb. Respublikamız koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.  Respublikamız peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb və qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

 2021-ci il aprel ayının 6-da dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirmişdi ki, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatdakı çıxışında bir daha bildirib ki,  Azərbaycan hökuməti koronavirusla mübarizəni bu gün də uğurla davam etdirir. Lakin milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir: “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”.

Hazırda vaksin ədalətsizliyi demək olar ki, dünyanın bəzi beynəlxalq təşkilatlarını da narahat edir. Bu baxımdan “Amnesty International”-in cari ilin aprelin 7-də yayılmış illik məruzəsi diqqətçəkicidir: “Koronavirus pandemiyası göstərdi ki, dünyada beynəlxalq siyasi sistemin natamamlığının nəticəsi olan sistem bərabərsizliyi və zülm mövcuddur”. Təşkilatın baş katibi Agnes Kallamar da deyib ki, COVID-19 pandemiyası ölkələr arasındakı bərabərsizlikləri kəskin şəkildə ortaya qoydu və artırdı, liderlərin insan dəyərlərinə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirdi. Baş katibin fikrincə, hazırda  dünya xaosdadır və bəzi siyasətçilər artıq sosial, iqtisadi və siyasi sistemlərin parçalandığını inkar edə bilməzlər.

 Belə məqamda məşhur bir mahnının sözlərini xatırlamamaq olmur: “Ədalətin bumu, dünya?!”...